Modern.az

“Universitetin dekanı diletantdır” - Əkrəm Bağırovdan cavab

“Universitetin dekanı diletantdır” - Əkrəm Bağırovdan cavab

Təhsil

9 İyul 2014, 12:57

Kulis.az saytında Əkrəm Bağırov “Halallıq duyğusu itəndə və ya plagiat – oğurluğun bir növü kimi” məqaləsində Bakı Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Vüsalə Musalının “Azərbaycan təzkirəçilik tarixi” kitabını plagiat olmaqda ittiham edib.

Dünən Modern.az-a danışan Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakültəsinin dekanı Azad Qurbanov bildirib ki, həmin ittiham qərəzli xarakter daşıyır: “Əkrəm Bağırov xəstə təxəyyüllü bir adamdır. O iki dəfə məhkəməyə verilib və ikisində də Vüsalə Musalı qalib gəlib. İddiaçı Əkrəm Bağırov sonradan Apelyasiya Məhkəməsində ona uduzub. Sonuncu məhkəmə prosesi 2013-cü ilin payız aylarında olub. İki dəfə universitetə məktub yazıb, ona cavab verilib.

Əkrəm Bağırovun redaktə işindən xəbəri yoxdur, mövqeyi də şəxsi qərəzlikdən başqa bir şey deyil. Onun dedikləri yüz faiz yalandır. Özü köçürmə ilə məşğul olub və Vüsalə Musalı da onu aşkar edəndən sonra onunla şəxsi qərəzlik edib. Vüsalə xanım Əlyazmalar İnstitutunda işləyib və bu problem də o vaxtdan qalıb. Yəni bu məsələnin universitetə heç bir dəxli yoxdur. Vüsalə xanımın yazdığı kitab da Akademiyanın nəşridir. Vüsalə xanım çox savadlı qadındır. İndi də Türkiyədə tədris edir. Hər halda savadsız adamı Türkiyəyə çağırmazdılar”.

Modern.az-a açıqlama verən filologiya üzrə fəlsəfə doktoru Əkrəm Bağırov Azad Qurbanova cavab verib:

“Mənim Vüsalə Musalı ilə bağlı məlum yazıma Bakı Dövlət Universitetinin kitabxanaçılıq-informasiya fakültəsinin dekanı hörmətli Azad Qurbanov münasibət bildirib. Mənim üçün çox doğma və əziz olan bir təhsil müəssisəsinin dekanının belə bir şəkildə münasibət bildirməsi məndə çox böyük təəssüf hissi doğurdu. Başa düşürəm ki, Azad Qurbanov öz həmkarını müdafiə etməyə çalışa bilər, lakin belə bir şəkildə-ilk cümlədən qarşı tərəfi təhqir etməklə, olmayan faktları yazısında qeyd etməklə, mənim dediklərimin yüz faiz yalan olmasını iddia etməklə yox! Mənin yazım elmi bir yazıdır və orada Vüsalə Musalının kitablarında olan qüsurlardan və plagiat faktlarından danışılır. Mənim bütün müddəalarım məqalə boyu faktlarla öz təsdiqini tapdığı halda Azad Qurbanovun mənim yazımı diqqətlə oxumasına (ümumiyyətlə, oxumasına!) şübhə edirəm. Vüsalə xanım məni nə vaxt məhkəməyə verib və mən nə vaxt hətta Apelyasiya Məhkəməsini də ona uduzmuşam, yadıma gəlmir. Vüsalə Musalının başqa bir dövlət müəssisəsi ilə olan məhkəmə çəkişməsinin mənə nə aidiyyatı ola bilər?! Mən Vüsalə xanımı atdığı şər və böhtana, həmçinin yazılarında olan plagiat faktlarına görə məhkəməyə vermişəm. Elmi ictimaiyyətin fikrini elmimizdə olan bu dəhşətli fakta bir alimin yaradıcılığı timsalında cəlb etmək istəmişəm. Lakin Azad Qurbanovun belə bir incə mövzulu məsələyə məsuliyyət hissi duymadan belə bir şəkildə münasibət bildirməsi ən azı diletantlıqdan başqa bir şey deyil”.

Misranə Həsənzadə

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı