Modern.az

ATƏT sədri Azay Quliyevin təklifinin müzakirə ediləcəyini bildirib

ATƏT sədri Azay Quliyevin təklifinin müzakirə ediləcəyini bildirib

Təhsil

19 Fevral 2015, 18:21

ATƏT Parlament Assambleyasının XIV qış sessiyası öz işinə başlayıb. Modern.az saytı xəbər verir ki, sessiyada Azərbaycanın  millət vəkili, ATƏT PA Büro üzvü, Komitə sədri əvəzi Azay Quliyev ATƏT-in Minsk Qrupunun həmsədrlik inistitutunda dəyişiklik edilməsi  təklifi ilə çıxış edib.  Modern.az deputatın çıxışını təqdim edir:

“Hörmətli cənab Sədr, xanımlar və cənablar!

Diqqətinizi 20 ildən artıq müddətdir ki, davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə yaradılmış, lakin ötən dövr ərzində heç bir uğurlu nəticə əldə etməmiş Minsk Qrupunun həmsədrləri ilə bağlı irəli sürmək istədiyim bir təklifə çəkmək işəyirəm. Minsk Qrupunun uğursuzluğu bizi daha effektiv mexanizmlər və yeni yanaşmalar axtarmağa vadar edir.

Belə hesab edirəm ki, hər şeydən öncə biz həmsədrlik institutunun tərkibini nəzərdən keçirməli və formatı digər iştirakçı dövlətlərin cəlb edilməsi ilə genişləndirməliyik. Bu baxımdan ən münasib ölkələrin Almaniya və Türkiyə ola biləcəyini nəzərə alaraq hər iki dövlətin cəlb edilməsi ilə biz Minsk Qrupunun hazırkı həmsədrlik institutunu “5-lik Sədrlər Şurası” ilə əvəzləyə bilərik. 

Niyə məhz Almaniya və Türkiyə?

Almaniya hər iki münaqişə tərəfi ilə sıx əməkdaşlıq edir, Bundan əlavə onun hazırkı üç həmsədr dövlət olan ABŞ, Rusiya və Fransa ilə yaxın əməkdaşlıq çərçivəsində Avropa Birliyinin potensial imkanları və resurslarından, xüsusilə də Azərbaycan və Ermənistanın da üzv olduğu Şərq Tərəfdaşlıq proqramından effektiv şəkildə istifadə imkanları vardır. Bu təşəbbüslə çıxış edərkən sizə Almaniya kansleri xanım Angela Merkelin Ermənistan və Azərbaycan arasında mövcud olan münaqişənin həllində  öz ölkəsinin fəal rol oynamasında maraqlı olduğu və buna hazır olması barədə bəyanatını xatırlatmaq istəyirəm.

Türkiyənin isə Qafqazda çox əsrlik  tarixi əlaqələri və təsir imkanları var ki, bunu yuxarıda adları çəkilən digər 4 ölkənin resursları ilə birləşdirməklə tərəflərin qısa müddət ərzində sülh sazişini imzalamasına öz töhfəsini verə bilər. Ermənistanın Türkiyə ilə sərhədlərinin açılması və əlaqələrinin yenidən qurulması istiqamətindəki danışıqlarını, Türkiyənin isə bu normallaşma prosesinin Dağlıq Qarabağ probleminin həllindən asılı olmasıyla bağlı mövqeyini buna əlavə etsək,  Türkiyənin həmsədrliyi bu baxımdan məntiqi və müsbət  hesab edilə bilər.

Ona görə də ATƏT-in hazırkı sədri, Serbiyanın xarici işlər naziri cənab İvica Dacicdən, eləcə də ATƏT Nazirlər Şurasından xahiş edirəm ki, bu təklifimi mövcud qaydalar çərçivəsində nəzərə alsınlar”.

ATƏT sədri, Serbiyanın xarici işlər naziri İvica Dacic azərbaycanlı deputat Azay Quliyevin təklifinin müzakirə ediləcəyini bildidib.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı