Modern.az

Gözəl insan olub, azad olaq!..

Gözəl insan olub, azad olaq!..

Ölkə

12 İyul 2011, 11:14

“İnsanın hər şeyi gözəl olmalıdır: üzü də, paltarı da, qəlbi də, fikirləri də”.

                                                                                                              A.Çexov
           
Gerçəkdən də gözəl olmayan insan yoxdur. Hər kəs, kimin üçünsə gözəldir. Demək, insan olmağın özü elə gözəllikdir. İnsan Yaradanın ən gözəl əsəridir. Onun üçün hər birimiz buradakı vəzifələrimizdən, missiyalarımızdan asılı olmayaraq bərabərik. Bu dünyaya hamımız ana bətnindən çılpaq gəldik, burdan da üç metr ağla (Onun da nəsibimiz olacağına qarant ola bilmərik – Z.Q.) gedəcəyik. Yəni dünyada yaşamımız bir – birimizdən fərqlənsə də, dünyaya gəlişimiz və dünyadan köç etməyimiz kimliyimizdən asılı olmayaraq eynidir. Yəni Yaradan aramızda heç bir fərq qoymur, kimimizi üstün, kimimizi isə əskik dünyaya gətirib, aparmır. Bizi bir – birimizdən ayıran müvəqqəti dünyada yaşayışımızdır. Hansı ki, bu da müvəqqəti, keçəri bir həyatdır. Bu həyatı pis - yaxşı yaşamağımızın mənə görə heç bir anlamı yoxdur. Onsuz da, sonunda ölüm adlı qurtarıcı hər birimizi zülmətdəyiksə, zülmətdən, gözəllikdəyiksə, gözəllikdən alıb, aparacaq. Bu da qısa insan ömrünün mənası...
Sadəcə, burada bizə düşən qısa ömrümüzü səmərəli yaşamaq, özümüzdən sonra iz qoyub getməmizdir ki, heç olmasa, ardımızca: - “Allah rəhmət eləsin!” – deyənlərimiz olsun. Daha arxamızca lənət yağdırmasınlar. Bunun üçün də birinci növbədə insan olaraq, əxlaqımız yüksək olmalıdır. Özümüzlə yanaşı, digər insanlara da hörmət etməyi, onların dinindən – irqindən asılı olmayaraq aralarında heç bir ayrı – seçkilik etməməliyik. Necə ki, Ana yasamız da bu məsələyə yer verib. Yəni dinindən, irqindən asılı olmayaraq bütün insanlar bərabərhüquqlu şəkildə məmləkətimizdə yaşayıb, yarada bilərlər...
Fəqət, bu gün bəzi dövlət məmurları özləri də bilmədən Ana yasamıza qarşı hörmətsizlik edirlər. Son aylarda əhalinin dini təbəqəsini sıxıntıya salmış, hicablarını başlarından açmaq istəyir, buna da “dünyəvilik” adını vermək istəyirlər. Anlamıram, biz necə azadlıqdayıq ki, insanların istədikləri kimi yaşamalarına mane oluruq?! Nədən axı, geyinənləri soyundurmaq istəyir, amma şəhərdə, televizya ekranlarında, reklam lövhələrində bədənlərinin əzalarını göstərərək, gözümüzün abırını tökənləri geyindirmək haqqında heç düşünmürlər belə... Əgər, gerçəkdən də azad məmləkətdə yaşayırıqsa, insanların baş örtüyünə nədən əl atmalıyıq?!

Azərbaycan mentalitetinə görə papaq kişilərin, örpək isə qadınların qeyrət rəmzi hesab edilir. Bu gün qadınların baş örtüyünə əl atmaqla, kişilərimizin də papaqlarına əl uzadılır, namusları tapdalanır. Zənnimcə, bu məsələyə nəinki, dindarlar, bütün cəmiyyət – ziyalısı, kasıbı, varlısı, məmuru, fəhləsi – hər bir kəs etiraz etməli, namusumuzun tapdanmasına yol verməməliyik. Əgər, azadıqsa, soyunanlara - Geyin! – demiriksə, əl çəkin, geyinənləri də soyundurmayın! Ən azından, bu hal insan haqlarının kobud şəkildə pozulmasıdır.

Özünü Avropaya bənzətməyə çalışan Azərbaycan məmurları gözlərini açıb, ətrafa diqqətlə baxsınlar: Heç bir ölkədə insanların geyiminə əl atmırlar. Kim necə istəyir, geyinir və ya soyunur...

Azadlıq soyunmaqla, 20 faiz torpaqları işğal altında olan, minlərlə şəhid verən bir millətin müğənnilərinin səslərini yox, bədənlərini göstərməkləri ilə ölçülmür.

Əziz həmvətənlərim, gəlin, gözəl insan olaraq, azad olaq. Öncədən, azadlığımızı qutlayır,mübarək deyirəm!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı