
Azərbaycan Respublikasının Braziliyadakı səfirliyinin Modern.az-a verdiyi məlumata görə, 2015 ilin 14-18 mart tarixlərində Azərbaycan Milli Məclisinin üzvləri - Asim Mollazadə, Muxtar Babayev və Aslan Cəfərov Braziliyada rəsmi səfərdə olub.
16 mart tarixində Azərbaycan parlamentinin nümayəndə heyəti Braziliyanın Elm, Texnologiya və İnnovasiyalar naziri Aldo Rebelo ilə görüşdüb. Nazir Aldo Rebelo Azərbaycanın Braziliya ilə dostluq münasibətlərinə malik olmasını bildirərək əməkdaşlığa hazır olduqlarını söyləyib və Azərbaycanın regionda aparıcı rolunu vurğulayaraq elm, texnologiya və innovasiyalar sahələrində əməkdaşlıq potensialının olduğunu bildirib.
Sonra nümayəndə heyətinin Braziliya xarici işlər nazirinin müavini Karlos Paranyosla görüşü baş tutub. Görüşdə iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahədə əlaqələrin cari vəziyyəti və perspektivləri müzakirə edilib.
17 mart tarixində Azərbaycan nümayəndə heyəti Braziliya Parlamentinin Deputatlar Palatasında bir sıra görüşlər keçirib. Öncə, deputatlar Braziliya Deputatlar Palatasının plenar iclasında olublar. İclas zamanı Deputatlar Palatasının prezidenti Eduardo Kunyo bu səfərin ikitərəfli parlamentlərarası əlaqələrə töhfə verəcəyini ifadə edib. Sonra çıxış edən Braziliya Deputatlar Palatasında Azərbaycan-Braziliya dostluq qrupunun prezidenti Klaudio Kajado Azərbaycan parlament nümayəndə heyətinin ilk səfərinin əhəmiyyətinə toxunub və Azərbaycanın Braziliya üçün vacib tərəfdaş olduğunu vurğulayıb.
Azərbaycan nümayəndə heyəti Braziliya Deputatlar Palatasının birinci vitse-prezidenti Valdir Maranyao tərəfindən qəbul edilib. Görüşdə Azərbaycan və Braziliya parlamentləri arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri və imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Braziliya Deputatlar Palatasında Braziliya-Azərbaycan dostluq qrupunun prezidenti Klaudio Kajado ilə keçirilmiş görüşdə Azərbaycan və Braziliya arasında parlamentlərarası əlaqələrin inkişafı, bu xüsusda dostluq qrupları arasında təmasların gücləndirilməsi, habelə iki ölkə arasında siyasi, iqtisadi, ticarət, humanitar, mədəniyyət, təhsil sahələrində əməkdaşlığın gücləndirilməsində parlamentlərin rolu müzakirə olunub.
Sonra Braziliya Deputatlar Palatasının xarici əlaqələr komitəsinin prezidenti Jo Moraes Azərbaycan nümayəndə heyəti ilə görüşüb. Söhbət zamanı deputatlarımız iki ölkə arasında əməkdaşlığın prioritet istiqamətləri, habelə ölkəmizin xarici siyasəti, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü barədə məlumat veriblər. Öz növbəsində, Jo Moraes Azərbaycanın Braziliya üçün dost ölkə olduğunu vurğulayaraq ölkəmizlə qarşılıqlı faydalı əməkdaşlıq qurulmasında maraqlı olduqlarını və Azərbaycanın regionda aparıcı rolunu vurğulayıb.
Braziliya prezidentinin xarici məsələlər üzrə müşaviri Marko Aurelio Qarsiya ilə keçirilmiş görüş zamanı Azərbaycan-Braziliya əlaqələri, ölkələrimiz arasında əməkdaşlıq perspektivləri, regional vəziyyət müzakirə olunub.
Azərbaycan nümayəndə heyəti ilə Braziliyanın inkişaf, sənaye və xarici ticarət nazirinin müavini İvan Ramalyo arasında görüş keçirilib. Görüş zamanı millət vəkilləri Azərbaycanın sürətli iqtisadi inkişafı və əldə edilən nailiyyətlər barədə məlumat veriblər. Deputatlar, həmçinin, Azərbaycan ilə Braziliya arasında ticarət sahəsində əlaqələrin genişləndirilməsinin zəruriliyinə toxunaraq iki ölkə arasında energetika, kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlıq üçün potensialın olduğunu söyləyib və İ.Ramalyonu ölkəmizə səfərə dəvət ediblər. Görüş zamanı tərəflər arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi məqsədi ilə bir sıra konkret təşəbbüslər müzakirə edilib.
Son olaraq, nümayəndə heyətimiz Braziliya senatının xarici əlaqələr komitəsinin prezidenti Aloiza Nunyeslə görüşüb. Görüşdə parlamentlərarası əlaqələrin genişləndirilməsi, həmçinin beynəlxalq və regional məsələlər də diqqət mərkəzində olub.
Keçirilən bütün görüşlərdə Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov da iştirak edib.


Modern.az