Modern.az

İxtisas seçimi ilə bağlı vədlərə inanmayın!

İxtisas seçimi ilə bağlı vədlərə inanmayın!

Təhsil

Bu gün, 12:16

Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə ixtisas seçimi mərhələsində olan abituriyentlərə tövsiyələr verib.

Modern.az xəbər verir ki, o, abituriyentlərin ixtisas seçimi ilə bağlı ödənişli xidmətlərdən istifadə etməyə tələsməməli, ilk növbədə DİM-in təqdim etdiyi ödənişsiz məsləhət imkanlarından yararlanmalı olduqlarını bildirib.

M.Abbaszadənin sözlərinə görə, DİM-in Abituriyent Məsləhət Mərkəzlərində və səyyar xidmətlərində abituriyentlərə ödənişsiz dəstək göstərilir. Xidmətin ödənişsiz olması isə yalnız ümumi məlumatların təqdim edilməsi demək deyil. Məsləhətlər hər bir abituriyentin nəticəsi, mövcud seçim imkanları və DİM-in rəsmi məlumat bazasındakı göstəricilər əsasında verilir.

"Həmin mərkəzlərdə ixtisas seçimi prosesini və qəbul mexanizmlərini yaxşı bilən, müvafiq məlumatlarla işləyən mütəxəssislər fəaliyyət göstərirlər. Buna görə də abituriyentlər əvvəlcə rəsmi məsləhət xidmətindən yararlanmalı, yalnız bundan sonra əlavə dəstəyə ehtiyaclarının olub-olmadığını müəyyənləşdirməlidirlər".

M.Abbaszadə ixtisas seçiminə başlamazdan əvvəl abituriyentlərin özlərinə bir neçə əsas sual vermələrinin vacibliyini də vurğulayıb. Onun sözlərinə görə, abituriyent ilk növbədə nə istədiyini, topladığı nəticənin hansı seçimlərə imkan verdiyini, cari ilin statistik göstəricilərinin hansı ehtimalları ortaya qoyduğunu, seçiminin məsuliyyətini nə dərəcədə üzərinə götürməyə hazır olduğunu və əsas seçimi baş tutmadığı halda hansı alternativinin olduğunu müəyyənləşdirməlidir.

DİM sədri bildirib ki, ixtisas seçimi ilə bağlı məsləhət verən şəxs də bu sualların cavabını abituriyentlə birlikdə axtarmalıdır. Çünki ixtisas seçimi yalnız “hara qəbul ola bilərəm?” sualından ibarət deyil. Bu prosesdə abituriyentin istəyi, nəticəsi, real imkanları və alternativləri birlikdə nəzərə alınmalıdır.

M.Abbaszadə abituriyentlərə müəyyən ixtisasa qəbul olunacaqları ilə bağlı verilən zəmanətlərə inanmamağı da tövsiyə edib.

“Heç kim sizə müəyyən ixtisasa qəbul olunacağınıza zəmanət verə bilməz. Kimsə "keçid balları ilə bağlı məndə xüsusi məlumat var", "nəticəni əvvəlcədən bilirəm" və ya buna bənzər vədlər verirsə, buna inanmayın”, - DİM sədri vurğulayıb.

O qeyd edib ki, qəbul prosesi ilə bağlı mövcud rəsmi məlumatlar açıq və hamı üçün əlçatandır. Heç kimin digərlərinin çıxışı olmayan “gizli keçid balı” və ya qəbul nəticəsini əvvəlcədən müəyyənləşdirməyə imkan verən məlumatı yoxdur.

M.Abbaszadənin sözlərinə görə, Abituriyent Məsləhət Mərkəzlərinə təkcə ilk gün ərzində 5 mindən çox müraciətin daxil olması bu xidmətə olan tələbatı göstərir.

DİM sədri abituriyentləri ixtisas seçimi zamanı tələskənliyə yol verməməyə də çağırıb:

“İxtisas seçimi həyatınızın vacib qərarlarından biridir. Bu qərarı qorxu, tələskənlik və ya zəmanət vədləri ilə deyil, rəsmi məlumat, düzgün təhlil və öz istəyinizi nəzərə alaraq verin. Əvvəlcə etibarlı və rəsmi mənbədən yararlanın. Ehtiyac qalarsa, bundan sonra digər seçimləri dəyərləndirə bilərsiniz”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna Moskvanı BOMBALADI - Şəhərdə hər yeri alov bürüdü