Modern.az

Sual verirəm

Sual verirəm

Ölkə

1 Noyabr 2011, 15:57

- O cavab verir.

- Sual verirəm.

- O cavab verir? - Yox, danışır.

- Sual verirəm.

- Danışır, danışır, çərənləyir.

- Sözünü kəsirəm, hətta cümləsini bitirməyə imkan vermirəm. Axı, mən sual verirəm.

O susur...

Sakitlik çökür. Onu həyacan basdığı açıq-aydın hiss olunur...

- Sualı təkrar edirəm.

Tülküləşib, çöhrəsində yalançı gülüş yaradıb üzümə baxır.

- Təkrar edirəm, mən SUAL verirəm.

Bu an yalançı gülüşü acı və qəzəbli simaya çevrilir. Görür ki, bayaqdan eyni sualı təkrar edirəm. O isə az qala 16 səhifəlik qəzetin həcmi qədər danışıb. Lakin anlayır... O danışıb, amma suala cavab verməyib.

Heç bir jestdən istifadə etmirəm. Amma qaşlarımı çatıb, mimikamla sanki «bu sahəyə sən cavabdehsən. Suala da sən cavab verməlisən» deyirəm».
Bir qədər gözləyib sualı yenidən səsləndirirəm.

On dəqiqə öncə iti-iti danışan müsahibim indi, ağzında dili yox kimi, susur. Onu soyuq tər basır, əlini aparıb qalstukunun düyününü boşaldır. Dodaqlarını çeynəyir. Hiss edirəm ki, içi göynəyir. Nəsə fikirləşib mövzunu dəyişmək istəyir, sözə başlayır...

Əlimi qaldırıb başımı tuturam, qarşımdakı masaya dirsəklənirəm. Gözümü stoldan çəkmədən, nə danışdığına fikir vermədən sözünü kəsirəm.

- Ay qardaş, mən SUAL verirəm.

Cavab verir: «Dur, otağımdan rədd ol!»

Təbii reaksiyadır. Başa düşüləndir.

Mən isə, türklər demiş, moralımı pozmuram. Heç nə olmamış kimi sualımı təkrar edirəm. Amma bu dəfə daha qəzəbli şəkildə, lakin olduqca asta-asta.

Müsahibim ayağa durur. Barmaqlarını yumruq kimi birləşdirib stolun üstünə qoyur və mənə yuxarıdan aşağı baxır.

Başımı qaldırıb yuxarılara - onun gözlərinin içinə nəzər yetirirəm. Düşünürəm, - ay Allah, gör başımızın üstündə kimlər dayanıb?!

Müsahibim üz-güzünü turşudur, nifrət və qəzəb dolu baxışlarla mənə və qarşımdakı sual dolu dəftərçəmə diqqət yetirir. Sonra yumruğunu stoldan ayırıb qapı tərəfə qaldırır. Özümdən ixtiyarsız gözlərim onun qolunun hərəkətini izləyir və nəzərlərim yuxarı qalxan yumruqda dayanır. Bu an yumruqdan bir barmaq açılıb mənə qapını göstərir.

Mən isə buna əhəmiyyətsiz şəkildə, lakin cavab tələbi ilə SUAL verirəm.

Bir neçə saniyə əvvəl mənə qapını göstərən barmaq indi qarşıdakı stolda olan aparatın düyməsini sıxır. Həmən katibə kabinetə daxil olur. Müsahibim qışqırır:

- Bu gədəni rədd elə.

Mən isə müsahibimin gözlərinə baxmaq və öz baxışımla sualıma cavab gözlədiyimi sezdirmək istəyirəm. Amma üstündə çatma qaşı olan o gözləri indi görə bilmirəm. Qarşımdakı şəxs bütün imkanlarından istifadə edib gözlərini gözlərimdən yayındırır. Gözlərimdən deyirəm, bilmirəm. Bəlkə də o mənim gözlərimdə milyonlarla insanın fəryadını, ahını, naləsini görürdü və buna görə də baxa bilmirdi. Yoxsa o, həmin insanları, ümumiyyətlə, görmək istəmirdi?!

Bunları fikirləşərkən katibənin qolumdan tutduğunu hiss edirəm. Xanımın qışqırmasında anlayıram ki, artıq o eyni tələbi bir neçə dəfə səsləndirib. Bu da növbəti qışqırtılı tələb - «Ay yoldaş, dur otağı tərk elə!».

Xanıma heç bir əhəmiyyət vermirəm. Başımı yuxarıya qaldırıb başımın üstündəkinə səslənirəm.

- Axı, mən SUAL verirəm.

Müsahibim kreslosunda əyləşib başını tutur. Görürəm ki, o başı tutan qolların dirsəkləri indi masanı oyur. Deyəsən, sualım da onun beynini oyurdu.

Katibə tələsik kabineti tərk edir. Otağa sakitlik çökür. Müsahibimin nə düşündüyünü anlamağa çalışıram. Amma alınmır. Müxtəlif fikirlər beynimi qarışdırır. Sonra özüm özümə sual verirəm - Axı, bu cür sadə bir suala niyə cavab verə bilmir? Bəs, bu suala hansı cavabı verməlidir? Bəlkə ən yaxşı yol elə susmaqdır?! Sonra ona haqq qazındırıram. Hansı cavabı versin axı?! Bəlkə onu bu kökə salan elə zamanədir?! Bəlkə zəmanənin tələbi başqa olsaydı, o da başqa olardı?! Bəlkə də yox, axı, əqrəb hər yerdə əqrəbdir.

Elə bunları fikirləşirdim ki, kabinetin qapısı açılır. Əvvəlcə özünün yersiz nazı və özünəarxayınlıq hissi ilə katibə içəri daxil olur. Ardınca müavinlər, dalınca isə şübə müdirləri. Onları görcək daha uca və mehriban bir səslə müsahibimə tərəf səslənirəm:

- Ay qardaşlar, mən ki SUAL verirəm.

İçəri girənlər də görür ki, mənim sualım adidən də adidir. Lakin onlar da cavab tapa bilmədiyindən susmalı olurlar.

Bir neçə dəqiqədir ki, başını tutub, ağzına su alıb kreslosunda oturan müsahibim müavinlərini və şöbə müdirlərini görüb ruhlanır, çoşur. Ayağa qalxıb çənəsini qabağa verir. Yenə o yumruq havaya qalxır. O yumruqdan ayrılan yenə o barmaq bu dəfə mənə tuşlanır:

- Bu gədəni rədd edin dəəə burdan..

Müsahibimin tələbi otaqdakıları hərəkətə gətirir. Bir qolumdan müavin, bir qolumdan isə şöbə müdiri tutub məni otaqdan çölə dartmağa başlayırlar. Müqavimət göstərirəm. Qapıya qədər sürüyürlər məni. Lakin qapının hər iki kandarından tutub onları saxlaya bilirəm. Buyruq yiyələrinin yarısı məni otaqdan çölə itələyir, yarısı isə qapının arxasından bayıra dartır. Ancaq lazımınca mübarizə aparıb eyni tərzdə də qışqırıram:

- Bu sadəcə sualdır. Cavab vermək sizin borcunuzdur.

Sualımı təkrar etmək istəyirəm. Lakin arxamda dayanıb özünə əl qatan müavinlərdən biri əlini boynumun arxasından sivirib ağzımı tutur. Sanki polis meydanda «Azadlıq» qışqıran nümayişçini susdurur.

Cavabımı sakit, soyuqqanlı şəkildə, hər şey bitmiş kimi, dərhal verirlər:

- Rədd ol, küçük! Get işinlə məşğul ol.

Bu zaman ani bir hərəkətlə məni tutanların qollarının arasından çıxıram. Eyni tərzdə sıçrayıb müsahibimin qarşısında otururam. Dərindən nəfəs alıb, üzümü yenə yuxarılara çevirirəm:

- Sadə bir cavabı olan SUALımı təkrar edirəm.

Müsahibimdən gözləmədiyim addımı görürəm. O, mənim üstümə qırğı kimi şığıyan buyruqçularına «Dayanın!» deyir. Özü isə başını aşağı salıb susur. Fikrə gedir... Təəccüblənirəm... Nə fikirləşdiyini anlamağa çalışıram. Bəlkə vicdanı oyanmışdı? Bəlkə artıq hər şeyi anlayır? Bəlkə zamanın tələbinin dəyişdiyini dərk edib? Bu «bəlkə»ləri çox sadalamaq olardı, amma zaman gözləmirdi, vaxt gedirdi. Ona görə də olduqca sakit tərzdə, zəif səslə, aram-aram müsahibəmə səslənirəm:

- Təkrar edirəm. Axı, mən sizə SUAL verirəm.

Amma sualı özüm verib, özüm də eşidirəm. Heç elə bil qarşımdakından soruşmuram. Daşdan səs çıxsa da, bundan səs çıxmır.

Bu an çevrilib arxamda dayananlara baxıram. Hər kəs başını aşağı salıb kirimişcə danıb. Təkcə katibədən başqa. O, özünün idalı və qəhrəmanı hesab etdiyi müdirinə baxır. Xanımın baxışlarından iki sual haqqında fikirləşdiyini sezirəm. Məncə, o düşünürdü ki, bu gədəni niyə birdəfəlik qovmur və bir də bu sualda nə var ki, cavab ver, bununla da iş bitsin də.

Çevrilib yenidən müsahibimə baxıram. Adamın rəngi-ruhu qaçıb. Artıq onun necə nəfəs almasını da eşidirəm. Burun dəlikləri yekəlib, hava ağ ciyərlərinə qısa-qısa, amma tez-tez gedib-gəldikcə əsəbləri də tarıma çəkilirdi... Bir yandan da bu vızıltı... Milçəyin harda uçduğunu görmürəm, amma çox yaxında olduğunu hiss edirəm. Az keçmir ki, milçək onsuz da gərgin olan müsahibimin düz alnına qonur. O əli ilə bu ürək bulandıran heyvanı qovur, o isə sırtıqlığına salıb, hərlənib-fırlanıb yenə də gəlib müsahibimin üzənə qonur.

Bir milçəyin indi hər şeyi alt-üst edəcəyindən ehtiyat edirəm. Ona görə də dərindən nəfəs alıb sualımı yenidən vermək istəyirdim ki, müsahibim başını qaldırmadan əli ilə mənə «stop» işarəsini göstərir. Özümdən ixtiyarsız dayanıram. Bu müsahibə vaxtı ilk dəfə idi ki, sualımı təkrar edə bilmirdim. Müsahibim isə nəsə fikirləşib asta-asta başını qaldırır. Mənə və ətrafımızdakılara nəzər yetirir. Sonra çevrilib başının üstündəki böyük divar saatının qapısını açır və vaxtı durdurur. Saatın qapısını ehmalca örtdükdən sonra mənə tərəf çevrilir. Heç nə demir, lakin üzümə baxıb təsdiq formasında başını bir-iki dəfə yelləyir. Sonra iti addımlarla kabineti tərk edir. Gedərkən özü ilə müavinlərini, şöbə müdirlərini, hətta katibəsini də aparır.

Yenə sakitlik çökür. Amma bu dəfə mənzərə fərqlidir. Başımı tuturam. Qarşımdakı sual dolu dəftərçəmə baxıram. İndi mən nə edim? Redaksiyaya əliboş qayıdım? Hələ heç bircə sualıma belə cavab ala bilməmişəm. Suallarımı yazıb , cavad yerlərini isə boş qoyum? Belə müsahibə kimə lazımdır axı? İndi özüm özümü öz suallarıma tuturam. Təəccüblüdür... Suallar qarşısında mən də susuram...

Başımı qaldırıb divar saatına baxıram. Doğrudur, müsahibim gedərkən vaxtı dayandımışdı, amma mənim zamanım durmurdu. Elə bil qaçırdı...

Çox keçmir ki, içəri cavab bir oğlan girir. Üzümü ona tərəf çevirib sualımı verirəm. Aldığım cavabla dodaqlarım gülür, gözlərim işıldayır. Əminəm ki, bu işıltı gedəcəyim yola işıq saçacaq. Növbəti suallarımı səsləndirməyə ehtiyac qalmır. Ayağa qalxıb əlini sıxıram, təşəkkürümü bildirib, sağollaşıram. Kabinetdən çıxıb balaca bir otağa daxil oluram. Tamamilə başqa bir katibə gülərüzlə qarşımı kəsib müsahibəyə görə təşəkkür edir və mənə ÇIXIŞ YOLUnu göstərir. Mən isə ÖZ YOLUMA DAVAM EDİRƏM.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı