Modern.az

Qəzetdən alqoritmə: Zərdabi irsinin taleyi "like"ların ümidinə qalmamalıdır

Qəzetdən alqoritmə: Zərdabi irsinin taleyi "like"ların ümidinə qalmamalıdır

Media

Bu gün, 11:36

Son günlər mətbuatın üzərini alan qara buludlar artıq vəziyyətin medianın taleyi üçün nə qədər ciddi və həyəcanverici olduğunu anlamağa bəs edir. Sosial medianın yüksəlişi mətbuatımızı az qala tənəzzül həddinə çatdırıb.

Sözüm yanlış anlaşılmasın. Azərbaycanda peşəsini vicdanla yerinə yetirən, qələmi də sözü qədər kəskin olan çox sayda jurnalist var. Onların gördüyü işlər bu gün də milli mətbuatın inkişafına xidmət edir. Yəni problem jurnalistlərdə deyil. Problem odur ki, insanların informasiya tələbatını artıq sosial şəbəkələr qarşılayır. Smartfonu olan hər kəs özünü informasiya daşıyıcısı hesab edir. Bir sözlə, hər mobil telefonu olan şəxs özünə bir sosial şəbəkədə hesab açaraq başlayır kütləni "maarifləndirməyə". Bu informasiyalar da heç bir senzuradan keçmədən, müvafiq şura ələyindən süzülmədən gəlir girir hər birimizin evinə. 

Beləcə, həqiqətlə manipulyasiya arasındakı sərhəd də getdikcə silinir. Bax, elə bu dəm də Kərəmi bir ağlamaq tutur ki, gəl görəsən.

Axı, Həsən bəy Zərdabinin qəzet jurnalistikasının əsasını qoyarkən məqsədi bu deyildi. Jurnalistika sadəcə informasiya ötürmək deyil. O eyni zamanda cəmiyyəti maarifləndirmək, insanları düşünməyə sövq etmək, mənbəyindən asılı olmayaraq informasiyanı yoxlayıb düzgün şəkildə təqdim etmək missiyası daşıyır.

Sosial medianın faydasını inkar etmək olmaz. O, informasiyanın əlçatanlığını artıraraq insanlara söz demək imkanı yaradıb. Haqqına girmək istəmirəm, çünki o da xalqın gözünü kifayət qədər açıb. Bu gün TikTok, Instagram və digər platformalarda məşhur etdiyimiz şəxslər cəmiyyətə müəyyən təsir göstərirlər.

Məsələ gözümüzün açılması deyil, baxış bucağımızın necə formalaşdırılması, maraq dairəmizin hansı istiqamətə yönləndirilməsidir.

Əlacımız qalırdı arada kitab oxuyub aydınlanmağa. Onu da sosial mediada böyük auditoriyası olan bəzi şəxslərin yanlış yönləndirmələri nəticəsində ən hündür rəflərə qaldırıb tozlanmasını seyr edirik. Ən böyük təhlükə də elə budur. Çünki cəmiyyəti formalaşdıran artıq kitab, qəzet və müəllim yox, alqoritmlərdir.

Mətbuat Şurasının sədri Rəşad Məcidin kitab oxumağın əhəmiyyəti və sosial media ilə bağlı paylaşımına aparıcı Zaur Baxşəliyevin verdiyi qeyri-ciddi şərhi nəzərdə tuturam. Düşünə bilirsinizmi məsələnin ciddiliyini? KİV nümayəndəsi kimi kifayət qədər təcrübəsi olan bir şəxs fikirlərilə sanki "kitabı boş verin, dövr TikTok dövrüdür" demək istəyir. Ola bilsin ki, niyyəti bu olmayıb, amma cəmiyyətin aldığı mesaj məhz belə oldu. 

Onun bu fikirlərini eşidəndə xəyalən 2000-ci illərin əvvəllərinə qayıtdım. O zaman 19 yaşım vardı, tələbəliyimin ilk illəri idi. "525-ci qəzet"in köhnə redaksiyasına ilk dəfə ayaq basanda sanki dünyanı mənə vermişdilər. Qəzetin baş redaktoru Rəşad Məcidin rəhbərliyi altında təcrübə keçəcəkdik. Hər səhər həyəcan və təlaşla redaksiyanın tozlu dəhlizlərində var-gəl edirdik ki, görəsən, Rəşad müəllim bu dəfə kimə hansı tapşırığı verəcək.

O vaxt ağlıma da gəlməzdi ki, üzərindən təxminən 20 il keçəcək və jurnalistika təhsili olmasa da, kifayət qədər media təcrübəsi olan bir aparıcı böyük bir auditoriyaya belə mesaj verəcək, bizim müəllim kimi örnək götürdüyümüz şəxsin dediklərini qəribliyə salmağa çalışacaq. 

Hələ bir də süni intellektin təqdim etdiyi imkanlar var. Yazırsan mövzunu, verirsən təlimatı və hansı üslubda desən yazını hazır edir. Çiçək kimi də yazı ərsəyə gəlir, amma quru çiçək. Qələm adamının ruhunu, poetik dilini süni intellekt təcəssüm etdirə bilmir axı.

Anladıq, dövr internet dövrüdür. Rəqəmsallaşmadan qaçmaq mümkün deyil. Sosial şəbəkələr də medianın inkişafı üçün imkan yarada bilər. Bəs kütlə? Bu gün milyonlarla insanın izlədiyi hesablar, onların sahibləri və cəmiyyətə aşıladıqları dəyərlər Zərdabinin ruhunu incidir axı. 

Əsas sual elə budur: inkişaf etdiririk, yoxsa özümüzü alqoritmlərin ixtiyarına buraxırıq?

Son günlər həmkarlarla söhbətlərimizdə eyni fikri tez-tez səsləndirirəm: əgər bu tendensiya davam edərsə, sabah peşəkar jurnalistika yox, izlənmə uğrunda yarışan təsadüfi məzmun istehsalçıları gündəmi müəyyən edəcəklər. Belə olan halda da bizim illər əvvəl o tozlu redaksiya otaqlarında qazandığımız təcrübə gözümüzdən, burnumuzdan piltə-piltə gələcək.

Bəlkə də bu gün yaşadıqlarımız illər əvvəl qəzeti "köhnəlib" deyərək mətbəxdə altlıq kimi istifadə etdiyimiz günlərin gecikmiş cavabıdır. Media yarananda qəzeti yağ ləkəsi olmasın deyə mətbəx mebelinin üstünə sərərkən nə düşünürdük? Heç ağlımıza gəlirdimi ki, bir gün həmin sarı kağızların ahı bizi tutacaq? Zərdabinin incimiş ruhu bizdən bunun hesabını soruşmayacaqdımı?

Soruşur. Həm də zərrəsilə. Bizi, mediamızı və milli mətbuatımızı META platformalarının yaratdığı sosial şəbəkələrin əsirinə çevirməklə. Kağıza hörmət etmədik, sözün dəyərini ucuzlaşdırdıq, indi isə informasiyanın dəyərsizləşməsindən şikayətlənirik.

"Ümid sonda ölür" deyirlər. İnanıram ki, milli mətbuatın gələcəyi var. Amma bunun üçün əvvəlcə jurnalistikanın dəyərini yenidən cəmiyyətə xatırlatmalıyıq. Əks halda, informasiya bolluğu içində həqiqətin yoxluğu ilə üz-üzə qalacağıq. Bir sözlə, boş və səthi məzmunun arxasınca gedərək cəhalətə sürüklənəcəyimiz günlər o qədər də uzaqda görünmür. Bu isə təkcə medianın yox, bütöv cəmiyyətin məğlubiyyəti olacaq.

Ülviyyə Fərhad

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranda əməliyyatlar başladı - Dəhşətli partlayış səsləri