İranın son dövrdə yaşadığı mürəkkəb proseslər fonunda Tehranla Bakı arasındakı münasibətlər yenidən diqqət mərkəzinə gəlib. İran rəsmilərinin, xüsusilə Prezident Məsud Pezeşkian və parlament sədri Məhəmməd Bağır Qalibafın Azərbaycanla bağlı açıqlamaları iki ölkə arasında münasibətlərin gələcək istiqaməti baxımından mühüm mesajlar daşıyır.
Uzun müddət ərzində İranda müəyyən radikal dini-hərbi dairələrin və bəzi siyasi çevrələrin Azərbaycanı hədəfə gətirməyə çalışan ritorikası müşahidə olunurdu. Lakin Pezeşkian və Qalibafın verdiyi mesajlar rəsmi Tehranın daha geniş strateji yanaşmasını ortaya qoyur.
Qalibafın Azərbaycan dövlətinə və xalqına təşəkkür ifadə etməsi, xüsusilə çətin günlərdə Bakının Tehranla həmrəyliyini vurğulaması mühüm siyasi siqnaldır. Onun Azərbaycanın humanitar dəstəyini, mehriban qonşuluq siyasətini və iki ölkənin çətin zamanlarda bir-birinin yanında olmasını yüksək qiymətləndirməsi münasibətlərin yalnız siyasi deyil, həm də tarixi və insani bağlar üzərində qurulduğunu göstərir.
Xüsusilə Ağbənd-Kəlalə körpüsünün tikintisinin başa çatması və Araz dəhlizi layihəsinin regional nəqliyyat imkanlarını genişləndirəcəyi barədə fikirlər əməkdaşlığın praktik istiqamətlərini ön plana çıxarır. Bu layihələr Azərbaycan-İran əlaqələrinin emosional müstəvidən çıxaraq iqtisadi və regional inteqrasiya mərhələsinə keçdiyini göstərir.
Məhz bu baxımdan Pezeşkian və Qalibafın açıqlamaları Azərbaycanı ittiham edən, münasibətlərə kölgə salmağa çalışan dairələrə ən titullu cavablardan biri kimi qiymətləndirilə bilər. Çünki dövlətlərarası münasibətlər ayrı-ayrı qrupların ritorikası ilə deyil, rəsmi siyasətin və qarşılıqlı maraqların dili ilə formalaşır.
Azərbaycan və İranın regionda sabitlik, nəqliyyat və iqtisadi əməkdaşlıq imkanları baxımından bir-birinə ehtiyacı var. Son açıqlamalar göstərir ki, Bakı-Tehran münasibətlərində əsas xətt qarşıdurma deyil, dialoq və əməkdaşlıqdır.