Modern.az

Deputat baş nazirin mərhum müavinindən yazdı: “Onun yanına qaçmışdım”

Deputat baş nazirin mərhum müavinindən yazdı: “Onun yanına qaçmışdım”

30 Yanvar 2023, 16:28

“Sanki ürəyinə dammışdı. Son vaxtlarda tez-tez zəngləşirdik. Sağlamlığından gileylənir, mənə də məsləhət verir, "özünü qoru!" söyləyirdi. Deyirdi, həm də bilirdi ki, özümüzü qorumaq bizdən asılı məsələ deyil”.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclidin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı bir neçə gün öncə vəfat edən sabiq baş nazir müavini Əsgər Məmmədov barəsində bildirib.

S.Rüstəmxanlı Ə.Məmmədovla tələbəlik illərindən tanış olduğunu, bunun sonralar dostluğa çevrildiyini söyləyib:

“Dostluğumuz tələbəlik illərindən başlamışdı. O, müxtəlif rayonlara başçılıq etmişdi. 20 Yanvar qırğınında Bakıdakı təqiblərdən qaçanda onun yanına getmişdim; raykom katibindən şübhələnməzlər deyə. O, Nazirlər Kabinetində işləyəndə də tez-tez görüşürdük. Söhbətlərimizin bir ucu həmişə gedib dağlarımıza çıxırdı. Vəzifədən ayrılandan sonra Vətəndaş Həmrəyliyinə gəldi, partiyanın baş katibi oldu. Aramızda fikir ayrılıqları, incikliklər də yaşandı. Amma o da saf, kinsiz adam idi. Xırda söz-söhbəti özünə yük eləməzdi. Keçdiyimiz yolları, bağlı olduğu adamları heç vaxt unutmurdu”.

Deputat dostunun dəfnində iştirak edə bilmədiyini təəssüflə bildirib:

“Ölüm xəbərini Əlcəzairdə eşitdim. İslam Ölkələri Parlament İttifaqının sessiyasında... Çox sevdiyi, təəssüf ki, doyunca bir yerdə olmadığı oğlu Azərə başsağlığı verirəm. Ruhun şad olsun, Əsgər. Hamımızın keçəcəyimiz yoldasan...”.

Əsgər Məmmədov uzun sürən xəstəlikdən sonra ötən şənbə günü dünyasını dəyişib. 

O, vaxtilə Goranboy və Astara rayonlarının icra başçısı vəzifəsində çalışıb. AXC iqtidarı dövründə Prezident Əbülfəz Elçibəyin 29 aprel 1993-cü il fərmanı ilə Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilib. 
O, sonradan Sabir Rüstəmxanlının lideri olduğu Vətəndaş Həmrəyli Partiyasından deputatlığa namizəd də olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi