Modern.az

İmkan verin həyatımızı yaşayaq

İmkan verin həyatımızı yaşayaq

Ölkə

28 Oktyabr 2014, 10:53

Qadınların xoşbəxtliyini həzm edə bilməyənlərə (kişilərə) həsr olunur

Keçən həftənin ortalarından başlanan müzakirə hələ də bitmir. AVT-də nümayiş olunan “Səni axtarıram” verlişinin aparıcısı Xoşqədəm Baxşəliyevanın türkiyəli sənətçi Doğuşla rəsmi nikaha girməsi nədənsə insanlarda qıcıq yaratdı.

Kimisi bunu reklam, kimisi klip çəkilişi kimi də digər formada yozmağa başladı. Hətta çoxu onun üstünə gedərək, təcili açıqlama verməsini tələb etdi. Sanki insanlar ailə həyatı quranda kimlərəsə hesab verməliymiş. Xanımın yaxın ətrafından başqa heç kim onu təbrik etmək istəmədi. Niyə? Niyəsinə aydınlıq gətirək.

Aparıcının toy şəkilləri yayıldıqdan sonra sosial şəbəkələrdəki statuslara, müzakirələrə, bəzi internet saytlarında bu xəbərin özlərinəməxsus verilməsinə və xəbərin altından yazılan şərhlərə diqqətlə nəzər saldım. Təəssüf ki, aralarında qəzet, sayt rəhbəri  və jurnalist kişilər də az deyildi. İlahi, bəzi kişilər necə də çılızlaşıb, iyrənc formada başqalarının həyatına ləkə yaxmaqla, söz atmaqla, qeybət etməklə məşğuldur. İstər tanınmış, istərsə qeyri-tanınmış biri olsun, biri ailə həyatı qurursa, bunu elanmı etməlidir? Bu aqressivlik, nifrət haradandır axı? Sizlər kimi digərləri də şəxsi həyatını yaşayır, necə, nə cür, kiminlə, bu onun haqqıdır. Kim istər gizlin, kim istər aşkar evlənir, kiminsə haqqı yox ki, başqalarının özəl həyatına müdaxilə etsin və ən kobud formada desək, burun soxsun. Axı qadınların üstünə niyə bu qədər gedirsiniz? Bu qadın adına, ailəsinə xələl gətirəcək addımmı atdı? Sevib-seçdiyi biriylə böyüklərin xeyir-duasıyla ailə qurdu. Niyə birinin xoşbəxt olmağını həzm etmək istəmirsiniz? Bəziləri nə qədər cılızlaşıb ki, adət-ənənəyə, kökünə bağlılıq itib, rəsmi nikahlara hörmət qoymur. Görünür, bu ölkədə hörmət o insanlara edilir ki, kiminsə sevgilisi olmalı, ya da kimdənsə gizlin uşaq doğub, çıxıb deməli ki, “bu, filankəsin uşağıdır”. Və bu bic uşaq doğanlar barədə informasiya saytlarında şərhlər belə, bağlı olur. Yenə də bu, o kəslərin həyatıdır və buna da müdaxilə etmək doğru olmaz... Xoşqədəm Baxşəliyevaya gəlincə, uzun illərdi mətbuatdadır, qəzet rəhbəridir, telekanalda aparıcıdır. Yəqin ki, reklam gərək olsaydı bütün mətbuatı toplayardı başına, gizlin evlənməzdi. Deməli, belə lazımmış, belə qərar verilmiş. Türkiyə telekanalları, mətbu orqanları məlumatı təsdiqləyir və xoşbəxtlik arzulayır, təəssüflər olsun ki, bizimkilər yalanlamağa cəhd edir. Bax, bu bizim paxıllıq hislərimizi boğa bilməməsindən xəbər verdi.


Bir araşdırın, bu ölkənin qadınları niyə türkə, ərəbə, farsa, ingilisə ərə gedir. “Xoşqədəm niyə türkə getdi” deyə sual edirsiniz? 18 ildir onu görmürdünüzmü, tanımırdınızmı? Bəlkə onu və digər əcnəbilərlə ailə quranları özünüzə layiq bilmədiniz? Bəlkə, onlar sizləri layiq bilmədi? Axı bu qadın uşağını körpə yaşda atmadı, böyütdü, övladı orta məktəbi bitirdi, Ali məktəbə daxil oldu və ondan sonra ailə həyatı barədə düşündü. Bunu qiymətləndirmək o qədərmi çətindir? Doğuşa gəlincə, o müğənni, star, sənətiylə məşğul olan biridir. İnsanı tanımadan barəsində təhqirlər yağdırdınız. ..

Ey kişilər, sizə səslənirəm. Qadınlar barədə iyrənc şərhlər yazanda, atmacalar atanda sizi doğan qadından, eyni qandan olan bacınızdan, ailə qurub dünyaya uşaq gətirən həyat yoldaşınızdan, evinizdəki böyüyən o qız uşağından utanmadınızmı? Mənəviyyatınızı, tərbiyənizi harada itirdiniz? Yetməzmi, insanların hisləriylə oynadığınız?

Yazıqlar olsun, bir qadın olaraq qadınlarımız barədəki mənəviyyatsız düşüncələrinizdən utandım... İmkan verin insanlar həyatlarını istədikləri kimi yaşasın.

P.S.  Bu yazının qeyrətli, qeybətdən kənar, əsl kişilərlə heç bir əlaqəsi yoxdur.  Digər qadın həmkarlarım barədə haqsız iftiralara yol verilərsə, tərəfimdən müdafiə olunacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı