Modern.az

Oqtay Əsədov Xorvatiya prezidenti ilə görüşüb

Oqtay Əsədov Xorvatiya prezidenti ilə görüşüb

Təhsil

20 May 2014, 19:56

Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Xorvatiya Respublikasında rəsmi səfərdədir.
Milli Məclisin mətbuat xidmətindən bildiriblər ki. mayın 18-də başlayan səfərdə parlamentin deputatları Çingiz Əsədullayev, Sahibə Qafarova, Qüdrət Həsənquliyev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak edirlər.
Mayın 19-da Milli Məclisin sədri Oqtay Əsədov Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviçlə görüşüb. Prezident İvo Yosipoviç dövlətlərimizin strateji tərəfdaş olduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2013-cü ildə Xorvatiyaya səfəri dövlətlərimiz arasında münasibətlərin daha da dərinləşməsinə təkan verib. Səfər zamanı ölkələrimiz arasında bir sıra sənədlər imzalanıb və Zaqreb Bəyannaməsi qəbul olunub. Xorvatiya Azərbaycan ilə bütün sahələrdə əməkdaşlıqda maraqlıdır. Prezident İvo Yosipoviç ümidvar olduğunu bildirib ki, Milli Məclisin nümayəndə heyətinin bu səfəri parlamentlərarası münasibətlərin daha da inkişaf etməsinə yeni impuls verəcək.
Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycan dövlətin başçısı İlham Əliyevin salamlarını Xorvatiya Prezidentinə çatdırıb. Xorvatiyaya ilk dəfə səfər etdiyini deyən Oqtay Əsədov bu səfərin parlamentlərarası əməkdaşlığın dərinləşməsinə yeni töhfə verəcəyinə inandığını söyləyib. Ölkələrimiz arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu vurğulayan Milli Məclisin sədri iqtisadi əlaqələrin də yaxın zamanlarda yüksələcəyinə əminliyini ifadə edib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açan sədr Xorvatiya Respublikasının da müstəqillik əldə etdikdən sonra oxşar problemlə üzləşdiyini xatırladıb. Qeyd edilib ki, Azərbaycan münaqişənin sülh yolu ilə tənzimlənməsində maraqlıdır. Lakin münaqişənin həlli ilə məşğul olan Minsk qrupunun fəaliyyəti nəticə vermir. Milli Məclisin sədri Dağlıq Qarabağ məsələsində Xorvatiyanın Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə və ölkəmizin ərazi bütövlüyünün Zaqreb Bəyannaməsində əks olunduğuna görə Xorvatiya hökumətinə minnətdarlığını bildirib.
Prezident İvo Yosipoviç Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın problemin sülh yolu ilə həll olunmasında səylərini dəstəklədiyini, hərb yolunun bu cür məsələləri daha da mürəkkəbləşdirdiyini vurğulayıb. Prezident qeyd edib ki, bu yaxınlarda Xorvatiyanın müdafiə naziri Azərbaycanda rəsmi səfərdə olub. Prezident İvo Yosipoviç bu əməkdaşlıqdan razılığını bildirib.
Görüşdə qeyd olunub ki, ölkələrimiz arasında mövcud yüksək səviyyəli münasibətlər gələcəkdə də inkişaf etdiriləcək.
Milli Məclisin sədri Oqtay Əsədov səfər çərçivəsində xorvatiyalı həmkarı Yosip Leko ilə görüşüb. Təkbətək keçirilən görüş daha sonra geniş tərkibdə davam etdirilib.
Görüşdə Azərbaycana səfərini xatırladan Xorvatiya Parlamentinin sədri ölkəmizin yüksək iqtisadi inkişafına heyran qaldığını dilə gətirib, Bakının isə son dərəcə modern bir şəhər olduğunu qeyd edib. Azərbaycan ilə Xorvatiyanın həm coğrafi, həm də tarixi cəhətdən bənzərliyini vurğulayan Yosip Leko regional və beynəlxalq məsələlərdə də mövqelərimizin üst-üstə düşdüyünü bildirib.
Azərbaycan parlamentinin sədri Oqtay Əsədov Yosip Lekonu Xorvatiya Respublikasının Avropa İttifaqına üzv olması münasibəti ilə təbrik edib. Ölkələrimiz arasında yüksək siyasi əlaqələrlə bərabər, iqtisadi münasibətlərin də inkişaf etdirilməsinin vacibliyindən söz açıb. Milli Məclisin sədri vurğulayıb ki, mədəniyyət və turizm sahələrində əlaqələrin genişlənməsi xalqlarımızın daha da yaxınlaşmasına xidmət edəcək. Oqtay Əsədov Xəzər dənizində artıq 28 ildir ki, Xorvatiya istehsalı olan bərələrin istismar edildiyini, bu yaxınlarda isə iki yeni bərənin alındığını bildirib. Bununla Xorvatiya Böyük İpək Yolunun bərpasına öz töhfəsini verir.
Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda hər parlament sədrləri brifinq keçirib, ölkələrimiz arasında əlaqələrin inkişaf perspektivlərindən danışıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı