
Bu gün Cənubi Afrika Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vika Mazvi Khumalon başçılıq etdiyi nümayəndə heyətilə Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) qonaq oldu.
Modern.az-ın məlumatına görə, səfirin rəhbərlik etdiyi heyətlə görüşdə ADNA-nın rektoru vəzifəsini müvəqqəti icra edən professor Vaqif Qurbanov, Tərbiyə işləri üzrə prorektor, dosent Qasım Məmmədov, Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Rafiq Camalov iştirak etdilər.
Qeyd edək ki, səfiri Cənubi Afrikanın Sənaye və elmi tədqiqat mərkəzinin təmsilçiləri, eləcə də Cənubi Qafqazda müdafiə sənayesi üzrə ekspert və səfirliyin digər nümayəndələri müşayiət edirdi. V.Qurbanov görüşdə qonaqlara təhsil müəssisəsi haqqında qısa məlumat verdi.
Görüş iştirakçıları ADNA və Cənubi Afrika arasında elm və təhsillə bağlı ikitərəfli əməkdaşlıqların genişlənməsi istiqamətində fikir mübadiləsi aparmaqla yanaşı, bir sıra təkliflərlə çıxış etdilər. V.Qurbanov ADNA-nın müəyyən göstəricilərini özündə əks etdirən bukletləri qonaqlara təqdim etdi. O, ADNA-da geniş profilli elmi tədqiqat laboratoriyaların olduğunu deyərək, gələcəkdə Cənubi Afrikanın elmi tədqiqat mərkəzləri ilə əməkdaşlıqların qurulması imkanlarını mümkün saydı.
Səfir Vika Mazvi Khumalon Azərbaycanda parlament, nazirlər səviyyəsində bir sıra görüşlərin keçirilməsini planlaşdırdıqlarını qeyd edərək, görüşlərə ilk olaraq ADNA-dan başladığını dedi. O, Cənubi Afrika ilə ADNA arasında qurulan əlaqələri yüksək dəyərləndirdi. Vika Mazvi Khumalon ADNA-ya gəlişinin üç əsas məqsəd daşıdığını diqqətə çatdırdı. Səfirin sözlərinə görə, əsas məqsədlərdən biri ADNA ilə olan yaxşı münasibətləri təzələmək, Cənubi Afrikadan gələn tələbələrin burada peşəkar şəkildə hazırlanmasının inkişaf etdirilməsinə nail olmaqdır: “Siz ixtisaslı kadrların yetişdirilməsində çox böyük nəticələrə maliksiniz. Biz istəyirik ki, Cənubi Afrikadan gələn tələbələr arasında neft sənayesi üzrə təhsil alanların sayı çox olsun. Çünki Cənubi Afrikada neft kəşfiyyat işləri geniş vüsət almaqdadır. Cənubi Afrika gənclərini əsasən də qaz və neft sənayesi üzrə cəlb etmək üçün sizdə Təqaüd Proqramları var. Hesab edirəm ki, sizin təkliflər bizim elmi tədqiqat sahəsində çalışan nümayəndələrimiz üçün də maraqlı olacaq. Eyni zamanda, biz sizə Cənubi Afrikada partnyor unversitet təklif edə bilərik ki, sizinlə əməkdaşlıq etsin”.
Vika Mazvi Khumalon dedi ki, belə görüşlərin keçirilməsində digər məqsədlərdən biri Azərbaycan sənayeləri ilə tanış olmaq və gələcəkdə əməkdaşlığın daha geniş şəkildə qurulmasına imkan yaratmaqdır. O, məqsədlərdən birinin hökumətlə görüşmək olduğunu dedi. Səfirin sözlərinə görə, Azərbaycanda xarici işlər, enerji şöbələri ilə görüşləri olacaq və bu, Azərbaycanla Cənubi Afrika arasında münasibətləri daha da möhkəmləndirmək üçün bir növ kiçik tapşırıq rolunu oynayacaq. Səfir bu mənada ADNA-dan Cənubi Afrika, eləcə də Azərbaycan üçün sərfəli yeni təkliflər gözlədiyini, mövcud təkliflərin isə konkterləşdirilməsini mühüm saydı.
Görüşün sonunda V.Qurbanov səfir Vika Mazvi Khumalona ADNA-ya həsr olunmuş kitab hədiyyə etdi. Səfir isə V.Qurbanova Cənubi Afrikanın milli mədəniyyətini özündə əks etdirən toxunma ilə işlənmiş cam hədiyyə etdi. Qonaqlarla xatirə şəkli çəkdirildi.
Sonra qonaqlar prorektor Qasım Məmmədovun müşiyiətilə ADNA-nın tarix muzeyində oldular. Səfir muzeyin xatirə kitabına öz ürək sözlərini yazdı.
