Modern.az

Ayaz Mütəllibov, yaxşılığa yamanlıq hansı...

Ayaz Mütəllibov, yaxşılığa yamanlıq hansı...

Country

7 Dekabr 2013, 11:00

9-cu sinifdə oxuyurdum. Azad Abbasəliyev adlı sinif yoldaşımız vardı. Deyilənə görə atası böyük vəzifədə işləyirdi.  Amma heç birimiz bunun fərqinə varmırdıq. Nə o bununla lovğalanır, nə də müəllimlər ayrıseçkilik  salırdılar.  

Günlərin bir günü sevincək gəldi ki, bəs atamın vəzifəsini qaldırıblar. Amma yenə də bilmədik ki, bu vəzifə nə vəzifədir. Təsadüfən evdə “Kommunist” qəzeti əlimə keçdi: “Sabit Abbasəliyev Dövlət Plan Komitəsinin sədri, Nazirlər Kabineti sədrinin  müavini təyin edilsin”. Sonralar başa düşdüm ki, qısaca “qosplan” adlanan bu vəzifə çox böyük vəzifəymiş. Azadın atası indiki dillə desək, baş nazir postunun bir addımlığındaymış. Amma üstündən 2-3 ay keçməmiş 50 yaşını yenicə qeyd etmiş Sabit Abbasəliyev infarktdan vəfat etdi. Heydər Əliyevin ona böyük hörmətinin əlaməti olaraq Azadın atası 1-ci Fəxri Xiyabanda dəfn edildi. Heydər Əliyevin öz yetirməsinin xatirəsinə böyük ehtiramının əlaməti olaraq Sabit Abbasəliyevin tutduğu posta onun 40-ı çıxandan bir qədər sonra təyinat verildi. Bu hamımızın indi eks-prezident kimi tanıdığı Ayaz Mütəllibov idi. Azərbaycan SSR-in  ilk və son  prezidenti Ayaz Mütəllibovla tanışlığım 15 yaşında başladı.

HEYDƏR ƏLİYEV HƏR ADAMI İRƏLİ ÇƏKMİRDİ

Heydər Əliyev böyük dövlət və partiya xadimi idi. Onun etimadın qazanmaq hər adamın işi deyildi. Böyük  insan olduğundan, tələbləri də böyük idi. Ayaz Mütəllibov bu etimada  41 yaşında nail olmuşdu. 1979-cu ildə o,  artıq nazir idi.  44 yaşında isə baş nazirin müavini. Növbəti pilləni isə deməyə ehtiyac yoxdur. Bu  cümlələri elə-belə yazmadım. Yazımın son akkordlarında  mənə lazım olacaq.

BAŞ NAZİR

Üstündən illər keçdi. 1989-cu il idi. Artıq mən tələbə idim. Mitinq dalğası Azərbaycanı bürümüşdü. Ermənistandan, Qarabağdan xoruz banları, güllə səsləri eşidilməyə başlamışdı. Kinolarda gördüyümüz komendant saatının  diqtəsi altında yaşayırdıq. Xalq hərəkatı vüsət almışdı. Mitinqlər,” istefa”, “azadlıq” şüarları Azərbaycanı bürümüşdü. Əbdürəhman Vəzirov Azərbaycanın rəhbəri, Ayaz Mütəllibov isə Nazirlər Kabinetinin sədri idi. Başqa dillə desək, Heydər Əliyevin uğurlu kadr siyasəti nəticəsində bir vaxtlar irəli  çəkilən bu şəxslər artıq Azərbaycana rəhbərlik edirdilər.

Qorbaçov  Vəzirovu bu vəzifəyə  təyin edəndə Heydər Əliyevi qaralamaq əmri vermişdi. Vəzirov da yanıqlı idi. Çünki bir vaxtlar Azərbaycanın ikinci böyük şəhəri sayılan Kirovabada  Heydər Əliyev tərəfindən 1-ci katib təyin edilən Vəzirov  elə Heydər Əliyevin də əmriylə bu vəzifədən çıxarılmışdı. Bəlkə də  əvəz çıxmaq baxımından Vəzirovun hansısa qarayaxma kampaniyası aparmağına haqq qazandırmaq olardı. Haqqı olmasaydı da belə.  (Vəzirov sonralar  SSRİ boyda dövlətin Pakistandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdi) Amma vəzifə pillələrində inamla addımlayan, heç yerdə büdrəməyən Ayaz Mütəllibovdan Heydər Əliyevin əleyhinə hansısa addım atacağını  gözləmək ağlasığmaz idi.

Ayaz Mütəllibov Baş nazir kimi nəzərə çapmırdı. Çünki Vəzirov çox fəal idi. Kənddə hamam tikdirirdi. Qoz ağacları əkirdi ki, gələcəkdə onun “qozlarını yeyək”. Sağıcı qadından “özün işdəsən bəs uşaqları kimin yanında qoyub gəlmisən?” əvəzinə “uşaqların kimdəndir?” soruşurdu. Kəndli qadın da “Boooyy... kimdən olacaq? Ərimdən” deyə cavab verirdi. Mitinqçilər “istefa, istefa” qışqıranda, “bu Musatafa kimdir e... elə hey  çağırırlar” deyə ətrafdakılardan xəbər alırdı. Etibar Məmmədova, Nəcəf Nəcəfova  “malçişka” deyirdi.  Azərbaycanlılara xas olan milli qanı da oyanmışdı. Füzuli rayonunda doğulan bir çoxlarını vəzifələrə də yerləşdirmişdi. Bütün bu və digər hadisələrin fonunda Ayaz Mütəllibov gözə girmirdi. Sadəcə öz vəzifə səlahiyyətlərinin icrasında idi. Baxmayaraq ki, iqtisadiyyat digər respublikalardakı kimi tənəzzülə gedirdi. İkinci dəfə mən onu 23 yaşında Nazirlər Kabinetinin sədri kimi tanıdım.

20 YANVAR 1990-CI İL

Yanvarın 15-dən etibarən Azərbaycanda rəhbər yox idi. Sonuncu dəfə Prezident sarayının qarşısındakı mitinqdə iştirak edəndə heç Xalq Cəbhəsinin rəhbərliyindən də  gözə dəymirdi. Vəzirov üçün dar ağacı qurmuşdular. Bir nəfər əlində səsucaldan  “Ay camaat, burda durmayın. Vəzirov oğraş binada yoxdur. Qaçıb. Oturun avtobuslara. Siz Salyan kazarmasının qabağında və ”şamaxinka”da lazımsınız” deyə-deyə mitinqçiləri avtobusa doldurub bu istiqamətlərə daşıyırdı.  Yanvarın 19-u saat 20.30 idi.   Mitinqi bilmirəm kim aparırdı, amma özündən rəhbər seçkisi də keçirməyə başlamışdı. Namizədi isə Etibar Məmmədov və Vəkil Hacıyev idi. Sonrakı hadisələri isə hamınız yaxşı bilirsiniz. Başqa bir yazının mövzusudur.  Nəhayət yanvarın 25-i.  Çox çətinliklə də olsa xəbər tutduq ki, Sovet İttifaqı  Kommunist Partiyası Mərkəzi Komitəsinin Plenumunda Azərbaycanın yeni rəhbəri Ayaz Mütəllibov təyin edilib.  Ayaz Mütəllibovla 3-cü  tanışlığımız  şəhidlərin qanı üstündə hakimiyyətə gələndə  oldu.

YENİ RƏHBƏR

Bax bundan sonra Ayaz Mütəllibovun qara günləri başlandı. İlk baxışdan təqdirəlayiq addımlar atmağa başladı. Milli ruhuyla  digər partokratlardan seçilən Həsən Əziz oğlu Həsənov Nazirlər Kabinetinin sədri  təyin edildi. Məhəmməd Əsədov, İsmət Qayıbov, Tofiq İsmayılov, Vəli Məmmədov kimi adamlar vəzifə başına gətirildi. Xalq hərəkakatında təmsil olunanlarla əlaqələr yarandı. Onların iştirakıyla Şura təsis olundu. Mitinqlər AzTV ilə canlı yayımlanmağa, müstəqil qəzetlərin sayı isə  artmağa başlandı. Çaykənd ermənilərdən boşaldıldı. Şaumyan (kənd ) rayonu ləğv edildi. Dağlıq Qarabağ Muxtar Vilayəti xəritədən silindi. Xocalı rayonu, Xocalı aeroportu Qarabağda bir mərkəzə çevrildi. OMON və Azərbaycanın ilk özünümüdafiə dəstələri silahlı mübarizəyə  başladı. Əlbəttə ki, bu işlərin çoxu SSRİ-nin dövründə, ermənilərin böyük təsir qüvvəsinin olduğu vaxtlarda həyata keçdi. Xalqla canlı dialoqa girməyən Ayaz Mütəllibov bircə dəfə Azadlıq meydanında mitinq keçirməklə yadda qaldı. O mitinqi televiziya ilə mən də seyr edirdim.  SSRİ xalq artisti, deputat, “91-lər”dən kimi  tanıdığımız Zeynəb Xanlarovanın mitinq aparmaq qabiliyyətinə malik olmasını, öz prezidenti Ayaz Mütəllibova  dərin hörmət və sevgisini ilk də orda gördüm.

Günlərin bir günü atamın stolunun üstündə bir yazı gördüm.  Oxudum. Adı “Azərbaycan SSR-in prezidenti Ayaz Mütəllibova suallar” idi. O dövrün partiyaçısı kimi nəsə maraqlı gəlmədi mənə. 

Qapıbir qonşumuz Bayram Bayramov o vaxt Qarabağa Xalq Yardımı Komitəsinin sədri idi. “Azərbaycan” qəzeti isə bu komitənin orqanı kimi çap olunurdu. Baş redaktoru da Xalq Cəbhəsinin üzvü Sabir Rüstəmxanlı idi. Atam götürər bu sualları gedər birbaşa Sabirin yanına ki “Sabir, bunu çap elə. Amma Bayramın xəbəri olmasın. Xəbər tutsa çapına imkan verməyəcək”. Sabir əmi də “baş üstə” deyib, səlahiyyətləri daxilində  sualları qoyar Bayram əminin stolunun üstünə. Bayram əmi də gülə-gülə “Sabir,  sən Allah saxla, mən deyəndə çap edərsən” deyir.

Günlərin bir günü Aparatda nəsə bir iclas keçirilibmiş. Ordakı çıxışlar da Bayram Bayramovun xoşuna gəlməyib. Ayağa durub Prezident qarışıq hamısını otuzdurub yerində. Sonra da hirsi soyumayıb.  Otağına gələrək “Sabir, Qabilin suallarını qoy səhifəyə getsin. Vaxtıdır” deyib.

Bu 24 sual o dövrdə böyük  rezonans  doğurdu. Rezonans doğurandan sonra mən də mahiyyətini başa düşdüm.

Ayaz Mütəllibovu 4-cü dəfə onda tanıdım.

AYAZ MÜTƏLLİBOV YERLİBAZ VƏ QOHUMBAZ  İDİMİ?

Gözəl şairimiz vardı. Nəğməkar şair də deyirdilər – Tofiq Mütəllibov. Ayaz Mütəllibovun doğmaca əmisi oğlu idi. Mentalitet hesablamalarına görə xalq şairi olmalıydı... olmadı. Bir müəllimimiz vardı – Təhsin Mütəllibov. Ayaz Mütəllibovun doğmaca əmisi oğlu idi. Sadəcə professor, universitet müəllimi idi. İndi də müəllimdir. Mentalitet hesablamalarına görə ən aşağısı prorektor, rektor olmalıydı. Olmadı.

Tez-tez Şamaxıya gedirdik. Heç bir dəyişiklik yox idi. Heç hiss olunmurdu ki, Azərbaycanın prezidenti bu rayonda doğulub. Heç bir dəfə də şamaxılıların dilindən eşitmədim ki,  prezidentin şamaxılı olmasıyla fəxr edələr. Ayaz Mütəllibovu 5-ci dəfə belə tanıdım.

“İMKAN VERİN YOLU ÇƏKDİRSİN, SONRA AD QOYUN DA...”

Atamla İsmayıl Şıxlıgildəydik:

-Qabil, bu camaat da  qəribədir e. Ayaz Zabrat yolunu enlədib Maştağayacan yol çəkdirməyə başlayıb. O saat  da ad qoyublar – “Qaynana prospekti”. O da tikintini yarımçıq saxlatdırıb. Ay balam, imkan verin yolu çəkdirib qurtarsın, sonra ad qoyun da...

Tikiş kooperativində işləyirdim. Satış bazarımız isə Moskvada idi. Malı maşınla, qatarla yola salmaq təhlükəli idi. Yük vaqon qarışıq yoxa  çıxırdı. Ona görə də məcbur olub təyyarə ilə göndərirdik.  Trikotaj məhsullarını da xüsusi olaraq ensiz uzun qutulara qablaşdırırdıq. Üstünə isə müdirimiz “Lalə”, “Qərənfil” və digər gül adları yazırdı. Maraqlandım ki, bəs niyə gül adları yazırsınız? Deyirdi ki, Ayazın xüsusi göstərişidir. Aeroportdan Moskvaya ancaq gül vurmağa icazə verilir. Belə yazırıq ki,  aeroportdakıları aldadaq.

O vaxt mən bilmirdim ki, şamaxılı Ayaz Mütəllibov Maştağadan evlənib.  Atalar burda deyib e

-Haralısan?

-Hələ evlənməmişəm.

Ayaz Mütəllibovla 6-cı tanışlığım belə oldu.

QKÇP (Fövqəladə Hallar üzrə Dövlət Komitəsi)

QKÇP baş vermişdi.  Yəni ki,  Qorbaçovu devirmişdilər.  Elə bil SSRİ boyda dövlətdə “qurbağa gölünə daş atmışdılar”. Sakitlik hökm sürürdü. Nə mitinq vardı, nə də qışqıran. Qorxusundan hamı qınına çəkilmişdi. Belə bir vaxtda Ayaz Mütəllibov  QKÇP-yə qahmar çıxdı. Üstündən iki gün keçməmiş Yeltsin QKÇP-ni yıxıb hakimiyyəti ələ keçirdi. Buna demokratik qüvvələrin qələbəsi deyildiyi üçün bizim demokratik qüvvələr də yavaş-yavaş dil açmağa başladı. “Azadlıq” meydanında  mitinq keçirib başladılar Ayazı “neprav” çıxarmağa ki, bəs bu QKÇP-ni niyə dəstəkləyib.  Mitinqdə mən də vardım. Bir də gördüm ki, söz atama verildi. Nə desə yaxşıdır?

-Qorbaçovun əli 20 Yanvarda, Qarabağda  xalqımın qanına batıb. Ayaz neyləməliydi ki?  Qorbaçovu müdafiə etməliydi? Düz edib.

Onu da qeyd edim ki, atam şair Qabil Ayaz Mütəllibovun qəti əleyhdarı idi. Çəkinmədən küçədə belə, söyürdü. Amma bir məqamı da nəzərinizə çatdırmaq istəyirəm.

Günlərin bir günü atam, İsmayıl Şıxlı, Bayram Bayramov və başqa ziyalılar bir yerə yığışmışdılar.  İsmayıl əmi dedi ki,  “bu Ayazı hamımız tənqid edirik - biz ziyalılar da, xalq Cəbhəsi də. Camaat da bizə baxıb öyrənir. Bu yazıq təklənib. Bəlkə buna  görə nəsə bir iş görə bilmir. Bəlkə dəstək verək. Görək nə olur da?” 

İsmayıl əminin bu sözü atamın da ağlına batmışdı. “Həyat özü cavab verdi” adlı  kiçik bir məqalə yazıb “Kommunist” qəzetində çap elətdirdi. Bu 10 cümləlik yazıya görə Xalq Cəbhəsinin üzvlərindən əks reaksiya gəldi. Xüsusilə də Mahir Qarayev adlı biri atamın əleyhinə böyük yazıyla çıxış etdi. Çünki  səhnəarxası proseslərdən, söhbətlərdən   xəbərsiz idilər. Yəqin ki, maraqlanacaqsınız ki,  ziyalılardan gələn bu dəstək Ayaz Mütəllibovun  fəaliyyətində müsbətə doğru bir işartı oldumu? Cavab: İsmayıl əmi bu söhbətdən bir qədər sonra atama dedi ki, “Qabil, mən bu dəstək məsələsində yanılmışam”

İsmayıl əminin bu sözü mənim Ayaz Mütəllibovla 7-ci tanışlığım idi.

İLHAM ƏLİYEV “ƏR KİŞİ”DİR...


Ayaz Mütəllibov Azərbaycanın çox mürəkkəb vaxtlarında rəhbər olub. O dövrün şahidi kimi onu çox gözəl başa düşürəm. Vertolyot qəzasında yaxın ətrafını “təmizləyiblər”. Xocalı hadisələrində taqsırkar çıxarıblar. Barəsində cinayət işi qaldırıblar.  Azərbaycan Məhkəməsinin hökmüylə  cinayət məsuliyyətinə cəlb olunmasa da,  öz şəxsi qərarıyla 20 illik bir sürgün həyatı yaşayıb. Sonra isə qeyri-rəsmi  əfv olunub. Eks-prezident kimi qocalığını yaşamaqdadır. Bütün bunları Siz də bilirsiniz, mən də. Ayaz Mütəllibov isə bizdən də yaxşı bilir. Amma məni bu yazını yazmağa bir  xüsus vadar etdi. Bir insan kimi bir suala cavab tapa bilmirəm.

Ayaz Mütəllibov Heydər Əliyevin sevimli kadrı olub. Belə olmasaydı onu Soyuducular zavodunun direktorluğundan nazir, baş nazirin müavini kimi yüksək vəzifələrə irəli çəkməzdi.  Bəs Ayaz Mütəllibov nə etdi? Bunun əvəzin necə verdi?  “Yaxşılığa yaxşılıq hər kişinin işidir” atalar misalına məhəl qoydumu? Əsla. Əksinə Heydər Əliyevin hakimiyyətə gəlişinin qabağını almaq üçün “vətəndaş 70-i haqlayıbsa prezident ola bilməz” kimi yaş senzi tətbiq etdi. Onun prezidentliyi dövründə  Heydər Əliyevin tərəfdarı kimi tanınan  Əjdər Xanbabayev qətlə yetirildi.   Heydər Əliyev Milli Məclisdə çıxış edərkən  təpik, fit səsləri eşidildi. Və bütün bunlara o zalda yuxarı başda oturan prezident Ayaz Mütəllibov heç bir reaksiya vermədi. Çünki baş  təşkilatçı məhz özüydü. Və sonda Heydər Əliyev Bakını tərk edib Naxçıvana getdi. Yaxşılığın əvəzi bu idimi?

İlham Əliyev isə bir prezident və Heydər Əliyevin oğlu kimi bütün bu yamanlıqların üstündən xətt çəkdi, unutdu. Təşəbbüskarı olduğu “Eks-prezidentlik qanunu”na  artıq 75-i haqlayan Ayaz Mütəllibov üçün  maneə,  yaş senzi qoymadı. Xocalı hadisələriylə bağlı cinayət işi və digər baş verən hadisələr də  tarixin arxivinə göndərildi.  Vaxt gələcək  canlı şahidlər olan biz də yox olacağıq.  Sadəcə bir sual cavabsız qalacaq.

“Yaxşılığa yaxşılıq hər kişinin işidir...” bunu bildik. “...Yamanlığa yaxşılıq isə  ər kişinin işidir”.  Bunu da  gördük.  Bəs  YAXŞILIĞA YAMANLIQ HANSI KİŞİNİN İŞİDİR?

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı