Salam. Gəlin tanış olaq. Mən radioyam. Adım da VEF-dir. Sovet dövründə buraxıblar məni. Zavodun verdiyi pasporta görə altı dənə batareyayla işləməliyəm. Çoxdan buraxılmağıma baxmayaraq hələ sazam. Dalğaları qəbul edə bilirəm. Amma bir gün məlum oldu ki, məni qidalandıran batareyalardan daha istehsal etmirlər. Sovet dövrü bitib. İndi müstəqillikdir. Buna da əlac tapdılar.
Qoymadılar öləm. Xüsusi qurğu düzəldib qoşdular birbaşa cərəyana. Düzdür daha məni qırağa çıxara bilmirlər. Elə otaqdaca qulaq asırlar. Cərəyandan ayırsalar sönə bilərəm axı. Beləcə oxuyuram. Bəd-bəd xəbərlər verirəm. Yaxşı xəbərlər versəm qulaq asmazlar axı. Ona görə də gündəmdə qalmaq istəyirəm. Amma görürəm ki, nə vaxtsa mənim də sonum gələcək. Yeni radiolar çıxıb. Həm radiodur, həm MP-3-dir, həm kompakt kasset yeri var, həm flyaşla işləyir. Ən əsası isə səsucaldanı güclüdür. Nə qoysan bərkdən danışır. Özü də bütün dalğaları tutur. Məndən fərqli olaraq pultu var. Uzaqdan idarə olunur. Düyməciyi basırlar ki, radio oxusun – oxuyur. Yox, başqa kanal oxusun – o da oxuyur. Bezəndə, disk oxusun – həmən oxumağa başlayır. Kasset, yaxud da flyaşa keçsin. Problem yoxdur, bunu da bacarır. Lap zəmanə adamları kimi. Adı radiodur, amma yüz cəbhəyə işləyir. Mən isə heç nə bacarmıram. Bircə radioluqdan başqa. Yox səhv etdim. Axı, mən təkcə radio deyiləm. Nə olsun ki, adıma radio deyirlər. Əsl adım radioqəbuledicidir. Lazımi dalğanı tuta bilsən xariclə əlaqə yaratmaq olar. Onda bütün müasir aparaturalardan irəli olarsan. Adın radio olar, özün isə zatən radioqəbuledici. Heç kim də bilməz.
Yox, deyəsən bundan da xəbər tutublar. Aaaa, deyəsən cərəyandan ayırmağa da çalışırlar. Bəs onda taleyim necə olacaq? Səsim necə çıxacaq? Eybi yox qoy söndürsünlər. Heç olmasa ehtiyat hissəsi kimi istifadə edərlər. Ölsəm də dalğası olan, amma daxili ölən digər radioqəbulediciləri yaşadaram. İndi deyəcəksiniz ki, radio ola-ola bunu hardan öyrənmişəm? Güldürməyin məni. Necə yəni hardan? Bəzi deputatlarımızdan. Hələ ölməyiblər, ölməyə də hazırlaşmırlar, amma indidən orqanlarını vəsiyyət ediblər. Mənim onlardan nəyim əskikdir ki?