
Modern.az Mərkəzi Seçki Komissiyasına istinadla xəbər verir ki, İTV-nin bu günkü efirində 33 saylı Xətai birinci, 105 saylı Tovuz, 47 saylı Mingəçevir, 102 saylı Samux-Şəmkir, 106 saylı Tovuz-Qazax-Ağstafa, 57 saylı Kürdəmir seçki dairələrindən deputatlığa nümizəd olanlar çıxış edəcək.
İTV-nin efirini ilk olaraq ulu sərkərdəmizin adını daşıyan 33 saylı Xətai birinci seçki dairəsi “fəth” edəcək. Düzdür bu namizədlərin “Çaldıran döyüşü” hələ qabaqda olsa da, bu günkü efir onların “döyüş qabağı” mesajları üçün yaxşı fürsətdir.
Bu dairədən olan seçicilər hüquq məsləhətçisi olan Roman Allahverdiyevi, Müdafiə Nazirliyində işləyən Məhəmməd Bayramovu, “İnsan Naminə” blokundan işsiz Xanəşrəf Əliyevi, AXCP sədrinin müavini Fuad Qəhrəmanlını, bu rayonun keçmiş icra başçısı Zəlimxan Məmmədlini, AMİP-çi Adnan Novruzovu və “Qarabağ” blokundan tanınmış vəkil Namizəd Səfərovu dinləməli olacaqlar. Onlarla yanaşı, YAP-ın vahid namizədi, yazıçı və hazirki deputat Hüseynbala Mirələmov oturacaq.
Daha sonra efirə 105 saylı Tovuz seçki dairəsinin nümayəndələri qoşulacaq. Tovuzun bu seçki dairəsi İTV-də 4 namizədlə təmsil olunur. Onların içində ən məhşuru hazırkı deputat Qənirə Paşayevadır. Daha sonra YAP-ın vahid namizədi, Artezian quyularının istismarı idarəsinin rəisi Nəsrəddin Aslanov, internat məktəbinin müəllimi Nəsibə Zeynalova və işsiz Cavid Cəfərov seçicilər üçün nə edə biləcəklərini açıqlayacaqlar.
47 saylı Mingəçevir seçki dairəsinin namizədləri də İTV-nin 4 dəqiqəlik debatının qonaqları olacaqlar. Səməd Vurğunun fəxrlə poema yazdığı Mingəçeviri builki seçkilərdə 5 namizəd təmsil edir. Mingəçevirlilər bu şəhərdəki Politexnik İnsitutunun kafedra müdiri Ülkər Aşurovaya, Tibb Unversitetinin baş müəllimi, DADP-çı Aidə Bəndəliyevaya, “RİYAD” Mühafizə Xidmətinin əməkdaşı Elçin Əhmədova, “AXCP-Müsavat”-ın işsiz namizədi Nəriman Yəhyayevə və ən nəhayət onları Milli Məclisdə artıq 2 dəfə təmsil etmiş deputat Aydın Mirzəzadəyə qulaq asmalı olacaqlar.
102 saylı Samux-Şəmkir seçki dairəsindən bu gün efiri 5 namizəd bölüşdürəcək. Bunlardan biri Milli Məclisin vitse-spikeri Valeh Ələsgərovdur. Parlamentdə səbirsizliyi və bir qədər də saymazyanalığı ilə diqqətdə olan Valeh müəllim bitərəf kimi platformasını açıqlayacaq. Dairənin maraqlı bir namzədi isə “Korrupsiya və Bəşəriyyət” qəzetinin müxbiri İradə Həsənovadır. Bu qadın AMİP-in namizədidir. Kəndli –fermer təsərüatının rəhbəri Şakir Mirzəyev də namizədlər arasındadır. Samuxda “JEK” müdiri İsrafil Nəsirov və onun fəhləsi Etibar Əkbərov bir yerdə efirdə olacaqlar.
106 Tovuz-Qazax-Ağstafa seçki dairəsinin namizədləri də İTV-də olacaqlar. Bu dairədən 5 namizəd var. Ən tanınmışı Ədalət Partiyasının sədri İlyas İsmayılovdur. Bundan başqa, Puşkin adına orta məktəbin direktoru, YAP-ın vahid namizədi Validə Hüseynova, hüquqşünas Mətləb Abbasov, QHT rəhbəri Ramil Göyüşov və “AXCP-Müsavat”ın təqaüdçü namizədi Sabir Musayev də seçicilərin görüşünə gələcək.
Efirdə son nöqtəni 57 saylı Kürdəmir seçki dairəsi qoyacaq. Bu dairədən olan DADP-çı Nail Bağırzadə, YAP-çı millət vəkili Fərhad Qəribov, Yenikənddən olan müəllim Əliyusif Məlikov, sahibkar Elşən Məmmədov və “AXCP-Müsavat”ın namizədi Baha Mikayılov Kürdəmir camaatına öz vədlərini verəcəklər.
Modern.az