Modern.az

Qarabağ məsələsi İrəvanda başa çatmalıdır – Zahid Oruc

Qarabağ məsələsi İrəvanda başa çatmalıdır – Zahid Oruc

3 Mart 2023, 11:26

“Qarabağ məsələsi İrəvandan başladı, orada da başa çatmalıdır”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin təşkilatçılığı ilə keçirilən “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda ictimai dinləmədə deputat Zahid Oruc bildirib.

 

Komitə sədri çıxışında deyib: “Azərbaycanın 32 illik dövlət müstəqilliyinin bərpası, o cümlədən İrəvanın itirilməsindən sonra ilk dəfədir ki, tarixi torpaqlara Qayıdış mövzusu rəsmi, açıq, planlı, vahid strateji baxışla cəmiyyətin müxtəlif təbəqələri-dövlət hakimiyyəti və vətəndaş birlikləri, elmi və siyasi institutları, 3-cü sektor və partiyaları, medianın birgə iştirakı, müxtəlif ideologiyaları bir araya gətirməklə müzakirələri aparılır. Göründüyü kimi, yalnız hakimiyyətin, ayrıca partiyaların, hərəkatların, sosial qrupların deyil, bütövlükdə millətimizin yeni siyasi gündəliyi formalaşır. Əlbəttə, əgər 44 günlük müqəddəs müharibədə parlaq Zəfərimiz olmasaydı, yeni ideoloji hədəflər-Qayıdış hərəkatı ətrafında da birləşmək mümkün olmazdı. Qərbi Azərbaycan idealının milli gündəliyin önünə çıxdığı 2023-cü ilin Ulu öndərin anadan olmasının 100 illik yubileyi ilə üst-üstə düşməsi əsla rəmzi məna daşımır, çünki hər iki fenomeni gerçək tarixi, mənəvi, siyasi tellər bir-birilə bağlayır”.

 

“Əminliklə demək olar ki, azad edilən torpaqlar bütün dövrlərin köçkünlüyünə son qoyacaq, tarixi yurdlara qayıdış yollarını açacaq”, - deyən Komitə sədri qeyd edib ki, Prezident Qərbi Azərbaycana Qayıdış vəzifəsini bu dəfə ordu qarşısında deyil, silahsız alim və ziyalıların, çoxminli məktəb və universitetlərin, mədəniyyət və dini məfkurəni hazırlayan qurumların, bir sözlə, bütövlükdə xalqımızın qarşısında irəli sürür. Ona görə də hazırki müzakirə Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında seçilən gündəliyə uyğun müəyyənləşib.

 

"Almaniyanın birləşməsindən sonra mühüm platformaya çevrilən Münxen zirvəsinin sərlövhəsi: "Dağları aşarkən-Cənubi Qafqazda təhlükəsizlik” adlanırdı. Əlbəttə, biz Avropa ordularının Qafqaz dağlarını nə üçün aşdıqlarını yaxşı bilirik, lakin indi azərbaycanlıları Göyçə və Zəngəzur aşırımından üzü İrəvana dinc qayıdışa səsləyən ölkə rəhbəri təkcə Avropa auditoriyasına deyil, eləcə də region dövlətlərinə deyir ki, O, bütün tarixi dövrlərdə mübarizəsi yarımçıq qalmış əcdadların ideallarının təmsilçisidir. Ona görə də Qərbi Azərbaycan icmasının yaradılması, onun təsis edilməsində Birinci şəxsin bilavasitə iştirakı xüsusi məna daşıyır. Beləliklə, Qərbi Azərbaycan icması gələcəkdə genişlənərək yalnız bir coğrafiyanı deyil, bütövlükdə ölkəmizin etnik-milli zənginliyini özündə əks etdirəcəkdir. Qərbi Azərbaycan məsələsinin tarixi, mədəni, mənəvi kökləri ilə yanaşı, siyasi, ideoloji, geopolitik və hüquqi aspektləri var”, - Zahid Oruc əlavə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!