Modern.az

7 yaşlı Fəridin ölümü ilə gündəmə gələn PROBLEM...

7 yaşlı Fəridin ölümü ilə gündəmə gələn PROBLEM...

Parlament

8 May 2023, 15:58

Ötən həftə Sumqayıt şəhərində 7 yaşlı Fərid Bakarovun məşq zamanı ölümü məşqçilərin psixoloji durumu və idman zallarının təhlükəsizliyi məsələsini gündəmə gətirib.

 

Milli Məclisin mayın 2-də keçirilən plenar iclasında idman zallarına müşahidə kameralarının quraşdırılması, mütəmadi olaraq yoxlamaların aparılması təklif olunub. Bildirilib ki, Gənclər və İdman Nazirliyi bu işə ciddi yanaşmalı, neqativ halların baş verməməsi üçün məşqçilər daim nəzarət alında saxlanılmalıdır.

 

“Sumqayıt idman məktəbində məşqçinin törətdiyi hadisəyə xüsusi yanaşma olmalıdır. Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi idman məktəblərində nəzarəti gücləndirməlidir. İdman məktəblərində müəllimlərlə profilaktik söhbətlər aparılmalıdır. Bütün idman zallarına müşahidə kameraları quraşdırılmalıdır. Eyni zamanda uşaqlara da səslənirik ki, belə hallarla qarşılaşdıqda polisə bildirsinlər”, - deyə deputat Kamal Cəfərov çıxışında bildirib.

 

Göründüyü kimi, 7 yaşlı Fəridin ölümü uzun illər idman sahəsində kök salmış bir sıra problemləri üzə çıxardı.

 

Bəs Oxşar hadisələrin baş verməməsi üçün hansı addımlar atılmalıdır? İdman zallarına nəzarət tədbirləri gücləndiriləcəkmi?

 

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bildirib ki, orta məktəblərdəki idman zallarına nəzarətdə boşluq var:

 

"Hesab edirəm ki, bu sahədə kifayət qədər boşluqlar var. Son hadisələr məktəb zallarına nəzarətin olmadığını göstərdi. Bəzi hallarda məktəb rəhbərləri idman zallarını icarəyə veriblər. Əlbəttə, hansısa xoşagəlməz cinayət tərkibli hadisə olduqda buna hüquq-mühafizə orqanları müdaxilə edir. Ümumilikdə isə belə məsələlərdə tam məsuliyyət Elm və Təhsil Nazirliyi, onun strukturlarının üzərinə düşür. Onlar məktəb zallarından düzgün istifadəyə ciddi nəzarət etməlidirlər. Onunla bağlı müvafiq tədbirlər görülməlidir. Belə halların baş verməməsi üçün konkret addımlar atılmalıdır".

 

Deputat belə halların yaşanmaması üçün təhsilin üzərinə böyük vəzifə düşdüyünü qeyd edib:


"Bu istiqamətdə çox ciddi addımlar atmalıyıq ki, gələcəkdə belə hallar baş verməsin. Hadisə baş verdikdən sonra onu araşdırmalı olmayaq. Bunun üçün çox çalışmalıyıq. Məktəblərə nəzarət gücləndirilməlidir. Bu yanaşmada təhsilimizin üzərinə böyük yük və vəzifə düşür. Təhsilimizin səviyyəsi yüksək olmalıdır. İnsanların dünyagörüşü, intellektual səviyyəsi yüksək olmalıdır ki, problemlər yaşamayaq".

 

 

Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Cəbi Quliyev isə vurğulayıb ki, neqativ hallar azyaşlılların idmana cəlb olunmasına mənfi təsir edir.


"Güləş və cüdo üzrə Avropada, eləcə də olimpiya oyunlarında xeyli medallar qazanmışıq. Ötən həftə baş vermiş hadisə azyaşlıların idmana cəlbi məsələsində ciddi problem yarada bilər. Təbii ki, hansısa məşqçinin etdiyi səhvə görə bütün idman ictimaiyyətini qınamaq olmaz. Ümid edirəm ki, bundan sonrakı mərhələdə Gənclər və İdman Nazirliyi fəal iş görər, ciddi nəzarət tədbirləri həyata keçirər.

 

İdman zallarında olan məşqçilərin testdən keçirilməsi, narkoloji, əsəb, psixi yoxlanış vacibdir. Hesab edirəm ki, bunları etsək, psixoloji problemləri olan məşqçilər idman zallarına buraxılmaz və belə hadisələr yaşanmaz. Bunun üçün ciddi işlər görülməlidir. Ümid edirəm ki, gələcəkdə cinayət halları ilə qarşılaşmarıq", - deputat vurğulayıb.

 

Qeyd edək ki, aprelin 29-da Sumqayıtda 7 yaşlı uşaq idman məktəbində aldığı xəsarət səbəbindən dünyasını dəyişib. 2016-cı il təvəllüdlü Fərid Bakarov Avropa oyunlarının bürünc mükafatçısı, tanınmış idmançı Mehman Xəlilovun keçirdiyi sambo məşqləri zamanı ağır xəsarət alıb. Belə ki, M.Xəlilov azyaşlıya qarşı təhlükəli fənd işlədib və 7 yaşlı Fəridin başı bədəninin altında qalması səbəbindən boyunu qırılıb. O, xəstəxanaya çatdırılsa da, aldığı xəsarətlərdən vəfat edib. Faktla bağlı cinayət işi açılıb, M.Xəlilov şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır