Modern.az

Balaca rolların böyük ifaçısı - Hüseynağa Sadıqovu tamaşaçıya sevdirən SİRR

Balaca rolların böyük ifaçısı - Hüseynağa Sadıqovu tamaşaçıya sevdirən SİRR

Təhsil

21 Mart 2015, 15:04


Bənzərsiz səsi və xarakterik sifət cizgiləri onu yaddaşlara həkk edib. Ekranlardan eşidilən duzlu-məzəli söhbətləri, maraqlı komik xüsusiyyəti tipik obrazların məharətli ifaçısı Hüseynağa Sadıqovu yaşlı və orta nəsil yəqin ki, yaxşı xatırlayrılar.
Hüseynağa Sadıqov uşaqların sevimli səhnə personajları ayı, tülkü, xoruz rolundan tutmuş, el qəhrəmanlarına qədər ən mürəkkəb obrazların ifasında uğurlar qazana bilib.

Modern.az-ın məlumatına görə, əslən Cənubi Azərbaycandan olan Hüseynağa Ələsgər oğlu Sadıqov 21 mart 1914-cü ildə Bakıda doğulub. Gənc Tamaşaçılar Teatrı yaranandan bir il sonra, 1930-cu ildə müsabiqə ilə kollektivin aktyor truppasına sınaq müddətinə qəbul olunub. 1931-ci il iyunun 1-də teatr truppasına aktyor götürülüb. İlk vaxtlardan ona məsul rollar tapşırılıb.

Gənc Tamaşaçılar Teatrında 50 ildən çox aktyorluq etmiş sənətkar bir-birindən maraqlı rollar oynayıb."Komsomol poeması" tamaşasında oynadığı Mirpaşa roluna görə 1967-ci ildə Respublika Lenin komsomolu mükafatına layiq görülüb.

Teatr sənətinin inkişafında, xüsusən gənc tamaşaçıların, məktəb şagirdlərinin, yeniyetmələrin estetik zövqlərinin münbit zəminə düşməsində göstərdiyi səhnə xidmətlərinə görə 1 iyul 1956-cı ildə Azərbaycan Respublikasının əməkdar artisti, 9 fevral 1979-cu ildə xalq artisti fəxri adları ilə təltiflənib.

O, filmlərdə bir çox yaddaqalan obrazlar yaradıb. “Ad günü” bədii filmində Əlinin atası, “Alma almaya bənzər”də Nadir kişi, “Babamızın babasının babası”nda baba, Sehrli xalat”da vəzir rolları unudulmaz ifalardandır.

Böyük maarifçi və uşaq ədəbiyyatının banilərindən olan Abdulla Şaiq  obrazlarının çoxunu məhz bu aktyor üçün yazırdı. Onlar həm də yaxın dost olublar. Aktyorun daxilindəki saflıq, qorunub saxlanılan uşaqlıq onu əvvəlcə Abdulla Şaiqə, sonra Azərbaycana sevdirdi.
Hüseynağa Sadıqov cəmi bir filmlə bütün SSRİ-yə qoca Şərq koloritini, müdriklik və hiyləgər Şərq insanını tanıtdırdıb və özünü orijinal bir oyunçu kimi göstərib.
O, 1966-cı ildə Moskvada Maksim Qorki adına kinostudiyada lentə alınan “Ələddinin sehirli çırağı” filmində əsas rollardan olan baş vəziri canlandırıb. Film “Min bir gecə” Şərq nağıllarının motivləri əsasında hazırlanıb.
Sevastopolda çəkilən filmin rejissoru Boris Rıtsarevdir. Onun Hüseynağa Sadıqovu filmə dəvət etməsi isə sırf peşəkarlığın və bir az da şansın nəticəsində baş verir. O zaman Sadıqov Moskvada bəzi filmlərin səsləndirilməsində iştirak edir. Çünki həm “Mosfilm”,  həm də digər kinostudiyalarda səsləndirməyə qarşı tələblər artmışdı. Səsin obraza görə uyğunluğuna çox önəm verilirdi. Odur ki, rejissorlar bir obraz üçün ittifaq tərkibində olan başqa respublikalardan aktyorlar dəvət edirdilər. Azərbaycanda  daha çox teatr aktyoru kimi tanınan, filmlərdə isə epizodik rollarla diqqət çəkən Hüseynağa Sadıqov da rus rejissorlarını ilk olaraq səs tembrinə görə özünə cəlb edir. Oradakı fəaliyyəti zamanı aktyor xeyli sənətçilərlə dostluq münasibəti qurur. Onların arasında Yuri Nikulin, Vasili Merkurev və Sergey Filippov kimi aktyorlar da var idi.
“Ələddinin sehirli çırağı”na dəvət olunması da məhz bununla bağlı idi. 
Qızı Tamillə Sadıqovanın o zaman 10 yaşı vardı. Ailənin tək övladı olduğuna görə atası onu özü ilə çəkilişlərə aparırdı. Filmin Sevastopoldakı çəkilişlərində də iştirak edən Tamillə xanımın maraqlı xatirələri var.  O, filmin yubileyi münasibətilə bunları danışıb:



“Yayda çəkilişlər Sevastopolda aparılırdı və biz ailəvi orada yaşayırdıq. Sevastopolda Bağdad şəhərinin çox gözəl dekorasiyaları qurulmuşdu. Mən çəkiliş prosesinin şahidi olan yeganə uşaq idim. Çox maraqlı idi və bütün aktyorlar məni çox istəyirdilər. Təəssüratlar isə çoxdur. Rejissor Boris Rıtsarevin daim atamla məsləhətləşməsi mənə çox xoş idi. Filmdə çoxlu gürcü və rus aktyorlar vardı, lakin Şərq üzrə mütəxəssis təbii ki, Şərq mədəniyyətinin incəliklərini yaxşı bilən atam oldu. Məsələn, Boris səhnəni necə qurmaq, şahzadə qız Budur və Ələddinin, sultan və vəzirlərin, digərlərinin özlərini necə aparması barədə atamdan soruşurdu. Nəinki o, hətta Sultanın məsləhətçisi rolunu oynayan məşhur aktyor Georgi Millyar atamla məsləhətləşirdi. Bu filmdən sonra onlar dostlaşmışdılar. Adətən, çəkilişlərə qədər məşqlər gedirdi, lakin atam da digər aktyorlar kimi çəkiliş zamanı improvizasiya edirdi. Bu, hətta yaradıcılıq yarışına çevrilmişdi. Heç kim bir-birinə güzəştə getmək istəmirdi. Boris Rıtsarev hətta onları buna həvəsləndirirdi”.

Bu film Sadıqova SSRİ miqyasında şöhrət qazandırır. Amma o, peşəkar teatr aktyoru kimi çox təklifləri qəbul etmirdi. Başqa səbəb də televiziyaya bağlanması idi. O zamanlar ekran qarşısına oturan uşaqlar onu gözləyirdilər. Hamı “Xoruz baba”ya heyran idi. Odur ki, aktyor Rusiya və başqa yerlərdən gələn təklifləri qəbul etmirdi. Yalandan aksentlə danışığını əsas gətirirdi.

H.Sadıqov ömrünün son illərində isə tamamilə uşaq ədəbiyyatı, filmoqrafiya, ümumən uşaq dünyasına bağlanıb. Aktyor yoldaşlarından biri danışırdı ki, tetarda ona bir tamaşada meymun rolunu tapşıranda Sadıqovun yanına gedir. Sadıqov hətta meymun roluna da ciddi yanaşır və onunla proffesional məşq keçir. Heyvanxanaya gedib meymunları izləməyi tapşırır. Səbəb kimi uşaq dünyasının daha təbii və daha dəqiq olmasını söyləyir.

Hüseynağa Sadıqov uzun müddətdir rəhmətə gedib - 23 fevral 1983-cü il tarixində. Deyilənlərə görə, sağ olanda tamaşaçıların və peşəkar sənət adamlarının ona göndərdikləri məktublar birdən-birə qeybə çəkilir, heç adi zəng belə, olunmur. Amma aktyorun “Ələddinin sehirli çırağı”nda səsləndirdiyi “Mübarək, sən nə üçün bardağa girmisən?”,  “Günəşin işıq üzünü örtən uca yaradan!”, “Demək lazımdır ki, Budur Bağdadda olmayıb və bütün bunları yuxuda görüb...”  kimi cümlələri bu gün də zərbi məsəl kimi işlənir. Bu isə o deməkdir ki, bu gün də aktyor yaşayır və hamı ilə danışır. Elə hamı da onunla danışır. Evlərinə məktub getməsə belə...

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı