“Sərsəng su anbarı ilə bağlı təyin olunan məruzəçi Azərbaycana, Dağlıq Qarabağa gələcək. Sərsəng su anbarının Azərbaycan əhalisinə humanitar zərbənin qarşısının alınmasında, sosial narazılıqların, kənd təsərrüfatında yarananan problemlərin həlli üçün beynəlxalq müzakirə olacaq, həmçinin ora komissiya da gedəcək. Anbarın bugün yararsız hala düşməsinin səbəbi, nəticələri və onun bərpası ilə bağlı çox tutarlı işlər həyata keçiriləcək. Bu da Azərbaycana, ətraf bölgədəki rayonlara, orada yaşayan əhaliyə kifayət qədər böyük kömək olacaq.” Bunu Modern.az-a açıqlamasında millət vəkili, AŞPA-nın sosial komitəsinin üzvü Rövşən Rzayev bildirib.
Millət vəkili həmçinin bildirdi ki, bu E.Süleymanovun təşəbbüsü və səyi nəticəsində həll oluncaq bir məsələdir. “Millət vəkilləri olaraq mən və Sevinc Fətəliyeva da orada iştirak etdik. S.Fətəliyevanın da çox müsbət mənada çıxışı oldu.”R.Rzayev hər zaman olduğu kimi məruzəçinin təyin olunmasına mane olmağa çalışanların da olduğunu vurğuladı. “Mane olmağa çalışanlar Fransa nümayəndələri idi. Lakin buna baxmayaraq böyük səs çoxluğu ilə məruzəçi təyin olunmasına nail olundu. Azərbaycanın haqlı mövqeyini tanıyan, AŞPA-da çalışan başqa ölkə nümayəndələri bizim lehimizə səs verdi. Təklif edilən üç namizəddən birini özləri seçdi. Hansı nümayəndənin olacağının bizim üçün heç bir fərqi yoxdur. Düşünürəm ki, vacib məslənin həlli yolunda uğura nail olduq. Bir daha vurğulayıram ki, bu problemin həlli yolunda atılan addımda bizim orada olmağımız bir yana, E. Süleymanovun böyük zəhməti var.”
Xatırladaq ki, may ayının 12-də Kiprdə AŞPA-nın Sosial Komitəsinin iclası zamanı Azərbaycanın işğal altında olan Sərsəng su anbarı ilə əlaqədar Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanovun motion sənəd olaraq təqdim etdiyi “Azərbaycanın cəbhəyanı rayonlarında mülki əhalinin qəsdən sudan məhrum edilməsinə dair” qətnamə layihəsi əsasında məruzəçi təyin edilib.
Bosniya və Herseqovinadan olan deputat Milisa Markoviç bu məsələ üzrə məruzəçi seçilib.
Gülşən Raufqızı