Modern.az

Bir şəklin tarixçəsi: Xocalı soyqırımından sarsılan CƏSUR DÖYÜŞÇÜ

Bir şəklin tarixçəsi: Xocalı soyqırımından sarsılan CƏSUR DÖYÜŞÇÜ

26 Fevral 2024, 12:04

Bu günlərdə həm Azərbaycanda, həm də dünyanın müxtəlif ölkələrində XX əsrin ən dəhşətli qətliamı - Xocalı soyqırımının 32-ci ildönümü qeyd edilir. Anım mərasimlərində bu qanlı cinayəti özündə əks etdirən müxtəlif fotolar nümayiş olunur.

Həmin fotolardan biri uzun illərdir yerli və xarici mediada tirajlanmaqdadır.

Modern.az saytı bu dəfə “Bir şəklin tarixçəsi” rubrikasında o fotodan bəhs edir.

Yəqin ki, bu şəkli görən istənilən azərbaycanlı onun Xocalı soyqırımını əks etdirdiyini bilir.

Tarix 26 fevral 1992-ci il. Məkan Azərbaycanın Xocalı şəhərinin yaxınlığı, Əsgəran yolu...

Bu şəkli Türkiyənin “Hürriyet” qəzetinin o vaxtkı müxbiri İrfan Sampaz çəkib.

Şəkildə Xocalı qətliamından min bir əzab-əziyyətlə sağ çıxıb Əsgəran yolu ilə qaçan insanlar lentə alınıb.

Qeyd edək ki, İrfan Sapmaz çəkdiyi şəkilləri və videogörüntüləri fevralın 27-də həm TRT vasitəsilə dünyaya yayımlayıb, həm də “Hürriyet” qəzetində birinci səhifəni Xocalı faciəsinə həsr edib. Məhz bu məlumatlar ilk dəfə dünyaya Xocalıda soyqırımının baş verdiyini bildirib.

Modern.az-a məlum olub ki, bu şəkildə əks olunmuş hərbçi Azərbaycanın məşhur alimi və ictimai-siyasi xadimi Xudu Məmmədovun bacısı oğlu Yavər Əzimovdur.

Onun sinif yoldaşı olmuş Zakir Əkbəroğlunun saytımıza açıqlaması:

“İrfan Sapmazın bu məhşur fotosundakı döyüşçü Yavər Əzimovdur. İndi həyatda olmayan bu cəsur əsgər məşhur alimimiz Xudu Məmmədovun bacısı oğludur.

Yavər Qarabağda ilk toqquşmalar başlayanda Rusiyadan qayıtdı və Mərzili özünümüdafiə dəstəsində, sonra isə 836 saylı hərbi hissədə döyüşlərdə fəal iştirak elədi. Çox ürəkli, qorxmaz, riski sevən dəliqanlı oğlan idi. Ağdamın süqutundan sonra Rusiyaya qayıtdı və orada dünyasını dəyişdi. Sinif yoldaşım idi, Allah rəhmət eləsin”.

Xocalı soyqırımından sonra Y.Əzimov bir müddət Xocalı rayon İcra Hakimiyyətində çalışıb. Sonra Azərbaycanı tərk edib. Xocalıda aldığı sarsıntılar onun sağlamlığına ciddi təsir edib, 2011-ci il may ayının 17-də iş başında olarkən ürəyi dayanıb.

Ə.Qafarlı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir