Modern.az

Sülhdən əvvəl yaxşı qonşuluq - Bakıdan İrəvana mühüm TƏKLİF

Sülhdən əvvəl yaxşı qonşuluq - Bakıdan İrəvana mühüm TƏKLİF

22 İyul 2024, 17:48

Azərbaycan Ermənistan tərəfinə təklif edib ki, müvəqqəti yanaşma olaraq biz iki ölkə arasındakı qonşuluq münasibətlərinin əsasını təşkil edə bilən əsas prinsiplər məsələsində də razılığa gələ bilərik. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev məlumat verib.

 

"Buna aralıq sülh müqaviləsi deməzdim. Nəzərə almaq lazımdır ki, 2021-ci ildə bütövlükdə sülh prosesinin əsasını təşkil edən prinsiplərin təşəbbüskarı da Azərbaycan tərəfi idi", - o qeyd edib.

 

Qonşuluq münasibətləri ilə bağlı sözügedən təklif sülh müqaviləsinin imzalanması prosesi sürətlənə bilərmi?

 

Təkliflə bağlı Modern.az-a danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, burada söhbət ilkin razılıq sazişindən gedir:

 

“Bəllidir ki, iki ölkə arasında olan problemlərin həllinə nail olmaq üçün aylar, bəlkə də illər lazımdır. Məsələn sərhədlərin müəyyən edilməsi, delimitasiya və demarkasiya prosesi, kommunikasiyaların normallaşması, humanitar problemlərin həll olunması, hüquqi məsələlərin həlli vacibdir. İlkin mərhələdə gələcək sülh danışıqlarına dair hansısa prinsiplər müəyyən oluna bilər. Bu barədə razılığın əldə edilməsi mümkündür. Hər halda cənab Prezident bildirib ki, sülh sazişi mətninin 80-90%-i hazırdır. Bu sülhə aparan yolun başlanğıcı kimi qəbul oluna bilər. Orada da bəzi problemlər var ki, öz həllərini tapmalıdır",

 

O qeyd edib ki, sülh üçün Ermənistanın müəyyən qanunlarının ləğvi barəsində öhdəlik götürməlidir: "Biz başa düşməliyik ki, bu sülhün təmin edilməsi yox, bu istiqamətdə bir sıra məsələlərin həll edilməsi barəsində saziş ola bilər. Bu da sülh prosesində vacib mərhələdir. Bir çox hallarda bu münaqişədə olan tərəflər arasında bu cür yanaşma tətbiq olunur”.

 

Keçmiş xarici işlər naziri Elmar Məmmədyarov da saziş üçün Ermənistanın addımlar atmalı olduğunu vurğulayıb:

 

"Prezident İlham Əliyev də bildirmişdi ki, sülh sazişi üzərində iş aparılır. Aparılan işlər bitiriləndən sonra əsas şərt Ermənistanın öz konstutisiyasını təmizləməlidir. Sülhün əldə edilməsi üçün əvvəlcə Ermənisrtan Azərbaycana qarşı ərazi iddialarından əl çəkməli və konstutisiyasında da buna uyğun düzəliş etməlidir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə: Ordumuzun hərbçisi həlak oldu