Modern.az

Dünyada dollar qıtlığı - Azərbaycanda yeni bahalaşma gözlənilir

Dünyada dollar qıtlığı - Azərbaycanda yeni bahalaşma gözlənilir

İqtisadiyyat

7 Mart 2023, 11:04

Nüfuzlu "Bloomberg" agentliyində dərc olunan məqalədə bildirilir ki, hazırda dünya bazarında dollar qıtlığı səbəbindən böhran yaşanır.  Məqalə müəllifi bir sıra ölkələrdə yaşanan iqtisadi problemlərdən nümunə gətirib. Qeyd olunub ki, Şri-Lankada xəstəxanalar əməliyyatlarını təxirə salır, Nigeriyada beynəlxalq uçuşlar dayandırılır, Pakistanda avtomobil zavodları bağlanır, bütün bunlar dollar qıtlığı səbəbindən baş verir.

 

Bir sıra ölkələrin iqtisadiyyatında problemlər daha da pisləşib. Dollar qıtlığı xammaldan tutmuş dərman sənayesinə qədər hər sahədə problemlər yaradır. Bu cür tendensiya pul menecerlərini investisiyaların ayrılması zamanı ehtiyatlı davranmağa məcbur edəcək.

 

Bəs, dollar qıtlığı Azərbaycana necə təsir edəcək?

 

Məsələ ilə bağlı Modern.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, dollar qıtlığı anlayışı bu pul vahidinin bahalaşması ilə əlaqədardır. "Yəni FED faizləri artıra-artıra gedir. Bu da müəyyən qədər dolların sərbəst dövriyyəsinə problem yaradır. Dolların mənbəyi bahalaşır, faizi artır", - ekspert bildirib.

 

Onun sözlərinə görə, bunun Azərbaycanla birbaşa əlaqəsi yoxdur:

 

“Azərbaycanda məzənnə inzibati qaydada tənzimlənir. Mərkəzi Bankın da, Neft fondunun da kifayət qədər, böyük həcmdə dollar ehtiyatı var. Bizim xarici kredit təşkilatlarına ehtiyacımız  yoxdur. Buna görə də, qıtlığın Azərbaycana təsiri gözlənilmir”.

Buna baxmayaraq, ekspert dünya bazarında dollar qıtlığının Azərbaycanda dolayı yolla qiymət artımlarına səbəb olacağını qeyd edib:

 

"Dünyada gedən proseslərin tamamını nəzərə alsaq, təbii ki, dolların bahalaşması əlavə problemlər yaradır.  Dollar bahalaşdıqca dünyada mal və xidmətlərin də bahalaşmasının şahidi oluruq. Azərbaycanın da idxaldan asılı olduğunu nəzərə almaq lazımdır. Yəni bu proses ciddi infliyasiyanın yaranmasına səbəb ola bilər. Bir sözlə, bu proses qiymətlərin artımına səbəb olan əsas amillərdən birinə çevrilir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi