Modern.az

Elman Nəsirov: “YAP-ın heç bir deputatı təlimat alıb çıxış etmir” - MÜSAHİBƏ

Elman Nəsirov: “YAP-ın heç bir deputatı təlimat alıb çıxış etmir” - MÜSAHİBƏ

4 Mart 2019, 08:39

“Erməni əsgərinin səngərdə əyilə-əyilə gəzməsi özündən asılı deyil”
 
“Amerika Ben Ladeni əlcək kimi istifadə edib tulladı”

 

89 saylı Göyçay-Ağdaş dairəsinin deputatı, politoloq Elman Nəsirov Modern.az saytına geniş müsahibə verib. Onunla söhbəti təqdim edirik.

 

- Deputat fəaliyyətinə qədərki Elman Nəsirov və deputat mandatı qazanmış Elman Nəsirov - bunları müqayisə edib özünüzdə fərq görürsünüz?

- Fərq ondadır ki, mən 2015-ci ilin parlament seçkilərinə qədər peşəkar elmi fəaliyyətlə məşğul idim. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının professoru idim. Eyni zamanda, Akademiyanın nəzdində Siyasi Araşdırmalar İnstitutunun direktoru kimi fəaliyyət göstərirdim.

Lakin deputat seçildikdən sonra mənim məsuliyyətim birə-beş artdı. O baxımdan ki, 40 min seçicim var və onların problemləri, üzləşdikləri çətinliklər, müraciətləri, qaldırılan məsələlərin həlli birbaşa mənim məsuliyyətimlə bağlıdır. Bu nöqteyi-nəzərdən məndə dəyişiklik oldu. Yəni, məsuliyyətim artdı.

Onu da qeyd edim ki, paralel şəkildə elmi fəaliyyətimi də davam etdirirəm. Mən əvvəllər də siyasi şərhçiliklə məşğul idim, bu gün də eyni işləri görürəm. Sadəcə olaraq, deputatlıq fəaliyyəti həyatıma onu gətirdi ki, 40 min seçicinin problemləri ilə də məşğul olum, onların həlli yollarının tapılmasına dəstək göstərim.

- Siz deputat olana qədər daha çox beynəlxalq siyasi proseslərlə bağlı şərhlər verirdiniz. Deputat olandan sonra isə beynəlxalq münasibətlərdən daha çox daxili auditoriya ilə bağlı, müxalifəti kəskin tənqid edən açıqlamalarınızla yadda qaldınız. Bu da sizin deputat məsuliyyətinizdən irəli gəlir?

- Deputat məsuliyyətini xüsusi vurğulayıram. Məsələ ondadır ki, mən xarici siyasət, beynəlxalq siyasi proseslərlə bağlı şərhlərə son qoymamışam. Bu, həm də mənim peşə fəaliyyətimdir. Lakin açıq etiraf edim ki, seçicilərimlə görüşəndə görürəm ki, onları dünyada baş verən məsələlər daha az narahat edir. Seçicilər əsasən ölkənin daxili, özlərinin sosial problemləri, onların həlli ilə bağlı məsələlərlə maraqlanırlar.

Siz haqlısınız, mən müxalifətlə bağlı çox danışıram. Çünki seçicilərimlə görüşəndə onlar açıq şəkildə mənə deyirlər: “Elman müəllim, bizim üçün ən vacib olan sabitlikdir, əmin-amanlıqdır. Bizim üçün bundan qiymətlisi yoxdur”.

Seçicilər bildirirlər ki, müəyyən qüvvələr ortaya çıxıb Azərbaycandakı sabitliyi pozmağa çalışırlar.

“Axı biz 1990-cı illərin əvvəllərini görmüşük.  Biz hansı vəziyyətdə idik? Xaos idi, anarxiya idi, sabahkı günə inam yox idi, çörəyə möhtac qalmışdıq” deyirlər. Bizi o günə qoyan qüvvələr bu gün yenə də fəallaşırlar, bizi 1990-cı illərin əvvəllərinə qaytarmaq istəyirlər. Xalqın gözü tərəzidir, bizi aldatmaq olmaz.

Mən çıxışlarımda öz seçicilərimin rəyinə və mövqeyinə söykənib fikirlərimi söyləmişəm və söyləyəcəyəm də.


- Deyirsiniz ki, seçicilər problemləri ilə bağlı sizə müraciət edirlər. Bəlkə də siz bu şikayətləri hansısa qurumlar qarşısında qaldırırsınız, biz medianın bundan xəbəri olmur. Amma hər halda, sizin Milli Məclisdə hər hansı problemlərlə bağlı çıxışınızı xatırlamırıq.

- Hökumətin hesabatı verilərkən, nazirlər orada olur, baş nazir iclasda iştirak edir. Mən Göyçay və Ağdaş seçicilərini narahat edən məsələlərlə bağlı hər zaman mövqeyimi bildirmişəm. Xüsusilə qeyd edim ki, Göyçayda əlillərə mənzillərin tikilməsi ilə bağlı nazirliklə danışıqlar apardım. Və müsbət nəticələr əldə edildi.

- Yəni bunları ictimailəşdirmək istəmirsiniz?

- Belə şeyləri ictimailəşdirəndə, deyirlər ki, fəaliyyətini gözə soxur. Mənim üçünsə nəticə maraqlıdır. Nəticə budur ki, həmin insanlar mənə təşəkkür etdilər. Mən də söylədim ki, bu, bizim vəzifəmiz, missiyamızdır. 40 min insan məni seçib ki, onların problemini gündəmə gətirim.

İnsanlar var ki, bu və ya digər daxili məsələni parlamentdə qabardıb siz jurnalistlərin diqqətini cəlb etmək istəyir. Mən bunu etmədən məktublarla tanış olub müvafiq instansiyalara müraciət ünvanlayır, onların həllinə çalışıram. Görəndə ki, müraciətlərin həlli prosesində yubanma var, zəng edirəm. Lazım gələrsə, gedib görüşürəm. Ta o vaxta qədər ki, seçicilərin şikayətləri həllini tapsın.

- Bəs sizin hansısa müraciətiniz cavabsız qalıbmı? 

- Səmimi etiraf edim ki, mənim məktubumun hamısına cavab verilir. Düzdür, bəzən “Yox” cavabı da olur, məsələn, hər hansı qurum əsaslandırır ki, şikayətçinin iddiası qanuna uyğun deyil, əsassızdır. Ancaq hiss edəndə ki, seçici haqlıdır, bu məsələlərdə çalışıram ki, sona qədər gedim, nəticələr əldə olunsun.

- Elman müəllim, politoloqlar, ekspertlər faktları uzlaşdırıb soyuqqanlı, obyektiv təhlillər verməlidir. Sizin şərhləriniz soyuqqanlı, qərəzsizdirmi?

- Biz demokratik dövlətik. Hesab edirəm ki, yanaşmalarım kimlərisə qane etməyə bilər. Bir şeyi söyləyim ki, debat, müzakirə prosesində elmi, analitik yanaşmanın tərəfdarıyam. Lakin bir də görürsən ki, haqsız, təhqirlərlə dolu mövqelər səsləndirirlər. Bu halda çalışırlar ki, məni də belə müstəviyə çəksinlər. Mən sizə etiraf edirəm ki, söyüş, təhqir, ləkələmə müstəvisində mən zəifəm.

Belə müstəvidə həqiqət, reallıq bir tərəfdə qalır, təhrif olunmuş fikirlər ortaya qoyulur. Mənim indiyə qədər aldığım tərbiyə, fəaliyyət dairəm, müəllimlik peşəm buna uyğun deyil. Ona görə də, belə insanlarla ünsiyyətdən qaçmaq istəyirəm.


- “Erməni əsgəri səngərdə əyilə-əyilə gəzir” fikrini siz səsləndirmişdiniz...

- Bir dəqiqə. Mən elə bunu misal çəkəcəkdim. Gecə-gündüz yapışırlar ki, Elman Nəsirov çıxışında “erməni əsgəri səngərdə dik yeriyə bilmir, əyilə-əyilə gəzir” deyib. Mən deməkdən, izah etməkdən yoruldum ki, informasiya müharibəsi deyilən anlayış var. Biz də Ermənistanla təkcə ön cəbhədə deyil, həm də informasiya məkanında üz-üzə dayanmışıq.

Aprel döyüşləri erməni ordusuna elə zərbə endirdi ki, Ermənistan hələ də özünə gələ bilməyib. Hətta Serj Sarkisyan da hakimiyyətdən getməli oldu. Bu gün erməni ordusunda xof, qorxu var. Erməni əsgərinə deyirlər ki, ay əsgər, sən niyə səngərdə əyilə-əyilə gəzməlisən, ora dərindir axı? Səngərin dərin olmasına baxmayaraq erməni əsgərinin əyilə-əyilə gəzməsi özündən asılı deyil, qeyri-ixtiyaridir. Çünki aprel döyüşlərində Azərbaycan ordusu ən müasir silahlardan istifadə etdi, göydən mərmilər, güllələr yağış kimi yağdı. Bu vəziyyətdə erməni əsgərinin gözünün odu alındı, o, qeyri-ixtiyari olaraq əyilə-əyilə gəzir.

Biz belə təbliğatı daha da gücləndirməliyik, ona görə ki, bu, erməni əsgərinə həm də güclü psixoloji təsirdir, təzyiqdir. Məgər məni ittiham edən soydaşlarım istəmirlər ki, ermənilər səngərdə Azərbaycan əsgərinin qorxusundan əyilə-əyilə gəzsin?!

- Səngərin təyinatı axı həm də orada elə əyilib gəzməkdir?

- İndi dərin, müasir səngərlər qazılır. Həmin səngərlərdə əyilə-əyilə gəzməyə ehtiyac yoxdur. Səngərlər elə qazılır ki, orada düz də gəzmək olur. Mənim məqsədim isə budur ki, informasiya müharibəsində erməni əsgəri bizim gücümüz, potensialımız qarşısında qeyri-ixtiyari olaraq əyilə-əyilə gəzsin. Milyon dəfə izah edirəm ki, səngərlər indi 1941-1945-ci illərin səngərləri deyil, çox dərindirlər. Mənə inanmayanlar gedib Lələtəpədəki səngərləri görsünlər. Məntiqim bundan ibarətdir ki, erməni əsgəri, bizim torpaqda qorxudan əyilə-əyilə yeriməlidir, Günəşə həsrət qalmalıdır.

Məgər azərbaycanlı soydaşlarım istəmirlər ki, belə olsun? Lap fərz edək ki, mən arzumu, istəyimi bildirirəm, ürəyim yandığından elə deyirəm. Məgər siz istəmirsiniz ki, belə olsun?!

- Sosial şəbəkə istifadəçilərinin rəyi əsasında hazırladığım bu sualı vermək istərdim: Siz hərbi xidmətdə olmusunuzmu?

-  Bəzilərinin mənim hərbi xidmətdə olmağımdan xəbərləri yoxdur. 1986-1988-ci illərdə Moskvada hərbi xidmət keçmişəm. Səngər də görmüşəm, kilometrlərlə də sürünmüşük, güllə də atmışıq. Sovet ordusunda bu məsələlər çox ciddi idi. Onun ordusu çox güclü idi. Məsələ ondadır qərəzli yanaşanlar “Elman Nəsirov Sovet ordusunda xidmət edib” yazsalar, ona da təəccüblənmərəm. Yaxşı, mən hansı orduda xidmət etməli idim? İndi ona görə də ittiham edərlər ki, SSRİ ordusu 20 Yanvar qırğını törədib, amma Elman Nəsirov o orduda xidmət edib. Belə gülünc, yanlış fikirlər də olsa, daha təəccüblənmərəm. Axı o zaman biz SSRİ ordusuna yollanırdıq, başqa seçimimizmi vardı? Naşı, bisavad biri durub yazsa ki, Azərbaycan parlamentində Sovet ordusunda xidmət etmiş insanlar əyləşiblər, ona da təəccüblənmərəm.

- Siz bayaq təhqirdən danışdınız. Bu yaxınlarda parlamentdə bir çıxış etdiniz, bildirdiniz ki, bəzi müxalifət nümayəndələrinin yaxınlarının nə toyuna, nə də yasına getmək lazımdır. Sözlərdə təhqir yox idi, bəs düşünmürsünüz ki, bu fikrinizin mahiyyətində təhqir var?

- Bir hadisəni danışım: təxminən 1930-cu illərdə Azərbaycan bölgəsində belə hadisə olub. Bir nəfərə 25 il iş kəsilir. Həmin adam 25 il həbs həyatı yaşayandan sonra öz kəndinə qayıdır. Qayıdanda görür ki, heç kim onu qarşılamır, heç kim onunla gəlib görüşmür. Öz kəndliləri gəlib ona “xoş gəldin” demir, gözaydınlığı vermirlər. Həmin adam 3 gün, 5 gün buna dözür. Axırda bu qənaətə gəlir ki, daha evdə oturmalı deyil, gedir kəndin çayxanasına. Gedir, amma hamı bunu görəndən sonra durub çayxananı tərk edir. Bu, çayxanada tək qalır. Çayxananı işlədən də gəlib deyir ki, “ay əmi, bu gün işləmirik, bu gün sanitar günüdür, təmizlik işləri ilə məşğul olacağıq”.

Evinə gəlir, 2-3 gün sonra qonşuluqda yas düşür. Düşünür ki, yas yerinə getsə, bəlkə orada bunu bağışlayarlar. Yas məclisinə gedir, hamı bir-bir dağılışmağa başlayır. Molla da ondan üz çevirir, başlayır öz işi ilə məşğul olmağa.

Qayıdır evinə, bir neçə gündən sonra ölür. Əsl problem isə bundan sonra başlayır. Heç kim onu götürüb dəfn etmək istəmir. Axırda kəndin ağsaqqalları, mollaları başqa kənddən pulla insanlar çağırırlar ki, aparıb onu dəfn etsinlər. Başqa bir kəndin insanları həmin adamı qəbiristanlığa aparanda təəccüblənirlər.

Görürlər ki, bütün kənd camaatı hamısı qəbiristanlıqdadır. Məlum olur ki, kənd camaatı həmin adamın yaxınlarının yanında dəfn olunmasına icazə vermirlər. Buna ictimai qınaq deyirlər, ictimai qınaq çox dəhşətli şeydir.

Öləndə belə insanlar vəfat etmiş yaxınlarının yanında həmin adamın dəfn olunmasını istəmirlər.

Səbəb nə idi? O zamanlar İrandan sərhədi keçib gəlib mal-qara oğurlayırmışlar. Atışmalar olarmış, insanlar ölərmiş. O zaman Sovet hökuməti 2 gənc polisi at belində Qazaxdan cənub bölgəsinə göndərir ki, kənd camaatını qorusun. Kənd camaatı da onları da çox sevir, hörmət edirlər. Deyirlər ki, biz yatanda gənclər bizi qoruyurlar.

Gənclər gündüz istirahət edəndə həmin o adam onların atlarını satmaq naminə həmin 2 polisi öldürür. Kənd camaatı gəncləri xəyanətkarcasına öldürən bu adamı heç zaman bağışlamır.

Mən də çıxışımda onu deyirdim ki, ictimai qınaq olmalıdır. O insanlar ki, gedib Avropada məskunlaşıb, Azərbaycan dövlətinə qarşı hədyanlar söyləyirlər, təhqirlər səsləndirirlər, onlara qarşı da ictimai qınaq lazımdır. Hər şeyi bağışlamaq olar, amma ermənipərəst bir ölkədə alət olub Azərbaycan dövlətinə, xalqına, dövlətin simvollarından biri olan prezidentə münasibətdə belə xəyanətkar mövqe ictimai qınaq obyektinə çevrilməlidir. Bu səbəbdən də Milli Məclisdə elə çıxış etmişdim.


- Avropadakılara münasibəti bir kənara qoyaq, bəs daxildə Azərbaycan hakimiyyətinə qarşı ən radikal mövqedə duranların da yasına, toyuna getməyək?

- Müxalifətin olmağı çox əla bir şeydir. Hər bir normal dövlət və cəmiyyətdə müxalifət olmalıdır. Müxalifətin funksiyası iqtidarı tənqid etmək və eyni zamanda konstruktiv təkliflərlə çıxış etməkdir. Amma təhqir, qaralamaq, söymək, şərəf və ləyaqəti alçaltmaq olmaz. O insanlar ictimai qınaq obyekti olmalıdır ki, kimlərinsə əlində alət olublar.

Azərbaycan hakimiyyətinin bu və ya digər addımını tənqid edə bilərsən, ancaq heç kim sənə hüquq verməyib ki, təhqir edəsən.

Kimlər təhqir edirsə, onlar ermənipərəst qüvvələrin əlində alətdir. Bunu onlara dedizdirirlər, əvəzində də vəsaitlərini verirlər. Biz bunu ictimai qınağa çəkməliyik.

Mən Sərdar Cəlaloğlu ilə “Yeni Müsavat”da canlı yayım debatında idim. Orda müxalifətin fəallaşmasının kökündə xaricdən dəstək almağın dayandığını dedim. Qeyd etdim ki, Azərbaycandakı sabitliyi həzm edə bilməyənlər anti-Azərbaycan, ermənipərəst qüvvələrdən dəstək, maliyyə vəsaitləri alırlar.

Sərdar Cəlaloğlu isə mənə belə dedi: “Azərbaycan dövləti bizə pul vermir. Biz də acından öləsi deyilik ki! Ona görə də xaricdən bu pulları almalıyıq”. Görürsünüz, dolayısı ilə etiraf edib.

Sifariş verən məlum, pulu alan da məlum. Onlar da dirijorluq edirlər, müxalifət də dirijor çubuğuna baxıb hərəkət edir.

Sərdar Cəlaloğluda səbir, təmkin görmədim, hər dəfə qışqırmaq, bağırmaqla, mənim sözümü kəsirdi. Arqumentlərim qarşısında hay-küy salırdı, mən də bunları təbəssümlə qarşılayırdım.

Qarşındakı qışqırmağa, söz kəsməyə çalışırsa, deməli, onun arqumentləri tükənib.


- İsa Qəmbər, Əli Kərimli hazırlıqlı siyasətçilərdir. Elman Nəsirov bu klassik müxalifət liderləri ilə debata hazırdırmı?

- Hər biri ilə debata hazıram. Sadəcə debatda təhqir olmasın, faktlar, arqumentlər səsləndirilsin. Mən bundan zövq alaram ki, iki müxtəlif cəbhənin nümayəndələri elmi, analitik səviyyədə müzakirə aparır. İstərdim ki, konstruktiv polemika getsin.

- Dünyanın hər yerində müxalifətlə iqtidar arasında gərgin polemikalar olur, biri digərini ittiham edir. Amma sizə elə gəlmirmi ki, Azərbaycanda iqtidarla müxalifətlə arasında uçurum çox dərindir, heç bir məsələdə mövqelər uzlaşmır. Hansı texnologiyadan istifadə edilməlidir ki, bu uçurumun dərinliyi bir az da olsa azalsın?


- Bizim bu radikal müxalifət başqa istiqamətlərə boylanıb baxmamalıdır, sədəqə yığmamalıdır. Müəyyən anti-Azərbaycan qüvvələrlə işləyib onların tapşırıqlarını yerinə yetirməsin, müstəqil olsun. Necə ki, Azərbaycan Prezidenti, iqtidarı müstəqil siyasət yürüdür. Biz istəyirik ki, müxalifət də müstəqil olsun. Müstəqil olanda Azərbaycanın ümummilli məsələlərinə də sevinəcək, Azərbaycan Prezidentinin dövlətimizə qazandırdığı nailiyyətlərə görə də təbriklər səsləndirərlər. Biz bunu görsək, onda polemika, siyasi dialoq alınacaq.

Əks təqdirdə, biz onları dialoqa çağırsaq da, həmin radikal müxalifət icazə almaq üçün xaricdəki havadarlarına üz tutacaqlar.


- Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışlarında xaricdə ona qarşı fəaliyyət göstərən dairələrin adlarını konkret çəkir, açıq şəkildə dövlətləri ittiham edir. Amma bizdə daha çox “müəyyən dairələr” ifadəsi işlənir.  Bu qüvvələrin adları niyə çəkilmir? Niyə bizdə müəyyən sözü qeyri-müəyyən olaraq qalır?

- Birincisi, bu, yanlış yanaşma olar ki, sən bütövlükdə bir tərəfi ittiham edəsən. Bizim İranla mehriban qonşuluq münasibətlərimiz var. Amma İranda müəyyən siyasi dairələr bunun əleyhinədirlər, daha çox ermənilərlə münasibət qururlar. Buna görə də, bütövlükdə İrana qarşı çıxa bilmərəm. Çünki orada bizi müdafiə edən qüvvələr də çoxdur.


Biz Fransa ilə münasibətlərin inkişafında maraqlıyıq. Mən deyə bilmərəm ki, Fransa rəhbərliyi, dövləti, küll halında Azərbaycana qarşıdır. Fransada 500 min nəfərdən çox erməni yaşayır.


Ermənilər Azərbaycana qarşı olanları axtarıb tapırlar. Görürlər ki, onlar Azərbaycan iqtidarı, xalqına, Prezidentə qarşı olan qüvvələrdir. “Düşmənimin düşməni mənim dostumdur” prinsipi ilə yanaşırlar. Görəndə ki, Fransaya gedib, orada Azərbaycan rəhbərliyini təhqir edirlər, iftiralar yağdırırlar, xüsusi xidmət orqanları həmin adamları tapırlar. Onlara deyirlər ki, sən Azərbaycan xalqına müraciət elə, Azərbaycan Prezidentini, nazirləri təhqir elə! Prezidenti xalq seçib, onu təhqir edən, onu seçən xalqı təhqir edir. Fransada müəyyən siyasi dairələr, Amerikadakı müəyyən siyasi dairələr belə edirlər. Fikir verirsiniz, Fransa dövləti, ABŞ dövləti demədim, müəyyən siyasi dairələr ifadəsi işlətdim.

- Mexanizmi izah etdiniz. Yaxşı, bəs əlinizdə faktlar varmı ki, radikal müxalifət partiyası,  radikal şəxslər xaricdən maliyyə və ya xüsusi xidmət orqanlarından tapşırıq alır?

- Yəqin ki, bilirsiniz, indi “siyasi məhbus” elan edilən bəziləri Gürcüstandan keçərkən onlardan külli miqdarda dollar aşkarlanmışdı. Onların fəaliyyəti də bəlli idi, gedib Gürcüstanda Azərbaycana qarşı olan qüvvələrlə  birgə iş görürdülər. Gürcüstan dövləti ilə bizim dostluq, mehriban qonşuluq, strateji tərəfdaşlıq münasibətlərimiz var. Amma orada da müəyyən dairələr Azərbaycan-Gürcüstan dostluğunun inkişafında maraqlı deyillər. Belələri Azərbaycanın radikal müxalifət nümayəndələri ilə təmasa girirlər, onlara maliyyə verirlər.

Siz dediyinizi mənim sübut etməyimə ehtiyac da yoxdur, istintaq materiallarına diqqətlə baxsanız, hər şey gün kimi aydın olar.

- Məncə, sualların istiqamətini dəyişməyin zamanı yetişdi. Siz həm də Dövlət İdarəçilik Akademiyasında müəllimsiniz. Tələbələrlə münasibətiniz necədir?

- Tələbələrimlə münasibətim həmişə çox yüksək səviyyədə olub. Birincisi, ona görə ki, mən tələbələrimə münasibətdə həmişə obyektiv davranmışam. Vicdanım qarşısında da hər zaman bu məsuliyyəti daşıyıram. Birmənalı söyləyə bilərəm ki, tələbəyə münasibətdə neqativ hallara yol verməmişəm.

Bir dəfə tələbələrdən biri mənə dedi: “Hətta biz özümüz yüksək qiymət almaq üçün başqa addım atmaq fikrinə düşsək də, sual verəcəyik ki, onu Elman müəllimə necə təklif edəcəyik?”. Etiraf edirlər ki, nəsə təklif etsələr, əksinə, mən onların qiymətini kəsərəm.

Tələbələrimə həmişə söyləyirəm ki, məsələyə analitik yanaşsınlar. Nəyisə əzbərləyib mənə danışmaqlarını istəmirəm.

Tələbələrimin içərisində eləsi olub ki, mənim sualıma səhv cavab verib, amma onu faktlarla, arqumentlərlə, natiqliyi, söz ehtiyatı ilə elə əsaslandırıb ki, ona yüksək qiymət vermişəm. Bilirəm ki, o düzgün faktlarla silahlansa, ondan çox gözəl analitik çıxar.

Başqa bir tələbə isə kitabda olanları olduğu kimi danışıb, amma yaradıcılığı olmayıb deyə, ona nisbətən aşağı qiymət yazmışam. Beləsinə qeyri-standart sual verəndə, cavab verə bilmir.

Buna görə də tələbələrim çalışır ki, dərsdə öz mövqelərini səsləndirsinlər. Mən belə gəncliyin yetişməsində maraqlı olmuşam.



- Sizin kitablarınız var. Tələbələrinizə daha çox öz yazdığınız kitabları tövsiyə edirsiniz?

- Mənim “Azərbaycan- Amerika Birləşmiş Ştatları münasibətləri” adlı dissertasiya işim var idi, kitab halında çıxdı. 1997-ci ildə “Azərbaycan neftinin dünəni, bu günü və sabahı” mövzusunda Bakı Dövlət Universiteti, Elmlər Akademiyası və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin keçirdiyi ümumrespublika olimpiadasında birinci yeri tutdum. Yeri gəlmişkən, o zaman birinci yeri tutduğuma görə, mənə 500 dollar mükafat verdilər. O zaman Azərbaycanın neft diplomatiyası ilə bağlı kitabım çıxdı. Daha sonra isə mənim doktorluq işim ABŞ və beynəlxalq terrorizm problemləri ilə bağlı oldu.

Ümumiyyətlə, ixtisasım Avropa və ABŞ-la bağlıdır. Məhz buna görə Azərbaycan Dillər Universitetində 2 il ingilis dili kursuna getdim.

Mənim “ABŞ və dünya 11 sentyabrdan sonra”, “Amerika Birləşmiş Ştatlarının antiterror doktrinası və onun reallaşdırılması mexanizmləri” adlı kitablarım çıxdı. Bu yaxınlarda isə İstanbulda “Amerika Birləşmiş Ştatları və beynəlxalq terrorizm” adlı kitabım nəşr olundu.

Beynəlxalq terrorizmlə bağlı yerli və xarici müəlliflərin kitablarının təqdimatından sonra tələbələrimə zarafatla “bəndənizin də bu sahədə kitabları var, onları da qeyd edin” deyirəm.


- Deyirsiniz ki, Amerika üzrə ixtisaslaşmısınız. 11 sentyabr hadisələri Amerikanın Əfqanıstana girməsi üçün özünün ssenarisini yazıb həyata keçirdiyi fəaliyyət idi, yoxsa həqiqətən də terror olmuşdu?


-
Rəsmi mövqe belədir ki, özünü müsəlman kimi təqdim edən 19 nəfər “Əkiz qüllələr”i dağıtdılar və bu, Amerikaya hücumdur. ABŞ BMT nizamnaməsinin 51-ci maddəsini əlində bayraq etdi. Həmin maddəyə görə, bu və ya digər dövlətə təcavüz edilirsə, həmin dövlətin fərdi və kollektiv müdafiə hüququ var.

Amerika BMT-nin müvafiq qətnaməsini gözləmədən Əfqanıstanı bombalamağa başladı. Sizin suala gəlincə, bu məsələdə vahid mövqe yoxdur. O zamankı Buş administrasiyasını ittiham etmək üçün sənədlər ortaya çıxmışdı. Bunlar özü də gizli olmayan sənədlər idi.

“21-əsrin Amerikası” adlanan bir layihə var idi. Həmin layihəni Klinton administrasiyasına müxalifətdə olan yeni konsertavatorlar hazırlamışdılar. Mənası bu idi ki, nə zamana qədər Amerika İraqda baş verən hadisələrə dözməlidir!

Deyirdilər ki, Səddam Hüseyni yerində otuzdurmaq lazımdır, ABŞ-ın strateji maraqları sual altındadır. Buna görə də, Bill Klintonu ittiham edirdilər, deyirdilər ki, o hara baxır, dözümlülük nümayiş etdirir.

Qeyd edirdilər ki, Səddam Hüseyn nefti satıb, pulları Amerika əleyhinə yönəldir, beynəlxalq terrorizmi müdafiə edir, İraq nüvə silahına malikdir və sair.

1997-ci ildə İraqa hücum etməməyə görə Klinton ittiham edilirdi. Corc Buş isə yeni konservatorların əsas üzvlərindən biri idi, hakimiyyətə gələn kimi, sərt mövqe tutdu. Pul Vulfoviç də əsas simalarından biri idi, o da Amerikanın müdafiə naziri oldu.

Amerikanın hazırki prezidenti Donald Trampın müşaviri Con Bolton da həmin o qırğılardan sayılırdı. Con Bolton Amerikanın BMT-dəki daimi nümayəndəsi idi. O deyirdi ki, BMT-də İraqa qarşı müharibə səsə qoyulsun və müharibə başlansın.

Buna görə də belə fikirlər var ki, “Əkiz qüllələr”in partladılması Amerikanın Əfqanıstana girməsi üçün bəhanə idi.

Amma qarşı tərəf deyir ki, bunlar bəhanə deyil. Çünki bu terroru həyata keçirən Ben Laden öz müraciətində bəyan edirdi ki, 11 sentyabr hələ başlanğıcdır, qarşıda Amerikaya qarşı daha dəhşətli ssenariləri işə salacaqlar. Ben Ladenin bu yanaşmaları daha çox Amerika hakimiyyətinin xeyrinə işləyirdi.

- “Əl-Qaidə” SSRİ işğalına qarşı yaradılmış mücahidlər ordusu idi. Bir mənbədən oxumuşdum ki, “Əl-Qaidə”ni vaxtı ilə Amerika mərkəzləri maliyyələşdiriblər. Bu nəticəni çıxara bilərikmi ki, Ben Laden əvvəlcədən Amerikanın adamı olub, sonra oxları Vaşinqtona qarşı çevirib?

- Soyuq müharibə dövründə dünyadakı prosesləri iki dövlət və iki blok idarə edirdi. Eyni zamanda beynəlxalq terrorizmi yaradan, onları maliyyələşdirən, idarə edən də ABŞ və SSRİ idi.

Buna görə də o zaman beynəlxalq terrorizm üçün münbit şərait yaradılmışdı. Ben Ladenə gəlincə, onun Amerika xüsusi xidmət orqanlarının formalaşdırdığı şəxs olması heç kimə sirr deyil. Bunu ABŞ-ın özündə də etiraf edirlər. Ben Ladendən Sovet İttifaqı əleyhinə istifadə olunurdu.

Burada bir incəlik var, onu nəzərə almaq lazımdır. Sovet İttifaqı Əfqanıstanda müharibə apararkən Ben Laden Amerikaya hava-su kimi lazım idi. Lakin 1989-cu ilin dekabr ayında SSRİ qoşunları Əfqanıstandan çıxdıqdan sonra, Ben Ladenin ABŞ üçün lazımlılıq əmsalı sıfıra endi.

Amerika yumşaq desək, Ben Ladeni bir əlcək kimi istifadə edib tulladı. Belə olan vəziyyətdə Ben Ladenin öz mübarizəsini davam etdirməsi üçün ona yeni düşmən lazım idi. Bu yeni düşmən də ABŞ idi.

Ancaq mahiyyət etibarı ilə Ben Laden ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin yaratdığı bir alət idi.

- Amerikadakı seçki sistemi, siyasi sistemi çox mürəkkəbdir. Sizcə, siyasi və seçki sistemi təkmildirmi?

- Qətiyyən təkmil deyil. Amerikanın seçki sistemi natamamdır. Özləri də bunu etiraf edirlər. Sadəcə Amerikada qanunları dəyişmək proseduru çox böyük problemdir.

Qanunu dəyişmək üçün Konqresdə 3-də 2 səs toplanmalıdır. Bu səs çoxluğu isə toplanılmır. Bu səbəbdən köhnə qaydalar davam etməkdədir.

Təsəvvür edin, Amerika xalqı prezident seçmir. Amerika xalqı prezidenti seçənləri seçir. Seçənlərə deyirlər ki, sən özü seç. Burada qəribə bir mexanizm var. “Səs qalibə verilir” prinsipi işləyir.

Gəlin, daha sadə dillə izah edək. Tutaq ki, Kaliforniyanın 54 səsi var. Deməli, 54 səsi Kaliforniyadan qazanmaq lazımdır. Kaliforniyanın seçiciləri 54 nəfəri seçirlər və deyirlər ki, onlar da prezidenti seçsinlər.

Deyək ki, 30 səs demokratlar, 24 səs respublikaçılar qazanırlar. 30 səs çox olduğuna görə, o, qalib sayılır. “Səslər qalibə verilir” prinsipi işə düşür, yerdə qalan 24 səsi də qalibə verirlər. Belə seçkimi olar?


- Vaxtı ilə deputat həmkarınız Siyavuş Novruzov demişdi ki, Qərb gəlib seçki sistemini Azərbaycandan öyrənməlidir. Yəni biz özümüz seçki sistemində çox irəlidəyik?

- Siyavuş müəllim o ifadəni elə-belə işlətməmişdi. Seçkini elektron da etmək olar. Elektron səsvermə prosesinə girmək və nəticələri dəyişmək çox çətindir. Bəzən də gedib poçtlardan səs verirlər. Yəni vahid bir sistem yoxdur.

Florida ştatında çoxlu yaşlı yəhudi yaşayır. Yaşlı insanlar gedib xüsusi aparatı basmaqla kağızı deşir və kimə səs verdiyi qeydə alınır. Dəfələrlə belə faktlar qeydə alınıb ki, bəzən yaşlı insanlar bunu deşə bilmirlər, səs də qeydə alınmamış kimi düşür. Deməli, bu şəxslərin seçici səsi nəzərə alınmadı.

Amerikada respublikaçılar hakimiyyətdədirlər. Respublikaçılar Partiyasına mənsub olan nəhəng bir şirkətin rəhbəri öz adamlarına demir ki, gedin respublikaçılara səs verin. Onlara söyləyir ki, əgər demokratlar qalib gəlsə, onların müəssisəsinin yaxşı fəaliyyət göstərməsi üçün lazım olan vəsaiti ayırmayacaqlar.  Deyirlər ki, demokratlar qalib gəlsələr, ixtisarlara getməyə məcbur olacaqlar.

Yəni bu, o deməkdir ki, demokratlara səs verməyin, səs versəniz işinizi itirəcəksiniz. Baxın, 100 minlərlə insana belə təsir edirlər. Bunlar mənim mülahizələrim deyil, hamısı qeydə alınmış faktlardır.

- Çatışmazlıqlar ola bilər, amma Amerikada hər hansı seçki saxtakarlığından söhbət getdiyini görmüsünüzmü?

- Sizə bir fakt söyləyim. Bizim seçkiləri ən çox ATƏT müşahidəçiləri tənqid edir. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Amerikada bir neçə il öncə seçkilərə getmişdi. Səhv etmirəmsə, Texas ştatının prokuroru ATƏT müşahidəçilərinə söyləmişdi ki, seçki məntəqəsindən 30 metr məsafədə dayansınlar. Prokuror demişdi ki, 30 metr məsafədən yaxın gəlsəniz, sizi həbs edəcəyəm!

“Yox, sizi Amerika seçki sistemi maraqlandırırsa, əlavə kurslar təşkil edərik, öyrənərsiniz” demişdi.

Təsəvvür edin, Texas ştatının prokuroru seçkini müşahidə etməyə gələn insanları həbslə hədələyir. Biz isə onları dəvət edirik, hər şeyi izləyirlər. Bir anlıq gözünüzün qabağına gətirin, Azərbaycanda hansısa seçki məntəqəsində prokuror  müşahidəçilərə deyir ki, siz seçki məntəqəsinə 30 metr məsafədən az olaraq yanaşsanız, sizi həbs edəcəyəm. Bilirsiniz nə baş verər, bizi nə qədər ittiham edərlər?! Bütün Avropa ayağa qalxar ki, Azərbaycan həddini aşıb. Amerikada  isə açıq şəkildə həbslə hədələyirlər.

- Elman müəllim, hər hansı bir deputat çıxışlar edəndə, bəziləri belə təəssürat yaradırlar ki, yuxarı dairələrdən, Prezident Administrasiyasından tapşırıq alıb, fikirlər səsləndirirlər. Səmimi olaq, siz parlamentdə fikir səsləndirəndə hakim elitadan hər hansı təlimat almısınızmı?

- Tam səmimi deyirəm ki, belə bir şey yoxdur. Mən Yeni Azərbaycan Partiyasının üzvüyəm. Partiyamızın 732 min üzvü var. Təbii ki, partiyanın xətti, yanaşması, istiqaməti bəlli məsələlərdir.

Amma siz dediyiniz məsələ heç zaman olmayıb. Biz o baxımdan müstəqilik ki, ağlımız, savadımız, baxışlarımız var. Biz çıxış edərkən heç bir halda bizə təlimat gəlmir. Mən indi sizə müsahibə verirəm, bura gələrkən heç kimdən nəsə soruşmamışam. Və sizə də mənə hansı suallar verəcəyinizi deməmişəm ki, o sualları yuxarı dairələrə ötürüm.

Sizin suallardan da xəbərim yox idi, suallar müsahibə əsnasında yarandı. Partiyamızın məramı, nizamnaməsi, istiqaməti var. Biz cənab Prezidentin siyasətini dəstəkləyirik, onu həyata keçiririk. Bu partiya ümumxalq partiyasıdır. Bu siyasət xalqın dəstəklədiyi siyasətdir. Bundan kənar isə bir şey yoxdur. Ona görə də, tam arxayın olun, Yeni Azərbaycan Partiyasının heç bir üzvü, deputatı bu və ya digər çıxışında xüsusi təlimat almır.

- Efirlərə tez-tez çıxırsınız, mətbuata açıqlamalar, müsahibələr verirsiniz. Bu cəhətdən aktivsiniz. Evə saat neçədə gedib çıxırsınız?

- İctimailəşmək və siyasi fəaliyyətlə məşğul olmaq şəxsi həyatda müəyyən məhdudiyyətlər tələb edir. Xoşbəxtəm ki, ailə üzvlərim işimi, reallığı düzgün qiymətləndirirlər. Bilirlər ki, bu, mənim missiyamdır və bu missiyanı həyata keçirirəm. Bu missiyanın mahiyyətində xalqa, dövlətə xidmət dayanır. Bu yolda bezmək, usanmaq, yorulmaq qəbuledilməzdir. Ən başlıcası, mənim gücüm ondadır ki, hansı addımları atıramsa, ona inanıram. Gözəl dərk edirəm ki, hakimiyyətə iddialı olan radikal müxalifət iqtidara gəlsə, Azərbaycan 1990-cı illərin əvvəllərinə qayıdar. Amma xalqımız bunu istəməz. Biz bunu görürük, təhlil edirik, danışanda da ürəklə danışıram.

- Elman müəllim, sizi formada görürəm. İdmanla məşğulsunuz?

- Hərdən üzgüçülüyə gedirəm. Əvvəllər futbol da oynayırdım. Bir dəfə futbolda ayağım möhkəm əzildi. Onu çətinliklə müalicə edə bildik. Artıq futbol oynamağa gözüm qorxub. Ona görə də üzgüçülüyə gedirəm, axşamlar da saat yarım parkda gəzintiyə çıxıram.

- Ailəniz haqda da qısa məlumat verərdinizmi?

- Yoldaşım sinif müəllimidir. 3 övladım var. Böyük qızım Bakı Dövlət Universitetinin Gənc İstedadlar Liseyində 7-ci sinifdə oxuyur. İngilis dili üzrə böyük bir müsabiqədə 2-ci yeri tutdu. Kiçik qızım 3-cü sinifdə oxuyur, dərs əlaçısıdır. Oğlum isə bu il birinci sinfə gedəcək.

- Ailədə mühafizəkarsınız?

- Məndə mühafizəkarlıqla modernizm harmoniyadadır. Bütövlükdə liberal deyiləm, bütövlükdə mühafizəkar da deyiləm. Ayrı-ayrı hallarda məsələlərə yanaşmalarım var.

Qaş-qabaqlı insanlardan da, hər dəfə deyib-gülən insanlardan da xoşum gəlmir. İnsan məqamında, yerində hərəkət etməlidir. Bu stil mənə yaxındır. Eyni yanaşma ailəyə münasibətdə də özünü göstərir. Elə məsələlər isə var ki, mən tam əks mövqedəyəm.

- Hansı məsələdə?

- Bəlkə də bu fikrim çoxlarının xoşuna gəlməyəcək. Bir çox ailələrdə ər də maşın sürür, arvad da. Bu məsələdə mən mühafizəkaram.

- Yəni qadının maşın sürməsinə normal baxmırsınız?

- Qadınların maşın sürməsinə normal baxmıram. Lazımdısa, evdə maşın var. Yoxsa mən maşınla getdim, ardınca da xanım da öz maşınına minib getsin – bunu qəbul etmirəm. Kimsə məni ittiham edər ki, köhnə fikirliyəm, olsun! Açıq deyirəm ki, bu məsələdə mühafizəkaram.



Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər