Modern.az

Dünya mətbuatı Fazil Mustafa haqda nə yazır – İzlər İrana aparır…

Dünya mətbuatı Fazil Mustafa haqda nə yazır – İzlər İrana aparır…

30 Mart 2023, 17:53

Martın 28-də Milli Məclisin deputatı Fazil Mustafaya qarşı terror aktı törədilib. Yaşadığı evin qarşısında sui-qəsdə məruz qalan deputat çiyin və ayağından yaralanıb. O, dərhal xəstəxanaya çatdırılaraq, əməliyyat olunub.

 

Dövlət Təhlükəsizlik Xidməti hadisənin terror aktı olduğunu bildirib. Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

 

Deputat Fazil Mustafaya qarşı sui-qəsd xəbərinə Rusiya, Türkiyə, İsrail, Ermənistan, ərəb mətbuatında geniş yer verilib. Xəbərlərdə əsasən deputatın İrana qarşı tənqidi fikirlərinə, İsrail-Azərbaycan münasibətlərinin daha da dərinləşməsi və İran-Azərbaycan münasibətlərinin gərginləşməsinə diqqət çəkilib.

 

Modern.az xəbər verir ki, "Reuters" agentliyində dərc edilən xəbərdə Fazil Mustafa İrana qarşı sərt fikirləri ilə tanınan deputat kimi təqdim edilib. Agentlik qeyd edib ki, 57 yaşlı Fazil Mustafa Azərbaycanın cənub qonşusu İranla bağlı tənqidi fikirləri ilə tanınıb. Müəllif vurğulayıb ki, kiçik müxalifət partiyasına rəhbərlik edən F.Mustafa əvvəllər İranı “terrorçu dövlət” adlandırıb, həmçinin Tehranı dindarları Azərbaycan hakimiyyətinə qarşı yönəltməkdə ittiham edib. 

 

Xəbərdə Fazil Mustafaya qarşı sui-qəsd cəhdinin İrandakı Azərbaycan səfirliyinə silahlı basqından sonraya təsadüf etməsi diqqətə çatdılıb. Agentlik Azərbaycanın Tehranın rəqibi olan İsraillə uzunmüddətli əlaqələri dərinləşdirdiyi, İsraildə Azərbaycan səfirliyinin açıldığını bildirib. Məqalədə, həmçinin qeyd olunub ki, hər iki ölkə ilə dostluq münasibətləri saxlayan Rusiyanın xarici işlər naziri Sergey Lavrov İran və Azərbaycan arasındakı problemlərin tezliklə həll olunacağına ümid etdiyini deyib.

 

Britaniyanın BBC telekanalının saytı da Fazil Mustafaya qarşı sui-qəsd olayına diqqət çəkib və İrana qarşı fikirləri nəzərdə keçirilib. Müəllif bildirib ki, parlamentari anti-İran mövqeyi ilə tanınır, o, İranın Ermənistanı dəstəklədiyini deyib. Məlumatda vurğulanıb ki, Fazil Mustafa Azərbaycan şiəliyinin İrandan fərqli olduğuna inanır və bəzi dini ayinləri - xüsusən də aşura zamanı insanların özünə xəsarət yetirməsini tənqid edir. BBC, həmçinin İkinci Qarabağ müharibəsindən sonra İran və Azərbaycan arasında münasibətlərin gərginləşməsindən, Türkiyə və İsrailin Azərbaycana dəstək verməsindən bəhs edib.

 

Məqalənin sonunda qeyd olunub ki, azərbaycanlılar İranda ən böyük etnik azlıqdır. Bakıda bu ərazilər Cənubi Azərbaycan adlandırılır. İran hakimiyyəti Azərbaycanın vahid müstəqil dövlət kimi birləşməsi ideyası tərəfdarlarının fəallığından narahatdır. 

 

Londonda fəaliyyət göstərən və əsasən ərəb dünyası haqqında materiallar hazırlayan "Asharq Al-Awsat" qəzetində bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyev təhlükəsizlik orqanlarına İran əleyhinə çıxışları ilə tanınan deputata qarşı terror aktının araşdırılmasını tapşırıb. Məqalədə deyilir ki, son bir neçə ayda Azərbaycanla İran arasında münasibətlər gərginləşib. Yanvar ayında təhlükəsizlik rəisinin ölümü ilə nəticələnən terror aktından sonra Azərbaycan Tehrandakı səfirliyini bağlayıb. İsraildə səfirliyini açan Azərbaycan bu ölkə ilə sıx əlaqələr saxlayır. Bu addım Tehranda etirazlara səbəb olub. Bir məqam da diqqətə çatdırılıb ki, Azərbaycan ordusu üçün İsrail istehsalı olan pilotsuz uçuş aparatları alıb.

 

Deputat Fazil Mustafaya qarşı terror aktı "Euronews" kanalının da diqqətindən kənarda qalmayıb. Kanalın yaydığı xəbər qeyd olunub ki, iki həmsərhəd ölkə - Azərbaycan və İran arasında münasibətlər gərginləşib. Ermənistan İranla, İsrail isə Azərbaycanla yaxın əlaqələr qurub.

 

İsrailin nüfuzlu "Jerusalem Post" qəzeti isə yazıb ki, Azərbaycan və İran arasında gərginliyin artması, Azərbaycanla Ermənistan arasında münaqişənin yenidən alovlanması ilə bağlı narahatlıqlar fonunda çərşənbə axşamı Bakıda Azərbaycan parlamentinin deputatına qarşı sui-qəsd cəhdi edilib. Məqalədə Azərbaycanda İran agentlərinə qarşı hüquq-mühafizə orqanları tərəfindən aparılan əməliyyatlara, İrandakı Azərbaycan səfirliyinə basqın edilməsinə, Laçın yoluna görə Ermənistan və Azərbaycan arasındakı gərginliyin artmasına, İsraildə Azərbaycan səfirliyinin açılmasına xüsusilə diqqət yetirilib.

 

İsrailin "i24news" telekanalının saytında dərc edilən məqalədə bildirilib ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi "Telegram" kanalı Fazil Mustafanı “Azərbaycanda şiə dininin ən qatı düşmənlərindən biri” adlandırıb. Müəllif qeyd edib ki, sui-qəsd Azərbaycanın İsraildəki səfirliyinin rəsmi açılışından bir gün əvvələ təsadüf edir. Həmçinin vurğulanıb ki, Fazil Mustafa Milli Məclisin Knessetə yanvar ayında göndərdiyi rəsmi məktubu imzalayanlardan biri olub. Bu məktubda azərbaycanlı deputatlar İsrailə göstərdiyi dəstəyə görə təşəkkür edib və İranın hər iki ölkə üçün təhlükə olduğunu söyləyiblər.

 

Məqalədə, eyni zamanda deyilir ki, Fazil Mustafa anti-Xomeyni mövqeyinə görə radikalların hədəfinə çevrilən ilk deputat deyil. 1997-ci ildə deputat Ziya Bünyadov Bakıda iranpərəst agentlər tərəfindən qətlə yetirilib.

 

İsrailin nüfuzlu "Ynet" nəşri də hadisə barədə geniş məqalə dərc edib. Müəllif qeyd edib ki, İranın sərt tənqidçisi kimi tanınan deputata qarşı sui-qəsddə Tehranın əli ola bilər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir