Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) avqustun 28-də 2011-2012-ci tədris ili üçün Azərbaycan Respublikasının ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları keçirəcək.
TQDK-nın mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib ki, abituriyentlər ana dili, Azərbaycan tarixi və riyaziyyat fənlərindən imtahan verəcəklər. Test üsulu ilə keçirilən imtahanda hər fəndən 15 sual təqdim olunacaq.
Rus bölməsinin abituriyentləri ana dili fənn bloku daxilində rus dili fənni ilə yanaşı, Azərbaycan dili fənnindən də imtahan verəcəklər. Onlara Azərbaycan dili fənnindən 5, rus dili fənnindən 10 sual təqdim ediləcək.
Tələbə Qəbulu üzrə Qəbul Komissiyasının mətbuat katibi Elnur Nağızadə bildirib ki, bu günə kimi 9 illik təhsil bazası üzrə orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanında iştirak etmək üçün 21 min 165 abituriyent sənəd verib. Onlardan 17 min 849-u öz ərizəsini artıq təsdiqləyib.
Ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbulla bağlı ətraflı məlumat “Abituriyent” jurnalının 4-cü nömrəsində dərc olunub.
Qeyd edək ki, 2011-2012-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasından (9 illik) tələbə qəbulu üçün sənəd qəbulu iyunun 28-də başlayıb, elektron ərizənin təsdiqi prosesi avqust ayının 10-u saat 17-00-də başa çatacaq.
Modern.az