“Alman-Azərbaycan Mədəniyyət Evinin müraciəti müvafiq şöbələrdə araşdırılır”. Bunu Modern.az-a Diasporla İş üzrə Dövlət Komitəsinin təbliğat və informasiya şöbəsinin müdiri Elşad Miraləm deyib.
Qeyd edək ki, bir müddət əvvəl Almaniyanın Köln şəhərində fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət Evinin maliyyə problemlər ilə bağlı bağlanmaq təhlükəsi ilə üz-üzə qalıb. Mədəniyyət Evinin rəhbərliyi Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət edib.
E.Miraləm deyir ki, müraciətə baxıldıqdan sonra bu barədə ictimaiyyətə açıqlama veriləcək: “Müraciətlərə baxılması üçün müəyyən prosedurlar var. Həmin müraciətə də baxılacaq və müvafiq cavab veriləcək. Müraciətlə əlaqədar görüləcək tədbirlərlə bağlı təkliflər də hazırlanır. Şöbələrdə işə baxıldıqdan sonra nə zaman hansı işlərin görüləcəyi bəlli olacaq. ”
Xatırladaq ki, Alman-Azərbaycan Mədəniyyət Evi ötən ilin martından fəaliyyətə başlasa da, az vaxt içərisində Avropada çox önəmli tədbirlərə imza atıb.
Rüfanə GÜNƏŞ