Modern.az

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri şikayətləndi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri şikayətləndi

Ölkə

6 Sentyabr 2011, 13:16

“Yay tətili dövründə dövlət vəsaiti hesabına  57 uşaq bağçasında, 54  məktəbdə və 2 məktəbdənkənar təhsil müəssisəsində  təmir - tikinti işləri başlanılıb və bu günlərdə əksər təhsil müəssisələrinin yenidən qurulması, təmiri başa çatdırılıb”.
Modern.az-ın məlumatına görə bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva Bakı şəhər təhsil işçilərinin ənənəvi sentyabr konfransında geniş məruzə ilə çıxış edərkən deyib. Onun sözlərinə görə, il ərzində  7 məktəb, 8 körpələr evi - uşaq bağçası əsaslı,  15 məktəb, 23 uşaq bağçası, 1 məktəbdənkənar  təhsil  müəssisəsi  isə cari təmir edilib. Bununla yanaşı, 13 məktəb və 10 uşaq bağçasının istilik sistemi təmir edilib, təhsil müəssisələri  lazım olan inventar  və avadanlıqlarla təmin edilib.

“Hazırda  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 307 məktəbəqədər təhsil müəssisəsi var.  Fəaliyyətdə olan 302  müəssisədə uşaqların sayı  34369 olmaqla 1539 qrup fəaliyyət göstərir. Həmin  uşaqların  təlim - tərbiyəsi ilə  3765  nəfər pedaqoji işçi məşğul olur.  Bu il Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrindən 9176 uşaq məktəbə yola salınacaq”. 

N.Rzaquliyeva həmçinin qeyd edib ki, Təhsil İdarəsinin tabeliyində olan 301 tam  orta, 3  ümumi orta, 5  yardımçı, 1 evdə təhsil, 5 cəzaçəkmə müəssisəsindəki axşam məktəbində 316594 nəfər şagirdin təlim - tərbiyəsi ilə 31843  nəfər müəllim məşğul olur.

“Ümumtəhsil məktəblərimizin XI siniflərində dərs ilinin sonunda 23019 şagird olub, onlardan 20304 nəfəri, yaxud 88,2 faizi attestat alaraq tam orta təhsili başa vurub. İlk dəfə olaraq bu il  tam orta təhsili yüksək səviyyədə başa vuran 14 məzuna  qızıl, 4 məzuna isə gümüş medal verilib. Qızıl və gümüş medal alan məzunlarımızın qəbul imtahanlarında orta balı  628 olub.  Respublika üzrə 700 bal toplayan 4 abituriyentin hamısı Bakı məktəblərinin məzunlarıdır. 

Bu il keçirilən “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində  qalib gələn  50  məktəbdən   22 – si,  “Ən yaxşı müəllim”  müsabiqəsinin 100 qalibindən  49 nəfəri Bakı təhsil müəssisələrinin payına düşür”-deyə Təhsil İdarəsinin müdiri əlavə edib.          

Nailə Rzaqulievanın sözlərinə görə, hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 47 məktəbdənkənar təhsil müəssisəsi, o cümlədən, 18 idman məktəbi, 14 uşaq yaradıcılıq mərkəzi, 8 texniki yaradıcılıq mərkəzi, 3 məktəbdənkənar tərbiyə işi mərkəzi, 3 ekoloji tərbiyə və təcrübəçilik mərkəzi və 1 gənc turistlər və diyarşünaslıq mərkəzi   fəaliyyət göstərir ki, bu müəssisələrdə 96 adda dərnək və idman növü üzrə 3508  qrupda  43132 nəfər şagird  ilə 1327 pedaqoji işçi məşğul olur. 

2010/2011-ci dərs  ili ərzində Təhsil İdarəsinə Prezident Adminstratiyasından 27,  Təhsil Nazirliyindən 1202,  digər təşkilatlardan 1081 məktub daxil olub. Vətəndaşlar tərəfindən Təhsil Nazirliyinə və yuxarı təşkilatlara ünvanlanmış 620 ərizə aidiyyatı üzrə Təhsil İdarəsinə göndərilib. 
“Vətəndaşlar tərəfindən birbaşa Təhsil İdarəsinə ünvanlanan ərizələrin sayı  3081 olmuşdur. Bu ərizələr  aidiyyatı üzrə  araşdırılmış, həlli istiqamətində müəyyən addımlar atılmışdır. Bundan başqa  əvvəlcədən müəyyən edilmiş günlərdə vətəndaşların qəbulu həyata keçirilmişdir”-deyə N.Rzaquliyeva bildirib.

Onun sözlərinə görə, hesabat ili ərzində təkcə özü tərəfindən 2100 vətəndaş qəbul edilib, onların şikayət və təklifləri dinlənilib, müvafiq addımlar atılıb.

Təhsil Nazirliyinin “qaynar xətt” xidmətindən daxil olan 424 məlumat operativ qaydada araşdırılıb və müvafiq tədbirlər həyata keçirilib:

“Təəsüf hissiylə qeyd edim ki, bu məlumatın müəyyən hissəsi anonim olduğundan onların yoxlanması müəyyən neqativ hallara və məktəbdə iş ahənginin pozulmasına səbəb olur. Ona görə də təklif edirik kİ, “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında Azərbaycan Respublikasının Qanunu”nun  7-ci maddəsinin tələblərinə əsasən anonim məlumatların yoxlanması dayandırılsın”.

Nazilə Rzaquliyeva onu narahat edən bir məsələyə də toxunub. “Nazirlər Kabinetinin müvafiq qərarına əsasən ümumtəhsil məktəbi müəllimlərinin  həftəlik dərs yükü 24 saat müəyyən edilmişdir. Eyni zamanda Milli kurikulumun tələbinə uyğun olaraq ibtidai təhsil səviyyəsində 1 sinif-1müəllim nisbəti təmin edilmişdir. Lakin bu, bir sıra ciddi çətinliklər yaradacaqdır. Belə ki, müəllimin biri xəstələndikdə, yaxud hansısa səbəbdən işə çıxmadıqda digər müəllimin onu əvəz etməsi mümkün olmayacaqdır. Çünki həmin norma müəllimin əlavə dərs aparmasına imkan vermir.

Yaxud, hər hansı bir fəndən məktəb üzrə 30 saat dərs və 2 nəfər fənn müəllimi olarsa, müəllimlərdən biri işə çıxmadıqda digəri həmin dərslərin yalnız 9 saatını əvəzçilik qaydasında tədris edəcək, qalan dərslər isə boş qalacaqdır. Belə olarsa, məktəbdə ciddi çətinlik yaranacaq və valideynlərin narazılığına səbəb olacaqdır.

Odur ki, gələcəkdə belə problemlərin yaranmaması üçün həmin vəziyyətlərdə dərslərin tədrisini tənzimləmək üçün müvafiq normativ sənədlərin hazırlanmasını təklif edirik”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı