Modern.az

Mövlud Çavuşoğlunun İŞİD-lə bağlı Modern.az-a AÇIQLAMASI: “Bu, həssas məsələdir”

Mövlud Çavuşoğlunun İŞİD-lə bağlı Modern.az-a AÇIQLAMASI: “Bu, həssas məsələdir”

Təhsil

19 Sentyabr 2014, 17:18

ABŞ dövlət katibi Con Kerrinin sonuncu Türkiyə səfərindən sonra rəsmi Ankaranın Vaşinqtondakı siyasi dairələrlə münasibətlərinin gərginliyi pik həddə çatıb. Türkiyənin “İraq Şam İslam Dövləti” (İŞİD) adlı terrorçu qruplaşmasına qarşı koalisiyaya qoşulmaqdan imtina etməsindən sonra Qərb siyasi dairələri və mətbuatı rəsmi Ankara ilə bağlı ittihamlar irəli sürməyə başlayıb.

C.Kerri  İŞİD-in həmsərhəd regionlarda neft biznesi qurduğunu bildirib. Onun sözlərinə görə, İŞİD əsasən Türkiyə və Livanda neft şəbəkəsini gücləndirib.

“Nyu-York Tayms” qəzeti başda olmaqla, Qərb mediasının Türkiyəyə hücumunun arxasında sözsüz ki, ABŞ-ın siyasi maraqları dayanıb. Türkiyənin İŞİD-lə bağlı məlum qərarından sonra sözügedən mətbuat orqanı İŞİD-in Türkiyədə ofisinin olduğunu da iddia edib. Ekspertlər  Türkiyənin ABŞ-la açıq şəkildə qarşılıqlı kompromat savaşına keçməsinin region üçün də təsirsiz ötüşməyəcəyi qənaətindədir.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da dolayısı ilə rəsmi şəkildə bu qənaətini dilə gətirib. M.Çavuşoğlu Modern.az saytına açıqlamasında bildirib ki, bu cür proseslər olduqca həssas məqamlardan xəbər verir.

“İŞİD-lə bağlı məsələlər və onun ABŞ-a qarşı davranışları həssas məsələlərdir. Artıq şərh vermək istəməzdim”, – deyə M.Çavuşoğlu söyləyib.

Qeyd edək ki, bir müddət öncə “Nyu-York Tayms” qəzeti Ərdoğan hakimiyyətini İŞİD terrorçu qruplaşmasına dəstək verməkdə ittiham etmişdi. Nüfuzlu mətbu orqan hətta sensasiyalı iddia ilə çıxış edərək, Ankaranın Hacıbayram məhəlləsində İŞİD-in ofisi olduğunu və təşkilatlanmanın məhz bu ofisdən idarə edildiyini yazıb.  

Xəbərdə prezident Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlunun Ankaradakı Hacıbayram Vəli məscidindən çıxarkən çəkilmiş fotoları yer almışdı. Guya, bununla Ərdoğan hakimiyyəti İŞİD-ə dəstək verir.

Prezident Ərdoğan bütün bunların təxribat olduğunu bildirib və bu hərəkəti ədəbsizlik kimi xarakterizə edib. Məşhur qəzet fotoların səhvən həmin materialda getdiyini bəyan edərək Ərdoğandan üzr istəmişdi və yazıya düzəliş etmişdi.

Aqşin Kərimov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı