
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində “Qanun” nəşriyyatının Vergilər Nazirliyinin Vergi Auditi Departamentinə qarşı iddiası üzrə məhkəmə prosesi mart ayında davam edəcək. Nəşriyyatın vəkili Müzəffər Baxışov Modern.az saytına bildirib ki, “Qanun” jurnalı ilə bağlı məhkəməyə təqdim etdikləri iddia ərizəsi təmin olunmayıb: “Məhkəmədə təqribən 38 min manata yaxın muzdlu işlə əlaqədar verginin ödənilməsi ilə bağlı iddia ərizəmiz təmin olunmadı. Məhkəmə heç bir hüquqi əsası olmayan, qanunsuz və əsassız qərar qəbul etdi. İddia ərizəmizdə aydın göstərilmişdi ki, muzdlu işlə əlaqədar olaraq analoji vergi ödəyicisinin fəaliyyəti həmin işə tətbiq oluna bilməz. Bu, Vergi Məcəlləsinin 67.5-ci maddəsinin tələbləri ilə ziddiyyət təşkil edir. Buna baxmayaraq, iddia ərizəmiz təmin olunmadı. Məhkəmənin qərarından Bakı Apelyasiya Məhkəməsinə şikayət verdik. Gözlənilir ki, mart ayında həmin işə baxılacaq”.
Vergi Auditi Departamenti 2013-cü il noyabrın 1-də “Qanun” jurnalının redaksiyasında yoxlama aparıb, 47 min manatlıq sanksiya hesablayıb. Məhkəməyə üz tutan redaksiya bu qərarın qanunsuz qərar kimi tanınmasını istəyib.
Müzəffər Baxışov eyni halın “Qanun” nəşriyyatı MMC ilə bağlı davam etdiyini bildirib: “Məhkəmə nəşriyyatla bağlı təqdim etdiyimiz iddia ərizəsini mümkünsüz hesab etdi. Guya məhkəməyə Şahbaz Xuduoğlunun “Qanun” nəşriyyatının direktoru olması barədə sənədi təqdim etməmişik. Məhkəmənin 18 dekabr 2014-cü il qərarından Bakı Apelyasiya Məhkəməsinin inzibati iqtisad kollegiyasına şikayət vermişik. Bu prosesin də mart ayında keçirilməsi gözlənilir”.
Müzəffər Baxışov onu da əlavə edib ki, yoxlama zamanı nəşriyyatın sənədlərini götürən Vergilər Nazirliyinin Vergi Auditi Departamenti sənədləri hələ qaytarmayıb.
Vergi Auditi Departamenti 2013-cü il noyabrın 1-də “Qanun” nəşriyyatında yoxlama aparıb. Yoxlama nəticəsində “Qanun” nəşriyyatının 112 min 145,92 manat vergi borcu olduğu rəsmiləşdirilib. Məhkəməyə üz tutan redaksiya bu aktın ləğv olunmasını istəyir.
Yeganə OQTAYQIZI