Modern.az

Bakıdan Naxçıvana biletlər UCUZLAŞACAQ

Bakıdan Naxçıvana biletlər UCUZLAŞACAQ

Ölkə

4 Aprel 2024, 17:41

Bir müddət əvvəl Nazirlər Kanineti “Naxçıvan” Beynəlxalq Hava Limanı barədə qərar qəbul edib. Qərara əsasən, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tabeliyində olan “Naxçıvan” Beynəlxalq Hava Limanı “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin tabeliyinə verilib.

 

Qeyd edək ki, Naxçıvan Hava Limanı tikintisinə 1974-cü il 31 oktyabrda başlanılıb və 1976-cı ildə başa çatıb. O vaxt 3-ancaq Bakı şəhərinə reyslər həyata keçirilirdi.

 

1992-ci ildə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin (parlamentin) sədri olan Heydər Əliyev Naxçıvan Hava Limanının uçuş enmə zolağının yenidən qurulması təşəbbüsünü irəli sürdü və bu iş yerli mütəxəssislər cəlb olunmaqla qısa müddət ərzində həyata keçirildi. 

 

2002-2004-cü illər ərzində yeni təyyarə vağzalı tikildi, 2004-cü ilin aprel ayında isə Naxçıvan Hava Limanı Beynəlxalq Hava Limanı statusunu qazandı. 2018-ci ildə Bakı, Gəncə (AZAL) və İstanbul-Atatürk (Türk Hava Yolları) istiqamətlərinə müntəzəm uçuşlar həyata keçirilir.

 

“Naxçıvan” Beynəlxalq Hava Limanının AZAL-a verilməsinin əsas səbəbi nədir? Bu qərar Naxçıvana uçuş biletlərinin ucuzlaşmasına səbəb olacaq?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov “Naxçıvan” Beynəlxalq Hava Limanının “Azərbaycan Hava Yolları” Konserninin (AZAL) tərkibinə verilməsinin səbəbini belə izah edib:

 

““Naxçıvan” Beynəlxalq Hava Limanının “Azərbaycan Hava Yolları” Konserninin (AZAL) tərkibinə verilməsi hava nəqliyyatı sahəsində aparılan islahatların, bu nəqliyyat sisteminin idarə edilməsi və optimallaşdırılması ilə bağlı yeni tədbirlərin tərkib hissəsidir. Regionun böyük aviadaşıyıcısı və MDB ölkələrinin aviasiya icmasının liderlərindən biri olan AZAL-ın ölkə iqtisadiyyatında xüsusi rolu vardır və şirkət son dövrlər yeni islahatlar mərhələsinə qədəm qoyaraq müasir idarəetmə çərçivəsində fəaliyyətində səmərəliliyi artırmaq, onun idarə edilməsini müasir korporativ idarəetmə standartlarına çatdırılmasına çalışır. Bu strategiyaya uyğun olaraq ölkənin bütün aviasektorunda və beynəlxalq limanlarında vahid idarəetmə tətbiq olunur. Həmin plana uyğun olaraq “Naxçıvan” Beynəlxalq Hava Limanı da AZAL-ın tərkibinə daxil edilib”.


A.Hüseynov qeyd edib ki, bununla bağlı Nazirlər Kabinetinin müvafiq qərarı “Naxçıvan” Beynəlxalq Hava Limanının VİP salonunda təhlükəsizliyin təmin edilməsi, eləcə də mühüm şəxslərin qarşılanması və yola salınması xidmətlərinin göstərilməsi kimi müvafiq xidmətlərin daha da təkmilləşdirilməsinə, ən müasir xidmət çeşidlərinin qurulmasına səbəb olacaq:

 

“Naxçıvan həm də Azərbaycanın dünyaya açılan qlobal tranzit məkanlarından biridir, burada Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsinin işi ən müasir standartlara uyğun qurulub. Bütün bu işlərin həmahəngliyini artırmaq, xidmət və idaretmə formatını yeniləşdirmək üçün ölkəmizin digər mülki aviasiya subyektləri kimi “Naxçıvan” Beynəlxalq Hava Limanının da mərkəzi idarəetməyə - AZAL-a tabe olunması xidmətin keyfiyyətinin artmasına, sərnişinlərin daha çoxşaxəli uçuş reysləri ilə əhatə olunmasına, limanda daha müasir infrastrukturların yaradılmasına səbəb olacaq”.


Deputat sonda qeyd edib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027- ci illər üçün Dövlət Proqramı”na əsasən Naxçıvanın bütün sahələrində, o cümlədən nəqliyyat-tranzit sistemlərinin müasirləşdirilməsi nəzərdə tutulur. Bu, sənəd də Hava Limanı ilə bağlı müasir optimallaşdırma tədbirlərinə öz töhfəsini verəcək.

 

İqtisadçı ekspert Eldəniz Əmirov söyləyib ki, məsələyə iki kontekstdən yanaşmaq lazımdır:

 

“Birincisi müvafiq qərar Naxçıvanın Azərbaycanın əsas hissəsinə hərtərəfli inteqrasiyası baxımından vacibdir. Naxçıvanla birbaşa əlaqənin olmadığını nəzərə alsaq, bu, nəqliyyat sektorunda addımların atılmasının aktuallığını Azərbaycan üçün daha da atırır. Ona görə də sözügedən qərar birmənalı olaraq müsbət qarşılanmalıdır”.

Ekspert müvafiq qərarın biletlərin qiymətinə təsirindən də danışıb:

 

“Biletlərin qiyməti ilə bağlı məsələyə gəldikdə, əlbəttə, deyə bilərik ki, vəziyyət əvvəlki ilə müqayisədə müsbətə doğru dəyişməkdədir. Etiraf edək ki, yalnız Naxçıvanda yox, Bakıda da aviabiletlərin qiymətlərində müəyyən dəyişikliklər müşahidə edilməkdədir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!