Dünyanın nüfuzlu universitetlərində təhsil almaq minlərlə azərbaycanlı gəncin arzusudur. Hər il xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində bu arzunu gerçəkləşdirərək dünyanın aparıcı universitetlərinə qəbul olunan gənclər də həm akademik nailiyyətləri, həm də uğur hekayələri ilə diqqət çəkirlər.
Modern.az saytının "Dünyaya açılan azərbaycanlı gənclər" adlı rubrikası davam edir. Rubrikamızın budəfəki təqdimatında Dövlət Proqramı çərçivəsində ABŞ-nin nüfuzlu Merilend Universitetində magistratura təhsili almaq hüququ qazanmış Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) məzunu Nərmin Rzayeva ilə həmsöhbət olduq.
- Nərmin xanım, Dövlət Proqramı çərçivəsində University of Maryland universitetində təhsil alacaqsınız. Bununla yanaşı, UCL, Edinburgh, Birmingham, Southampton, Sheffield, Sapienza, Uppsala, ELTE və Szeged universitetlərindən də qəbul dəvəti almısınız. University of Maryland-i seçərkən hansı meyarları əsas götürdünüz?
- Bəli, Avropanın bir çox qabaqcıl universitetlərindən qəbul dəvəti almaq mənim üçün qürurverici idi. Lakin University of Maryland-i seçməyimin bir neçə əsas səbəbi var. Birincisi, ABŞ-nin texnoloji innovasiyalar və süni intellekt tədqiqatları baxımından qlobal mərkəz olmasıdır. Daha əvvəl "Global UGRAD" mübadilə proqramı çərçivəsində ABŞ-də təhsil aldığım üçün oradakı akademik mühitin tədqiqata və praktikaya necə əsaslandığını şəxsən görmüşdüm. Marilend Universitetinin Maşın Öyrənməsi Mərkəzi, Süni İntellekt üzrə İnstitut kimi innovasiya mərkəzlərində alacağım nəzəri biliklər real biznes və texnologiya problemlərinə tətbiq etməyə imkan verəcək. Bu sahənin nüfuzlu alimlərinin rəhbərliyi altında çalışmaq, onların elmi təcrübəsindən faydalanmaq və biliklərimi praktik müstəvidə inkişaf etdirmək imkanı da gələcək peşəkar hədəflərimlə üst-üstə düşür.
- Bir neçə nüfuzlu universitetdən qəbul dəvəti almısınız. Maraqlıdır, bu nəticənin arxasında necə bir hazırlıq prosesi dayanır? Sizin üçün ən çətin mərhələ hansı oldu?
- Əlbəttə bütün bunlar qarşıya qoyduğum məqsəd idi. Bu nəticə uzunmüddətli, sistemli və çoxşaxəli bir hazırlıq prosesinin bəhrəsidir. Mənim üçün ən çətin mərhələ eyni vaxtda bir neçə istiqaməti paralel idarə etmək və motivasiya məktublarını hazırlamaq oldu. Bir tərəfdən akademik göstəricilərimi yüksək saxlamağa çalışırdım, proqramçı kimi layihələr üzərində işləyirdim, digər tərəfdən isə qlobal tədbirlərdə və sosial layihələrdə aktiv fəaliyyət göstərirdim. Universitetlərə esse yazmaq kifayət qədər çətin oldu. Bu mərhələdə əsas məqsəd o idi ki, əldə eydiyim bütün nailiyyətlərimi - proqramlaşdırma bacarıqlarımı, ictimai fəaliyyətimi, gələcək planlarımı - vahid bir halda birləşdirib qəbul komissiyasına anlaşıqlı şəkildə təqdim edim. Eyni zamanda essedə IT sahəsindən niyə məhz maşın öyrənməsinə keçmək istədiyimi aydın şəkildə izah etmək də mənim üçün çox vacib idi.
- Bakalavr təhsilinizi UNEC-də informasiya texnologiyaları ixtisası üzrə almısınız. Universitetdə qazandığınız bilik və təcrübənin uğurunuzdakı rolunu necə qiymətləndirirsiniz?
- Universitetimizdə tələbələrin hərtərəfli inkişafı üçün geniş imkanlar yaradılıb. Şəxsən mənim üçün UNEC yalnız möhkəm texniki biliklər qazandığım ali təhsil müəssisəsi deyil, eyni zamanda analitik düşüncə və təşəbbüskarlıq bacarıqlarımı inkişaf etdirdiyim mühüm bir mühit olub. Universitetdə proqramlaşdırma, verilənlər bazası və alqoritmlər kimi fənlər informasiya texnologiyaları sahəsində bilik bazamın möhkəmlənməsinə imkan yaradıb. Bununla yanaşı, universitet illərində akademik və ictimai fəaliyyətlərdə fəal iştirak etməyim komanda ilə səmərəli işləmək, mürəkkəb problemlərə sistemli yanaşmaq, eləcə də layihələri planlaşdırmaq və idarə etmək bacarıqlarımı inkişaf etdirib. UNEC-də həyata keçirdiyim layihələrdən birində süni intellektin istifadəçi interfeysləri və proqram təminatı ilə inteqrasiyası üzərində çalışarkən maşın öyrənməsi sahəsinə marağım daha da artdı. Məhz UNEC-də qazandığım bilik və təcrübə sonrakı akademik və peşəkar inkişafım, eləcə də beynəlxalq səviyyədə qarşıma qoyduğum hədəflər üçün möhkəm zəmin yaratdı.

- Magistratura təhsiliniz üçün "applied machine learning" (tətbiqi maşın öyrənməsi) ixtisasını seçmisiniz. Bu sahəyə marağınız necə yarandı? Niyə məhz tətbiqi maşın öyrənməsi?
- Tətbiqi maşın öyrənməsinə marağım universitet illərində iştirak etdiyim bir layihə zamanı formalaşdı. Mürəkkəb məlumatlar arasında gizli əlaqələri aşkarlamağın necə mümkün olduğunu gördükdə bu sahəyə marağım yarandı. Bu texnologiyanı tibbi diaqnostikadan biznes proqnozlaşdırmasına qədər müxtəlif dünya problemlərinə tətbiq etmək imkanı mənə həm maraqlı göründü, həm də müxtəlif sahələrdə çalışmaq imkanı kimi cəlbedici gəldi. Maşın öyrənməsini seçməyimin əsas səbəbi onun demək olar ki, bütün sahələrdə - xəstəliklərin aşkarlanmasından maliyyədə fırıldaqçılığın müəyyən edilməsinə qədər lazim olması idi. Məhz bu səbəbdən "applied machine learning" ixtisasını seçdim, çünki bu proqram sırf akademik yanaşmadan daha çox praktiki bacarıqlara və layihə əsaslı öyrənməyə fokuslanır. Gələcəkdə süni intellekt və maşın öyrənməsi demək olar ki, bütün sahələrdə inteqrasiya olunacaq və bu texnologiyaları dərindən bilən mütəxəssislərə tələbat get-gedə artacaq. Buna görə də bu sahədə biliklərimi dərinləşdirməyi həm şəxsi inkişafım, həm də uzunmüddətli karyera hədəflərim baxımından mühüm addım hesab etdim.
- Xarici universitetlərə müraciət edən gənclər arasında rəqabət kifayət qədər yüksəkdir. Sizcə, müraciətinizi qəbul komissiyaları üçün fərqləndirən əsas üstünlüklər nələr oldu?
- Düşünürəm ki, müraciətimi fərqləndirən əsas cəhət akademik göstəricilərimlə yanaşı, praktiki texniki təcrübəmin və beynəlxalq proqramlarda iştirakımın da nəzərə alınması oldu. Bir tərəfdən, yerli şirkətlər üçün proqram təminatları hazırlamağım və dövlət qurumunda təcrübə keçməyim praktiki mühəndislik bacarıqlarımı inkişaf etdirdi və məni digər namizədlərdən fərqləndirən mühüm üstünlüklərdən biri oldu. Digər tərəfdən, ABŞ-də “Global UGRAD” proqramı çərçivəsində təhsil almağım və müxtəlif beynəlxalq tədbirlərdə fəal iştirakım seçilməyimdə əhəmiyyətli rol oynadı. Məncə, ən həlledici məqamlardan biri isə veb-tərtibat sahəsindən "tətbiqi maşın öyrənməsi"nə keçid məqsədimi və gələcəkdə “ağıllı” rəqəmsal məhsullar yaratmaqla bağlı vizyonumu qəbul komissiyasına aydın şəkildə çatdıra bilməyim oldu. Qəbul komissiyaları yalnız nəzəri biliyə malik namizədlərə deyil, eyni zamanda həmin bilikləri praktikada tətbiq etməyə hazır olan şəxslərə də üstünlük verir.
- Dövlət Proqramı ilə xaricdə təhsil almağı qarşısına məqsəd qoyan tələbələrə hansı tövsiyələri verərdiniz? Bu yolda ən vacib hesab etdiyiniz məqamlar hansılardır?
- Dövlət Proqramına müraciət edən gənclərə ən vacib tövsiyəm odur ki, təkcə yüksək qiymətlərlə kifayətlənməyib, profillərini praktiki iş təcrübəsi, könüllülük və liderlik fəaliyyətləri ilə zənginləşdirsinlər. Keçmiş təcrübələriniz, seçdiyiniz ixtisas və gələcək hədəfləriniz arasında məntiqi bir əlaqə quraraq öz unikal hekayənizi yaratmalısınız. Müraciətdə ən həlledici məqam alacağınız təhsilin Azərbaycana necə fayda verəcəyini ümumi sözlərlə yox, konkret sahələr və faktlarla əsaslandırmaqdır. Sənədləşmə və motivasiya məktubları uzun vaxt tələb etdiyi üçün bu prosesə daha əvvəldən başlamaq və şablonlardan qaçaraq səmimi olmaq vacibdir. Ən əsası isə, öz potensialınıza inanıb hədəfə çatmaq üçün sistemli və yorulmadan çalışmağa davam etməlisiniz.
- Təhsilinizi başa vurduqdan sonra əldə etdiyiniz bilik və təcrübəni Azərbaycanda tətbiq etməyi planlaşdırırsınızmı? Özünüzü gələcəkdə hansı layihələrdə və ya sahədə görürsünüz?
- Əlbəttə. Əsas hədəfim məhz budur. Məqsədim ABŞ-də qazandığım maşın öyrənməsi üzrə bilikləri front-end sahəsindəki təcrübəmlə birləşdirərək mürəkkəb ML modellərini son istifadəçilərin rahat şəkildə istifadə edə biləcəyi “ağıllı” rəqəmsal məhsullara çevirməkdir. Gələcəkdə maliyyə, dövlət və elektron ticarət sahələrində süni intellekt texnologiyalarından istifadə etməklə böyük həcmli verilənləri təhlil etmək, qərarların qəbulunu asanlaşdırmaq və biznes proseslərinin avtomatlaşdırılmasına töhfə vermək istəyirəm. Karyeramı Azərbaycanda aparıcı texnologiya şirkətlərində və ya irimiqyaslı dövlət rəqəmsallaşma layihələrində “Applied ML Engineer” və ya “AI Product Developer”də davam etdirməyi planlaşdırıram. Bununla yanaşı, qazandığım beynəlxalq təcrübəni ölkəmizdə İT sahəsinə yeni addım atan gənclərlə bölüşmək, xüsusilə data mühəndisliyi istiqamətində inkişaf etmək istəyən gənclərə mentorluq etmək niyyətindəyəm. Yekun hədəfim isə Azərbaycanda dataya əsaslanan, insanların gündəlik həyatını və biznes proseslərini asanlaşdıran innovativ rəqəmsal həllərin yaradılmasında iştirak etməkdir.