Modern.az

Müslüm Maqomayev Rusiyanın mədəniyyət naziri postundan niyə imtina etdi...

Müslüm Maqomayev Rusiyanın mədəniyyət naziri postundan niyə imtina etdi...

Mədəniyyət

Bu gün, 16:25

Milyonların sevimlisi Müslüm Maqomayev böyük sənətkar olmaqla yanaşı, olduqca sadə, səmimi, mehriban, təvazökar, xeyirxah bir insan idi. Heç vaxt yanındakılara yuxarıdan aşağı baxmaz, kiminsə qəlbini qırmaz, ona müraciət edəni məyus etməzdi. Dostluqda çox vəfalı və etibarlı idi. Qadınlara qarşı olduqca nəzakətli, çevrəsinə buraxdığı insanlara qarşı qayğıkeş idi.

Müslüm Maqomayevlə mənim tanışlığım 1996-cı ildə baş tutub. Amma Rəşidə xanım, rəhmətlik Ceyran xanım onunla çoxdan tanış idilər və həmişə Müslümün necə böyük şəxsiyyət, səmimi insan olması haqqında danışardılar. 1996-cı ildə Müslüm Maqomayev Moskvada "Rəşid Behbudov ulduzu" adlı xatirə gecəsini keçirəndə mən də bu qeyri-adi insanla yaxından tanış oldum və tanışlığımız möhkəm dostluğa çevrildi. Hər halda, o özü məni belə təqdim edirdi.

Müslüm Maqomayevlə biz tez-tez görüşərdik. Onun ad günlərində, yubiley tədbirlərində, kitab təqdimatlarında iştirak edərdik. Bəzən zəng edib səbəbsiz bizi Moskvaya dəvət edərdi və günlərlə, həftələrlə birlikdə vaxt keçirərdik. Yay aylarında Bakıya gəlməyi çox sevərdi və burada olduğu müddətdə tez-tez görüşərdik. Bu görüşlərin hər biri çox maraqlı keçərdi və qəlbimizdə silinməz izlər buraxıb.                 

Bu gün, böyük sənətkarın, gözəl insanın doğum günündə vaxtilə Rəşidə xanımla birlikdə şahidi olduğum bir hadisəni sizinlə bölüşmək istəyirəm.

1997-ci ilin sentyabr ayı idi. Moskvada Müslüm Maqomayevin 55 illik yubileyinə dəvət almışdıq. Tədbir çox maraqlı formatda təşkil olunmuşdu. "Dostların əhatəsində Müslüm Maqomayevin yubiley gecəsi" adlanırdı. Moskvanın məşhur "Rossiya" Mərkəzi Konsert Zalında təşkil olunan gecə ənənəvi yubiley tədbirlərindən fərqlənirdi. Müslüm Maqomayev çoxsaylı müraciətlərə baxmayaraq, rəsmi dəbdəbəli tədbir keçirməkdən boyun qaçırmışdı. O, kütləvi pafos istəmirdi. Ona görə də ən yaxın dostlarının əhatəsində, sərbəst şəkildə, yubileyini qeyd etməyi qərara almışdı. Bu hadisə o dövrdə Rusiya mətbuatında ciddi müzakirəyə səbəb olmuşdu və bütün qəzetlər onun nə qədər sadə, təvazökar olmasını xüsusi vurğulayırdılar.

"Rossiya" Mərkəzi Konsert Zalının səhnəsi yubilyarın şərəfinə təmtəraqla bəzədilsə də, 2500 nəfərlik tamaşaçı zalı ziyafət masaları və oturacaqlar "U" formasında düzülmüşdü. Masaların üzərində ən dəbdəbəli restoranlarda olduğu kimi naz-nemətlər qoyulmuşdu. Xeyli sayda ofisiant masalara xidmət edirdi. Dəvət olunanlar Müslüm Maqomayevin yaxın dostları, ən məşhur insanlar, bəstəkarlar, sənətçilər, aktyorlar, dövlət və hökumət nümayəndələri, nazirlər, deputatlar, iri şirkət və korporasiyaların rəhbərləri rahat şəkildə yeyib-içir, ürəyi istəyən mikrofonu götürüb ürək sözlərini söyləyir, yubilyarı təbrik edirdi. Məşhur artistlər sərbəst şəkildə səhnəyə qalxıb Müslüm Maqomayevin şərəfinə gözəl ifaları ilə ziyafətə əlavə rəng qatırdılar. Yəni, heç bir ssenari yox idi. Konsert proqramı kimi ardıcıllıq nəzərdə tutulmamışdı. Hər kəs tam sərbəst idi. Sağlıq demək, yubilyarı təbrik etmək istəyən mikrofonu götürüb öz masasının yanında ayağa durub ürək sözlərini söyləyərdi. Musiqi ifa etmək istəyən isə səhnəyə qalxıb hazırladığı əsəri yubilyarın şərəfinə ifa edirdi. Yeri gəlmişkən, deyim ki, Rəşidə xanım da Müslüm Maqomayevin repertuarından, onun özünün yazdığı "Elegiya" və "O pəncərənin önündə" mahnılarını yüksək peşəkarlıqla ifa etdi. Rəşidə xanım bu əsərləri Müslüm Maqomayev üçün sürpriz hədiyyə hazırlamışdı. Konsert proqramının dəqiq planı olmadığı üçün heç kim, heç yubilyarın özü də bilmirdi ki, kim nə ifa edəcək. Əvvəlcədən proqram tərtib edilməmişdi. Rəşidə xanımın sürpriz hədiyyəsi Müslüm Maqomayevi yaman təsirləndirmişdi. İfanı çox bəyəndi və çox razı qaldı. Elə həmin tədbirdə də mikrofonu götürüb Rəşidə xanımın ünvanına xeyli xoş sözlər dedi.

Tədbir gecə yarıya qədər uzandı. Heç kim bu xoş atmosferdən ayrılmaq istəmirdi. Bu qədər məşhur insanların bir araya toplaşması, həqiqətən sönməz ulduz olan Müslüm Maqomayev haqqında bu qədər xoş, səmimi ürək sözlərinin səslənməsi gecəni nağıla çevirmişdi.

Çəkiliş eksklüzivi Rusiyanın RTR kanalına mənsub olsa da, mən qabaqcadan Müslüm Maqomayevdən xahiş etmişdim ki, AzTV əməkdaşlarının da çəkiliş apara bilməsi üçün şərait yaradılsın. O vaxtlar sədr olan Nizami Xudiyevdən Moskvaya çəkiliş heyəti və texnika göndərilməsi üçün icazə istədim. Allah rəhmət eləsin, Nizami müəllim bizə hər cür şərait yaratdı və AzTV-nin çəkiliş qrupu tədbiri işıqlandırmaq üçün Moskvaya ezam olundu. Sonda başlıqdakı məsələyə qayıdacağam. İndi isə bir neçə maraqlı məqamları qeyd etmək istəyirəm.


Müslüm Maqomayevin unudulmaz yubiley gecəsindən sonra, sentyabrın 18-də Azərbaycanın Rusiyadakı səfirliyinin binasında daha bir tədbir oldu. Sentyabrın 18-i iki dahi bəstəkarımızın - Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin doğum günüdür. Nəvə Müslüm bu tarixə olduqca həssaslıqla yanaşardı. O vaxtlar Azərbaycanın Rusiyadakı səfiri akademik Ramiz Rzayevin təşkilatçılığı ilə çox gözəl bir tədbir düzənlənmişdi. Həm musiqimizin klassiklərinin doğum günü, həm də nəvə Müslüm Maqomayevin 55 illik yubileyi yüksək səviyyədə qeyd olundu.

AzTV-nin çəkiliş qrupu Bakıya qayıtdı. Biz Rəşidə xanımla daha bir neçə gün Moskvada qalmalı olduq. Çünki bir çox televiziya kanallarında Müslüm Maqomayevə verilişlər həsr olunmuşdu və həmin verilişlərdə Rəşidə xanım da çıxış etməli idi. Açığı, mən çox həyəcanlı idim. Bakıya gəlib yubiley tədbirini RTR-dən qabaq efirə hazırlamaq istəyirdim. Bu, sırf peşə həyəcanı idi, birincilik yarışması idi. Nəhayət, Bakıya qayıtdıq və mən dərhal verilişi efirə hazırlamağa başladım. Qısa bir vaxtda işimizi bitirdik və verilişi təhvil verdik. Verilişin efirə getdiyi tarix yadımda deyil, hər halda tədbirdən təxminən 10-12 gün sonra idi. Axşam xəbərlərdən sonra təxminən 2 saat yarımlıq veriliş efirə getdi. Artıq gecə yarısını keçmişdi. Birdən telefon zəng çaldı. Dəstəyi qaldırdım və Müslüm Maqomayevin məxmər kimi səsini eşitdim. Xəttin o başında onun gülə-gülə "sən nə oyun çıxartmısan" deməsi indiyə kimi yadımdadır. Müslüm Maqomayev özünə xas olan təmkinlə dedi:

"Bilirsən, elə indicə Heydər Əliyeviç mənə zəng eləmişdi. Çox sevincli idi. Məni ürəkdən təbrik etdi. Verilişə baxıb və çox bəyənib, veriliş bitən kimi mənə zəng etmişdi. Dedi ki, çox maraqlı veriliş alınıb, böyük həzz aldım, hər şey yüksək səviyyədə idi. Mən də cavab verdim ki, Heydər Əliyeviç, veriliş hələ efirə getməyib axı. RTR gələn həftəyə planlaşdırıb verilişi efirə verməyə. Heydər Əliyeviç ürəkdən gülərək dedi ki, onlar qoy hələ planlaşdırsınlar, biz artıq göstərdik..."

Ertəsi gün səhər tezdən Nizami Xudiyevin köməkçisi zəng elədi və bildirdi ki, sədr səni çağırır. Açığı, neçə gün idi çox yorğun idim, gecəni də demək olar ki, yatmamışdım. Durub bir təhər hazırlaşdım və getdim işə. Qəbul otağında Moskvaya ezamiyyətə gedən çəkiliş qrupunun üzvləri məni gözləyirdi. Köməkçi sədrə məlumat verdi və bizi içəri dəvət etdi. Nizami Xudiyev sevincini gizlətmədən hamımızla görüşdü və əyləşməyə dəvət etdi. İlk sözdən bizə təşəkkür etdi və bildirdi ki, gecə yarısı cənab Prezident ona zəng edib və tapşırıb ki, çəkiliş qrupuna onun adından minnətdarlığını çatdırsın. Cənab Prezidentin diqqəti hər birimizi hədsiz sevindirmişdi və qəlbimiz fərəh hissi ilə dolmuşdu. Sonralar həmin veriliş dəfələrlə efirdə yayımlandı. RTR də həmin tədbirdən öz versiyasını hazırlayıb bir neçə dəfə göstərdi.

Moskvada yubiley tədbirində maraqlı məqamlar çox idi. Məni ən çox heyrətləndirən və böyük Müslüm Maqomayev şəxsiyyətini səciyyələndirən faktı diqqətinizə çatdırmaq istəyirəm. Həmin tədbirdə tanınmış, məşhur insanlarla yanaşı, dövlət və hökumət nümayəndələri də iştirak edirdi. Rusiya Federasiyası Hökumətinin sədr müavini Aleksandr Şoxin hökumət rəhbərliyinin təbrikini oxuyandan sonra maraqlı bir hadisəni danışdı:

"1996-cı ildə hökumətin yeni tərkibi formalaşdırılırdı və Prezident Boris Yeltsin təklif etdi ki, mədəniyyət naziri postuna Müslüm Maqomayevi təyin edək. Boris Nikolayeviç fikrini belə əsaslandırdı ki, mədəniyyətdə geniş islahatlar aparılmalıdır. Bu islahatları aparmaq üçün bizə böyük nüfuza malik, hamının hörmətlə yanaşdığı Müslüm Maqomayev kimi adam lazımdır. Daha sonra Boris Nikolayeviç mənə tapşırdı ki, Müslüm Maqomayevlə danışım və təyinat üçün sərəncam hazırlayım. Mən elə həmin gün Müslüm Maqomedoviçə zəng edib ona bu haqda məlumat verməyi qərara aldım. Zəng edib danışanda qəribə mənzərə ilə rastlaşdım. Müslüm Maqomedoviç dəstəyi qaldıran kimi mən hal-əhval tutduqdan sonra onu təbrik etdim və Boris Nikolayeviçin qərarını səsləndirdim. Xəttin o biri başından heç bir reaksiya eşitmədikdə elə bildim ki, arada səs kəsilib. Bir daha dediklərimi təkrar etdim. Müslüm Maqomedoviç sözümü yarımçıq kəsərək "bəli, bəli, eşitdim hamısını, təkrar etməyə ehtiyac yoxdur" dedi. Mən, açığı, belə reaksiya gözləmirdim. Soruşdum ki, fikriniz nədir, nə düşünürsünüz? Qısa fasilədən sonra Müslüm Maqomedoviç ciddi səslə soruşdu:

- Mən sizə nə pislik etmişəm?

Cavab verdim ki, Müslüm Maqomedoviç, Boris Nikolayeviç sizə böyük etimad göstərir və çox inanır ki, siz mədəniyyət siyasətini həyata keçirməkdə nüfuzunuzu əsirgəməyəcəksiniz. O isə cavabında dedi:

- Mən Boris Nikolayeviçə çox minnətdaram, etimad göstərdiyinə görə təşəkkür edirəm. Amma başa düşə bilmirəm, məni niyə belə cəzalandırmaq istəyirsiniz? Mən yaradıcı adamam. Məmur ola bilmərəm. Sərbəst olmaq istəyirəm.

Mənim təkrar cəhdlərimin heç bir nəticə vermədiyini görüb sağollaşdıq. Baxın, Müslüm Maqomayev belə bir insandır".

Aleksandr Şoxinin bu çıxışını tədbir iştirakçıları gurultulu alqışlarla qarşıladılar. Çoxları heyfsləndiyini gizlətmirdi və öz aralarında bir-birinə bildirirdi ki, kaş ki, Müslüm Maqomayev bu təklifə razılıq verərdi...


Kamil Şahverdi
Jurnalist, Rəşid Behbudov Fondunun rəhbəri

Sizə yeni x var
Keçid et
Putinin şok planı üzə çıxdı - 32 ölkə qorxuya düşdü