Modern.az

İsmayıllı məhbuslarına qarşı əlavə ittihamlar irəli sürülüb

İsmayıllı məhbuslarına qarşı əlavə ittihamlar irəli sürülüb

Təhsil

25 Aprel 2013, 21:24

Yanvarın 23-də İsmayıllı rayonunda baş vermiş hadisələrlə bağlı həbs olunan şəxslərdən 2 nəfər əlavə maddə ilə ittiham elan olunub.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, saxlanılan şəxslərdən Səftər Ağamalıyev və Anar Həsənova qarşı istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddəsi ilə əlavə ittiham elan edib.

 Qeyd edək ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin İsmayıllı hadisələri ilə bağlı yaydığı məlumata görə, yanvarın 23-də İsmayıllı şəhərində “Çıraq” otelinin inzibatçısı Emil Şəmdinovun və tanışı Elməddin Məmmədovun sərxoş vəziyyətdə özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmələri və bununla əlaqədar hadisə yerinə toplaşmış bir qrup şəxs tərəfindən “Çıraq” otelinin və müxtəlif markalı avtomobillərin yandırılması ilə nəticələnən kütləvi münaqişə baş verib. Törətdikləri hüquqazidd əməllərə görə Emil Şəmdinov və Elməddin Məmmədov cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmə tərəfindən həbs-qətimkan tədbiri seçilib. Fakt üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi başlanıb, həmçinin prokurorluq və polis orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Hadisə ilə əlaqədar yanğın və dağıntıların törədilməsində fəallıq göstərmiş rayon sakinləri  Vasif İbrahimov, Şükran Mühübəliyev, Şakir Mustafayev, Ceyhun Abbasov, Cəfər Cəfərov və əvvəllər məhkum olunmuş Elşən Qurbanov, eyni zamanda,  yandırılan “Çıraq” otelindən iki televizor, bir divan və bir kreslonu soyğunçuluq yolu ilə açıq taladıqlarına görə Səxavət Səmədov və Xəyal Şaranov Cinayət Məcəlləsinin müvafiq maddələri  ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı