
Milli Məclisin bu keçirilən plenar iclasında çıxış edən Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə Azərbaycanda sahibkarlara təzyiq edildiyini bildirib.
Modern.az-ın verdiyi xəbərə görə, deputat qeyd edib ki, hökumətin kənd təsərrüfatı, qida məhsullarının qiymətinin aşağı salınması ilə bağlı sahibkarlara etdiyi təzyiqlər düzgün addım deyil. Onun sözlərinə görə, məhsulların çoxu Azərbaycanda istehsal olunmur, xarici ölkələrdən idxal edilir:
“Ona görə də hökumət bazarda qiymətləri tənzimləyə bilmir. Hökumət, təbii ki, rəqabət sistemini əsas tutmalı və bunun əsasında addımlar atmalıdır. Məhsulun qiymətinin yüksək olmasının hökumətə nə dəxli var? Sahibkar istənilən qiymətə məhsulu bazarda sata bilər. Hökumətin bazar iqtisadiyyatı şəraitində sahibkarlara süni şəkildə təzyiq etməsi anlaşılan deyil. Sahibkar özü qiyməti müəyyən edir, məsələn, hansısa məhsulu qiymətini 100 manat səviyyəsində müəyyən edir. Kim istəmir almasın. Sadəcə, hökumət azad rəqabət sisteminə nəzarət etməlidir və qiymətlər təbii şəkildə tənzimlənməlidir”.
Aqşin Kərimov