Modern.az

Yaddan çıxmış sənətkarlar - “Bəyin oğurlanması”na təsadüfən çəkilən, Arif Quliyevlə “sevgili” olan AKTRİSA

Yaddan çıxmış sənətkarlar - “Bəyin oğurlanması”na təsadüfən çəkilən, Arif Quliyevlə “sevgili” olan AKTRİSA

Reportaj

7 Mart 2024, 15:41

- Mən sənə demək istəyirdim ki...
- Elə mən də...
- Nəyi?
- Səni sevdiyimi.
- Onda axşam gələrsən.
- Hara?
- Oraaaaa…

"Bəyin oğurlanması" filmindəki “salam-sağol” səhnəsini yəqin ki, bu ekran əsərinə tamaşa edənlərin hamısı xatırlayır. Mirişlə sevgilisi Gülbadamın dialoqundan ibarət bu kiçik epizodun filmə salınması tam təsadüf olub.

Bu gün həmin epizodun xanım ifaçısı - aktrisa Naibə Əlibəyova son mənzilə yola salındı.

Modern.az saytının “Yaddan çıxmış sənətkarlar” layihəsi bu dəfə mərhum aktrisa Naibə Əlibəyovadan bəhs edir...

Naibə Əlibəyova 1963-cü ilin noyabr ayının 17-də Bakı şəhərində anadan olub, "Sovetski" adlanan məhəllədə böyüyüb. Aktrisanın əsli İmişli rayonundandır.

Bakıdakı 9 nömrəli məktəbi bitirəndən sonra, 1979-cu ildə Mədəniyyət və İncəsənət İnstitutunun Mədəni maarif fakültəsinin kütləvi tamaşalar rejissorluğu ixtisasına qəbul olunub. İnstitutu  bitirəndən sonra Dəvəçi rayonuna Mədəniyyət evinin müdiri vəzifəsinə təyinat alıb.
Üç il orada işləyərək təyinat müddətini başa vurandan sonra Bakıya qayıdıb  və Musiqili Komediya Teatrına işə düzəlib. 1992-ci ilə qədər “Muskomediya”da işləyib.

1992-ci ildə Xalq artisti Arif Quliyev "Arif” Satira Teatrını yaradanda Naibə Əlibəyova da yığcam heyətdən ibarət olan bu kollektivin üzvü olub və 2016-cı ilə kimi birgə çalışıblar.

Aktrisa Naibə Əlibəyova Xalq artisti Arif Quliyevlə birgə tez-tez rayonlara təşkil edilən qastrollarda iştirak edib.

Naibə Əlibəyovanı “Bəyin oğurlanması” filminə çəkilməsi təsadüf olub. 1985-ci ildə Musiqili Komediya Teatrının Şamaxıya qastrola gedən heyətində Arif Quliyevlə Naibə Əlibəyova da olur.  Həmin vaxt Şamaxının Məlhəm kəndində "Bəyin oğurlanması" adlı filmin çəkildiyini eşidən “Muskomediya”nın heyəti ora yollanır. Filmin rejissoru mərhum Ceyhun Mirzəyev eşidəndə ki, Arif Quliyev Məlhəm kəndinə gəlib, təcili onun üçün kiçik bir rol yazdırır. Bu zaman Arif üçün yazılan Miriş roluna sevgili də tapmaq lazım gəlir. Çünki həmin obrazda mütləq şəkildə tərəf müqabili olmalı idi. Rejissor bunu Arif Quliyevə deyəndə o, "mən sevgilini hardan tapım?" söyləyir. Ceyhun Mirzəyev də çox fikirləşmədən Naibə Əlibəyovanı göstərib deyir ki, “Arif, bax, bu də sənin sevgilin!”. Beləcə tam təsadüf nəticəsində hər iki komediya aktyoru “Bəyin oğurlanması” filminə çəkilir.

“Bəyin oğurlanması”ndakı epizodik rol aktrisanı çox məşhurlaşdırır…

1986-cı ildə ekranlara çıxan bu əyləncəli kinokomediyanı Azərbaycan tamaşaçıları arasında populyar edən məqamlardan biri də filmin qəhrəmanları arasındakı dialoqlardı. O dialqolar ki, insanlar arasında hətta zərb-məsələ çevrilib və yeri gələndə bu gün də işlədilir. Elə mərhum Arif Quliyevlə Naibə Əlibəyovanın dialoqu da həmçinin...

N.Əlibəyova “Bəyin oğurlanması”ndan sonra heç bir filmə çəkilməsə də, oynadığım tamaşalar çox olub.

O, aktrisa kimi çalışdığı müddətdə tez-tez AzTV-nin “Səhər görüşləri", "Komediyalar aləminə səyahət" verilişlərinə də çəkilib.

Birinci Qarabağ müharibəsi zamanı Arif Quliyev-Naibə Əlibəyova cütlüyü cəbhə bölgələrinə də tez-tez gedir, əsgərlər qarşısında çıxış edirdilər.  

“Səngərdə düşmənlə üz-üzə dayanmış Azərbaycan oğlunun alnındakı qırışın bir neçə dəqiqəlik də olsa, təbəssümlə əvəz olunması bizimçün dünyanın ən böyük sərvəti idi”, - aktrisa hələ sağlığında Modern.a-a verdiyi müsahibəsində demişdi.

Arif Quliyev-Naibə Əlibəyova cütlüyü mütəmadi olaraq Uşaq evlərində, Qocalar evində də çıxışlar edir, həm balacalara, həm də yaşlılara əyləncəli anlar yaşadırdılar.


2000-ci illərin əvvəllərində qəfildən səhhəti pisləşən aktrisa müayinələrdən keçəndən sonra həkimlərdən dəhşətli xəbər eşidir: onun beynində xərçəng şişi aşkarlanmışdı.

Bir müddət Azərbaycanda müalicə alır, sonra İrana gedir və orada həkimlərin qəbulunda olur.

Daha sonra Türkiyəyə müalicəyə gedib-gələn aktrisa beyin əməliyyatına məruz qalır.

Əməliyyatdan sonra danışığında xırda qüsurlar yaranan aktrisa bu səbəbdən səhnədən uzaqlaşmağa məcbur olub.

Aktrisa səhnədən gedəndən sonra yeganə qızının övladlarına – nəvələrinə baxmaqla məşğul olurdu.

N.Əlibəyova son illər mətbuata verdiyi açıqlamalarda səhnə üçün çox darıxdığını vurğulayır, teatr tamaşalarında, filmlərdə çəkilməyi çox istədiyini deyirdi.

Uzun müddət birgə çalışdığı Xalq artisti Arif Quliyev 2021-ci ildə vəfat edəndə, bu hadisə Naibə Quliyevanı çıx sarsıtmışdı. “Arifin yoxluğu həqiqətən də mənə çox pis təsir etdi”,- deyə aktrisa söyləmişdi.

6 mart 2024-cü il tarixi Naibə Quliyevanın bioqrafiyasına ölüm günü olaraq yazıldı. 60 yaşlı sənətçi bu gün Yasamal qəbiristanlığında torpağa tapşırıldı.
 


Ə.Qafarlı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ordumuz təhvil verilmiş kəndlərə daxil olub?