
Milli Şuranın iyunun 21-ə təyin edilən sessiyasında Rüstəm İbrahimbəyovun prezidentliyə vahid namizədliyi məsələsi gündəliyə salınmayıb. Modern.az saytına bu barədə Milli Şuranın üzvü Zəfər Quliyev məlumat verib. Onun sözlərinə görə, Milli Şuranın ikinci sessiyasında bu məsələ müzakirə olunmayacaq.
“Milli Şuranın iyunun 21-ə təyin olunan sessiyasında bir çox məsələlər müzakirə olunacaq. İndidən qeyd edim ki, sessiyada mətbuat üçün kifayət qədər maraqlı məlumatlar veriləcək. İndiki mərhələdə sessiyaya hazırlıq gedir. Rüstəm İbrahimbəyovun namizədlik məsələsi sessiyanın gündəliyinə salınmayıb”-deyə Z.Quliyev bildirib.
Qeyd edək ki, Milli Şura yenicə yaranmasına baxmayaraq, bir çox müxalifət liderləri Rüstəm İbrahimbəyova dəstək verərək onun namizədliyini irəli sürüb. Xəbər verdiyimiz kimi, Azərbaycan Liberal Partiyası R.İbrahimbəyovun namizədliyini irəli sürüb. Esk-spiker Rəsul Quliyev də seçkilərdən imtina edərək Milli Şura sədrinin namizədliyini dəstəkləyib.
Anar RÜSTƏMOV