“Hər il avqustun 1-i Azərbaycan dili və Əlifbası günü kimi qeyd edilir. Bu, olduqca müsbət hadisədir. Çünki dünyada Azərbaycan dilinin daşıyıcıları çoxdur. Cənubi Azərbaycanda, Avropada, digər ölkələrdə Azərbaycan dilində danışan soydaşlarımızı nəzərə alsaq, dilimizin daşıyıcılarının sayı xeyli artar”.
Bu sözləri Modern.az-a filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli deyib. Tanınmış jurnalist qeyd edib ki, Azərbaycan dilindən istifadənin genişlənməsi dilin problemlərinə diqqət yetirməyə imkan verir:
“Müstəqillik dövründə Azərbaycan dilinin statusu, işləkliyi artıb, müxtəlif səviyyələrdə dilimiz dövlət dili kimi işlənir. Bunlar çox ciddi nailiyyətlərdir. Azərbaycan dilinin problemlərinə nəzər saldıqda, iki münasibəti görürük. Birinci rəsmi münasibətdir. Bu, dövlət səviyyəsində həllini tapı, bu kifayət qədər yüksək və parlaq şəkildə özünü göstərir. Təsəvvür edin, müstəqillik dövründə Azərbaycan dilinin işlənməsi, statusunun qorunması, istifadə qaydalarına dair 20-dən yuxarı ciddi dövlət əhəmiyyətli sənəd qəbul olunub. “Dövlət dili haqqında qanun” qəbul olunub və biz ondan istifadə edirik.
Dilin işləkliyi sürətli şəkildə artıb. Media ilə yanaşı, bütün sahələrdə dövlət idarələrində Azərbaycan dilinin işlənməsinin tezliyi yüksək səviyyədədir.
Bununla bağlı yazı normaları, danışıq qaydaları ilə bağlı problemlər var. Hesab edirəm ki, bunların çoxu süni şəkildə ortaya çıxıb. Məsələn, 2018-ci ildə orfoqrafiya islahatı adı altında bəzi qaydaların dəyişməsi nə zamana, nə Azərbaycan dilinin inkişaf səviyyəsinə uyğundur. Ona görə, həmin hadisədən sonra Azərbaycan dilinin daşıyıcıları ilə dil qaydaları arasında ciddi çat yaranıb. İnsanlar çox sözlərin necə yazıldığını bilmirlər, mütləq lüğətə baxmaq ehtiyacı duyurlar. Ana dili üzərində bu cür eksperimentlərin aparılması onun xeyrinə deyil, ziyanına işlədi”.
Qulu Məhərrəmli hesab edir ki, dil sahəsində nöqsanlar daha çox televiziya və radio verilişlərində, saytlarda, yazı qaydalarında özünü göstərir:
“Təəssüf ki, media sahəsində Azərbaycan dilini yaxşı bilməyən çox sayda insan çalışır. Onlar Azərbaycan dilinə ciddi ziyan vururlar. Dili ciddi qəlibə salırlar. Dilin gözəlliyini, parlaq ifadə tərzini bilməyən adamların yazdığı materiallar çox çətin oxunur. Televiziya və radio verilişlərində, xüsusilə şou proqramlarda, sərbəst proqramlarda dil normalarına ciddi əməl olunmur. Bunların hamısı dilə fəal müdaxiləni tələb edir. Buna görə, Prezident Yanında Dil Komissiyasının Monitorinq Mərkəzi yaradılıb. Nəticələr ictimaiyyətə təqdim edilir. Bu müsbət addımdır. Dil inzibati yanaşmadan daha çox sevgi tələb edir. Ona görə, dilimizi sevməli və gözəlliyi üçün çalışmalıyıq”.