17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa bitərəf namizəd Ülvi Quliyev oktyabrın 30-da seçicilərlə növbəti görüş keçirib. Görüşə “Nizami” metrosunun ətrafında yaşayan yüzlərlə seçici qatılıb. Ülvi Quliyevin vəkili Şahin Quliyev deputatlığa namizəd haqda seçicilərə məlumat verib və hamını seçkidə fəal iştirak etməyə çağırıb: “Seçicilər öz xoş gələcəklərini təmin etmək üçün seçkidə fəal olmalı və doğru seçim etməlidirlər. Mən sizləri öz xoş gələcəyiniz naminə Ülvi Quliyevə səs verməyə çağırıram”.
Seçicilər qarşısında çıxış edən Ülvi Quliyev onunla görüşə gələnlərə təşəkkürünü bildirib: “Çox sağ olun ki, dəyərli vaxtınızı sərf edib mənimlə görüşə gəlmisiniz. Parlament seçkisi ilə bağlı biz komanda şəklində işləyirik, bizim böyük komandamız var. Sizdən öncə də xeyli görüşlər keçirmişik, söhbətlər etmişik, insanların problemlərini, təkliflərini dinləmişik”.
Ülvi Quliyev deyib ki, 5 ildir Milli Məclisin deputatıdır və qanunvericilik sahəsində kifayət qədər təcrübəyə malikdir. Deputatlığa namizəd bildirib ki, ötən 5 ildə daimi seçicilərin yanında olub, minlərlə seçicinin qəbul edib problemlərini dinləyib, deputat səlahiyyətləri çərçivəsində yüzlərlə seçicinin üzləşdiyi problemlərin həllinə nail olub:
“Beş il az müddət deyil. Bu müddətdə daimi proseslərin içində olmuşam. 17 saylı Yasamal üçüncü seçki dairəsində 14 namizəd mübarizə aparır. Kimin qələbə çalacağı, kimin deputat mandatı qazanacağı sizdən asılıdır. Son sözü siz dəyərli seçicilər deyəcəksiniz. Sonda sizin dəstəyiniz ilə 14 namizəddən biri qalib gələcək. İnanıram ki, sizin səsinizlə qalib gələcək namizəd mən olacam. Məndə bu inamı sizlərlə keçirdiyimiz görüşlər, indiyədək verdiyiniz dəstək, görüşlərə belə həvəs və yüksək əhval-ruhiyyə ilə qatılmağınız yaradır ”.
Deputatlığa namizəd qeyd edib ki, 17 saylı Yasamal üçüncü seçki dairəsinin ərazisində kifayət qədər problemlemlər var: “Ötən 5 ildə 17 saylı dairənin deputatının olmaması problemlərin həll olunmasına mənfi təsir edib. 2005-ci ildə seçdiyiniz deputat Milli Məclisə gəlmədi. Ona görə də bu dairənin ərazisində problemlər yığılıb-qalıb. Düzdür, elə məsələlər var ki, onların həlli deputatın səlahiyytində deyil. Lakin deputat problemləri gündəmə gətirir, dövlət orqanları ilə qarşılıqlı əməkdaşlıqla problemlərin həllinə nail ola bilir. Bir sıra problemlər var ki, dövlətin dəstəyi ilə onların həllinə nail olacağıq”. Ülvi Quliyev vurğulayıb ki, hazırda Azərbaycan sürətlə inkişaf edir, dünyanın aparıcı dövlətlərindən birinə və bölgənin lider ölkəsinə çevrilib: “Bütün bunlar cənab prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətinin nəticəsidir. Mən həmişə müstəqil Azərbaycan dövlətçiliyi, cənab prezident İlham Əliyevlə fəxr etmişəm. Baxmayaraq ki, siyasi mənsubiyyət baxımından bitərəfəm, heç bir partiyanın üzvü deyiləm”. Deputatlığa namizəd deyib ki, bəzi opponetləri mübarizəni qanun çərçivəsində, şəffaf və ədalətli aparmırlar: “Onlar plakatlarımızı çırırlar, qəzetlərdə əleyhimizə həqiqətə uyğun olmayan yazılar dərc etdirirlər. Lakin mən onlara bu formada cavab verməyəcəm. Öz komanda üzvülərimə də demişəm ki, belə məsələlər dözümlə yanaşmalıyıq. Ümumiyyətlə, mövqeyindən, siyasi baxışlarından asılı olmayaraq hər bir insana dözümlə yanaşmağın tərəfdarıyam”.
Seçiciləri seçkidə fəal olmağa çağıran deputatlığa namizəd onları ən layiqli, etibar etdikləri namizədə səs verməyə çağırıb: “Demirəm ki, mənə səs verin. İnandığınız, bəyəndiyiniz, etimadınızı doğruldacaq namizədə səs verin. Bir gün Məhəmməd Peyğəmbərdən soruşurlar ki, siz necə belə böyük şəxsiyyət ola bildiniz. Cavab verir ki, oturdum qəlbiminürəyimin qapısında və ora Allahdan başqa heç kimi buraxmadım. Siz də ürəyinizin qapısının ağzında oturun sizə layiq olan namizədi ora buraxın, sizə layiq olanı seçin. Əgər ürəyinizdə olan namizəd mənəmsə, onda noyabrın 7-də seçkiyə gedin və səs verin. Mənə etimad göstərsəniz sizi Milli Məclisdə layiqincə təmsil edəcəm. Əgər ürəyinizdəki namizəd başqasıdırsa, ona da uğurlar arzulayıram. Allah canınızı sağ, işinizi avand etsin”.
Görüşdə çıxış edən professor Cavanşir Qurbanov bildirib ki, ötən 5 ildə onları Milli Məclisdə təmsil edən deputatın olmaması acıınacaqlı hal idi. Professor qeyd edib ki, Ülvi Quliyev deputat olduğu 5 ildə Milli Məclisdə böyük əhəmiyyətə malik qanunların qəbul olunmasında fəal iştirak edib: “Ülvi Quliyev yalnız seçiciləri Milli Məclisdə layiqincə təmsil etməyib, həm də Azərbaycanın beynəlxalq aləmdə layiqincə təmsil olunması üçün böyük işlər görüb. Yasamal rayonunun tanınmış ağsaqqalları, idmançıları Ülvi Quliyevdən bu dəfə 17 saylı Yasamal üçüncü seçki dairəsində namizəd olmasını xahiş edib. O, da sonda buradan namizəd olmağa razılıq verdi. Biz elə etməliyik ki, seçkidə yanılmayaq və 5 il də bunun əziyyətini çəkməyək. Elə namizədə səs verməliyik ki, problemlərimizin həllinə kömək etsin, səsimizi lazımı ünvanlara çatdıra bilsin. İnanıram ki, Ülvi Quliyev bunları etməyə qadir namizəddir. Ona görə də bütün seçiciləri noyabrın 7-də fəal olmağa, Ülvi Quliyevə səs verməyə çağırıram”.
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
