Modern.az

İlk rəsmi milyonçu azərbaycanlının ölümünə görə başsağlığı verildi - FOTOLAR

İlk rəsmi milyonçu azərbaycanlının ölümünə görə başsağlığı verildi - FOTOLAR

Təhsil

1 Noyabr 2014, 00:01

Fərəc Quliyev: “Cənnət Əliyev nümunəvi milli burjaziya nümayəndəsi idi”


31 oktyabr 2014-cü il tarixində SSRİ-nin ilk milyonçusu olmuş, öz milli fəaliyyəti ilə yaddaşlarda iz buraxmış Cənnət Əliyev haqqın rəhmətinə qovuşub. Modern.az xəbər verir ki, bununla bağlı Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev mərhumun doğmalarına rəhbərlik etdiyi partiya adından başsağlığı verib.
Başsağlığında deyilir:

“Azərbaycan xalqının dəyərli oğlu Cənnət Əliyevin vəfatı bizi çox sarsıtdı. Cənnət Əliyev Azərbaycan milli burjaziyasının formalaşması üçün göstəriləcək ən dəyərli nümayəndələrindəndir. O, bütün fəaliyyəti boyu Azərbaycanın maraqlarını ən öndə tutmaqla bərabər, həytını haqsızlığa qarşı mübarizəyə həsr etdi. Cənnət Əliyevi ucaldan əsas səbəb, onun ölü istedadları diriltmək və haqsızlıqla barışmamaq prinsipləri idi. Hələ hüquq mühafizə orqanlarında çalışdığı bir vaxtda bu qurumların özlərinin yol verdiyi haqsızlığa qarşı mübarizə aparan Cənnət Əliyevin sonrakı mübarizəsi təkbaşına bütövlükdə Sovet İmperiyasına qarşı yönəlmişdi. SSRİ-nin mərkəzi dövlət kanalında onun ilk qanuni milyonçu elan olunmasını Qərb mətbuatı Sovet İmperiyasına vurulan ən ağır zərbə kimi qiymətləndirmişdi. “Bərabərlik” pərdəsinin rəsmən yırtılmasında Cənnət Əliyevin fəaliyyəti, “soyuq müharibədə” SSRİ-nin kapitalist dünyasından aldığı zərbədən daha böyük qiymətləndirilirdi. O, bunu kortəbii etmirdi. Müsahibələrində “mən İmperiyadan qisas alırdım” deyirdi.

Eyni zamanda, Cənnət Əliyev öz fəaliyyətini sosial prinsiplər üzərində qururmuşdu. Bu mövqeyi həmyerlimizi o zamankı sərt imperiya rejimində insanlar üçün parlayan bir ümid yeri kimi tanıtmışdı.

Onun Rusiyada qurduğu “Təbriz” Koperativi, başlatdığı “İqtisadi Təbriz” Hərəkatı öz iqtisadi uğurları ilə yanaşı, həyata keçirdiyi sosial və xeyriyyəçilik layihələri ilə də dünyanın diqqət mərkəzində idi.

Sovet milyonçusunun Təbriz eşqiylə döyünən ürəyi, onu Təbrizə gedən yolda əngəl olan Sovet və İran sərhədlərinin dağıdılmasıyla bağlı olan Sərhəd Hərəkatının bir parçasına çevirdi. Bəli, Cənnət Əliyev Sərhad Hərəkatının ən böyük dəstəkçilərindən biri və iştirakçısı idi. O, Azərbaycanın bütövlüyü və azadlığı uğrunda bir hərəkatçı idi. O, Sovetlərin törətdiyi “20 yanvar” faciəsini dünyaya çatdıran sovet milyonçusu idi. O, Azərbaycan ordusunun formalaşmasında bütün imkanlarından istifadə edən bir əsgər idi. O, Azərbaycanın bir dövlət kimi inkişafında nümunəvi milli burjaziya nümayəndəsi idi. O, hətda yaratdığı “Təbriz” İnstrumental Ansamblı adlı musiqi qurupunun, bəstələdiyi mahnıların, çəkdirdiyi filimlərin də fəlsəfəsi və mahiyyətini biznes məqsədinə deyil, milli ruhun yüksəldilməsi və təbliğatına yönəldən bir vətən oğlu idi. O, əsl azərbaycanlı idi...

Bütün bu cəhətləri və xidmətlərinə görə Cənnət Əliyev bu xalqən qəlbində həmişə yaşayacaq. Cənnət Əliyev nümunəvi bir vətən övladı kimi bizim yaddaşşlardan silinməyəcəyi kimi, zamanının ən qəddar və hegamon imperiyasına öz ağlı, istedadı, bacarığı və şücaəti ilə vurduğu zərbəni də dünya heç vaxt unutmayacaq.

Biz Milli Dirçəliş Hərəkatı Partiyası olaraq Cənnət Əliyevi burda bir hissəsini yazdığımız dəyərləri ilə görür, sayğıyla anır, ruhuna Allahdan rəhmət, bütün doğma və yaxınlarına səbr diləyirik. Yeri Behişt, məkanı Cənnət olsun!

Modern.az-ın məlumatına görə, keçmiş SSRİ-nin ilk rəsmi milyonçusu, "Təbriz" kooperativinin sədri, Kalmıkiya Respublikasının Yaxın Şərq və Ərəb ölkələri üzrə sabiq səfiri, bəstəkar, xeyriyyəçi Cənnət Əliyev 1954-cü ildə Naxçıvanın Şahbuz rayonunun Keçili kəndində anadan olub. 9 yaşında atasını itirib və ondan sonra Ordubadda, Araz çayının sahilində yerləşən internat məktəbində böyüyüb. Ali təhsil almaq üçün əvvəlcə Naxçıvan Dövlət Pedaqoji İnstitutuna qəbul olunub. Daha sonra Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb, oranı bitirdikdən sonra Sverdlovski Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub.

1982-ci ildən Sibir, Ural, Moskva, Sverdlovski və.s əyalətlərdə polis orqanlarında işləmiş, bir müddət sonra isə orqandan xaric edilib. 1987-ci ildə Sverdlovsk əyalətinin Yuxarı Puşma şəhərində, uzaq Uralda "Təbriz" kooperativini qurub və SSRİ -nin ilk rəsmi milyonçusu kimi məhşurlaşıb. 1990-cı il 20 Yanvar faciəsində güllə-borana düşüb, bu hadisədən ciddi psixoloji zədələr alıb. 1 həftə sonra Vilnus şəhərinə gedərək qəzetlərdə 20 Yanvar faciəsinin beynəlxalq aləmə çatdırılması üçün müsahibələr verib. Müharibə illərində orduya külli miqdarda vəsait ayırıb. 1994-cü ildə Kalmıkiya Respublikasının Yaxın Şərq və Ərəb ölkələri üzrə səfiri təyin edilib. Bir çox ərəb ölkələrində səfərdə olub, Səddam Hüseyn, Bəşər Əsəd hakimiyyətləri ilə görüşlər keçirib.
1997-ci ildə Əli ibn Əbu Talibin qılıncı "Zülfüqar"ın rəmzi istehsalına başlayıb, hər birini təmənnasız olaraq insanlara, səfərə getdiyi ölkələrin rəhbərlərinə bağışlayıb.

Deputat Fərəc Quliyev öz əsərlərindən birində Cənnət Əliyev haqqında yazır: "Sərhəd kommunikasiya sisteminin məhz yandırılması isə qəribə tarixə malikdir. O vaxtlar Cənnət Əliyev adIı bir azərbaycanlı balası Rusiyada bizneslə məşğul olurdu. Cənnət bəy bir instrumental alətləri ansamblı yaratmışdı. Bu ansamblın ifasında "Təbrizim” mahnısı ifa olunduqca, qəribə bir kliplə müşahidə olunur. Sərhəd dirəkləri yanır və gitaraçı oğlan gitaranı dirəyə vurur".

Bəstəkarlıq fəaliyyəti çərçivəsində 1997-ci ildə milli ruhda olan 12 mahnıdan ibarət "Tənha yolçu" albomunu buraxıb.

Rejissor Aydın Dadaşov tərəfindən çəkilən "Biznesmen" filmi məhz Cənnət Əliyev haqqındadır.

Çoxdan müflis olmuş Cənnət Əliyev son vaxtlar tərki-dünya həyatı yaşayırdı...
































Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı