Modern.az

İran və Fransanı Azərbaycana qarşı nə BİRLƏŞDİRİR

İran və Fransanı Azərbaycana qarşı nə BİRLƏŞDİRİR

Analitika

20 Oktyabr 2022, 10:56

Fransa və İranın Ermənistanla bağlı mövqeyi bəllidir. Rəsmi Paris aşkar şəkildə İrəvanın işğalçı siyasətini dəstəkləyir, Tehran isə üzdə özünü bitərəf göstərməyə çalışsa da, əslində ermənilərin mövqeyindən çıxış edir, Ermənistan hakimiyyətinin siyasi tezislərini alqışlayır. 

 

İkinci Qarabağ müharibəsindən sonra əzəli düşmənlər - Fransa və İran Azərbaycana qarşı münasibətdə oxşar cinahda yer alırlar. Hər iki ölkə Ermənistanın yanında, Azərbaycanın isə qarşısında dayanmaqla əsl simalarını ortaya qoyublar.  

 

Proseslər onu deməyə əsas verir ki, Fransa Azərbaycan və Ermənistan arasında sülh sazişinin olmasını istəmir, İran isə bölgənin iqtisadi mənzərəsini dəyişəcək Zəngəzur dəhlizinin açılmasını əngəlləməyə çalışır.

 

Mövzu ilə bağlı Modern.az-a danışan politoloq Zaur Məmmədov bildirib ki, İran və Fransa Cənubi Qafqazda erməni maraqlarını müdafiə etməklə məşğuldur. Hər iki tərəf düşünür ki, ədalətsiz və qərəzli olsa da, onlar üçün geosiyasi baxımdan Ermənistanı dəstəkləmək daha yaxşıdır.

 

Politoloqun fikrincə, Fransa və Ermənistan öz maraqları üçün Rusiyaya təzyiq göstərməyə çalışır:

 

“Ermənistan və Fransanın planlarına əsasən, sərhəddə nə qədər çox təxribat törətsələr, Avropadan bir o qədər  qüvvənin Ermənistan sərhədinə gəlməsinə nail ola bilərlər. Həmin qüvvələr guya sülh missiyası ilə məşğul olacaq. Bu, Rusiyaya qarşı yönəlmiş addımdır. Ermənistan Rusiyanın Ukraynada başının qarışmasından istifadə etməyə çalışır. Nikol Paşinyan Qərbə inteqrasiya etmək istəyir. O, həm də başa düşür ki, Rusiya və Türkiyə arasında yeni reallıqlara əsaslanan əlaqələr delimitasiya və demarkasiya, Zəngəzur dəhlizi və Qarabağın dağlıq hissəsi ilə bağlı məsələlərdə Ermənistana fayda verməyəcək. Bu kontekstdə Paşinyan Ermənistanı Qarabağsız Qərbə yönəltmək, Rusiyadan tamamilə xilas etmək istəyir. Ona görə də, biz Qərbin gələcək aylarda Ermənistanı daha çox dəstəkləyəcəyinin şahidi olacağıq. Əfsuslar olsun ki, Qərb bu məsələdə birtərəfli davranmağa üstünlük verəcək. Ancaq ümumilikdə götürdükdə Avropa İttifaqı bu məsələdə balansı qorumağa üstünlük verərək, ədalətli mövqe nümayiş etdirəcək. Yalnız Fransadakı demokratlar və Makron erməni dəyirmanına su tökməyə davam edəcək”.

 

 

Politoloq bildirib ki, Fransadan fərqli olaraq, İran hazırda Avropanın mülki missiyasının bölgəyə gəlməsindən narahatdır:

 

“Söhbət de-fakto şəkildə Avropa İttifaqının kəşfiyyat bölməsinin bölgəyə gəlməsindən getsə də, İran susur. Azərbaycana verdiyi sərt bəyanatlara bənzər hansısa açıqlama vermir. Zəngəzur dəhlizi məsələsinə gəldikdə isə İran buna razı olmadığını çoxdan bəyan edib. İran sərhədlərin dəyişilməsini istəmirsə, Ermənistana sülh müqaviləsini imzalamağa görə təzyiq göstərməlidir. Ermənistanın indiki və bundan sonra gələcək hökumət nümayəndələrinin Qarabağ məsələsində qeyri-müəyyənlik nümayiş etdirməsi yolverilməzdir. Bu, Azərbaycanın delimitasiya və demarkasiya prosesində vaxtilə kommunistlər tərəfindən hazırlanmış xəritəni rədd etməsinə səbəb ola bilər. Əslində, belə də olmalıdır. İran 1828, 1918 və 1920-ci illərin sərhədinə yaxşı baxmalıdır. Azərbaycan Xalq Cümhuriyyəti zamanı bizim İranla sərhədimizin Mehridə olduğunu xatırlamalıdır. Ermənistan SSRİ-yə qəbul olarkən onun cəmi 9 min kvadrat kilometr ərazisi mövcud idi. Yaxşı olardı ki, İran Arazın şimalında gedən proseslərə, Azərbaycanın daxili işlərinə qarışmasın”.

 

Z.Məmmədov, həmçinin delimitasiya və demarkasiya prosesinin vacibliyini bir daha xatırladıb:

 

“Cənubi Qafqazda proseslər davam edir. Bu prosesdə əsas məsələ Azərbaycanın ərazi bütövlüyünün heç kim tərəfindən şübhə altına alınmaması ilə bağlıdır. Qarabağın dağlıq hissəsində Ermənistanın mütəmadi provakasiyalarını neytrallaşdırmalıyıq. Bundan əlavə Azərbaycan-Ermənistan sərhədində yeni əlaqələrin təməli qoyulmalıdır. Əlbəttə, Zəngəzur dəhlizinin açılması mühüm addımdır. Gələcək təxribatların qarşısını almaq üçün sərhədlərin delimitasiya və demarkasiya prosesinin həyata keçirilməsi isə həyati əhəmiyyət kəsb edir”.

 

 

Politoloq Cümşüd Nuriyev isə vurğulayıb ki, Fransanın indiki prezidenti özünü vaxtilə bu ölkəyə rəhbərlik etmiş Şarl de Qolla bənzətməyə çalışır. O, Şarl de Qollun İkinci Dünya Müharibəsi zamanı rəhbər tutduğu konsepsiyanı davam etdirməyi qarşısına məqsəd qoyub:

 

“Bu konsepsiyanın mahiyyəti Fansanın bütün məsələlərdə öndə olmasının zəruriliyi ilə bağlıdır. Onların düşüncəsinə görə, Fransa öndə deyilsə, deməli, heç nə həll edilmir. Şarl de Qoll bunu o zamankı şəraitə uyğun olaraq demişdi. Emmanuel Makron isə bu sözləri Fransanın bu gününə tətbiq etməyə çalışır. Əslində bu gün Fransa öndə olan dövlət deyil. Fransanın BMT-nin beş daimi üzvündən biri olmasına baxmayaraq, Avropa İttifaqının siyasətini müəyyənləşdirməyə belə gücü yoxdur”.

 

Politoloq Fransanın sülhyaratma prosesinə qarışmasının absurd olduğunu söyləyib:

 

“Söhbət sülhyaratma prosesindən gedirsə, onda hər iki tərəfin razılığı olmalıdır. Biz ATƏT-in həmsədri kimi Fransanın 30 il ərzində göstərdiyi fəaliyyəti bəyənmədik. Ümumiyyətlə, ATƏT-in özünü fəaliyyətsizliyinə görə, qəbul etmirik. 44 günlük Vətən müharibəsi zamanı Fransada aşağı və yuxarı palata özbaşına Dağlıq Qarabağın "müstəqilliyini" qəbul etdi. İndi yenə Fransanın 5-6 deputatı ortaya düşüb ki, noyabrın 15-nə qədər Azərbaycana qarşı sanksiya qəbul olunsun. Hazırda Fransanın özünün kifayət qədər daxili problemləri var. Makron hakimiyyətə gələndən Fransanın üzü gülmür. Fransanın daxilində iğtişaşlar, problemlər olduğu halda onun bu prosesə qarışması heç bir məntiqə sığmır". 

 

İrana gəlincə, Cümşüd Nuriyev bu ölkənin mövqeyinin Azərbaycana zidd olduğunu əlavə edib:

 

“İran ümumiyyətlə bu məsələyə qarışmamalı idi. İranın əsas qorxusu narkotrafiklə bağlıdır. Yəni Azərbaycanın bu biznesə qarşı əngəl yaratması onları qorxudur. Ancaq Azərbaycan 30 il ərzində İranın Ermənistana dəstəyinə göz yumdu. Keçmişi geridə qoyaraq qonşuluq əlaqələrinə davam etdi. İndi də mollalar  tamam fərqli fikirlərə düşüblər. Azərbaycan sərhədinə “SEPAH”ı gətiriblər. Onlar guya hücum əməliyyatlarına hazırlaşırlar. Bu bədbəxtlər başa düşmürlər ki, əhalisinin sayının çox olması belə İrana fayda verməyəcək. Onlar Azərbaycana qarşı hansısa addım atsalar, Rusiyadan da betər vəziyyətə düşəcəklər. Çünki onlar qarşılarında Türkiyəni, Pakistanı və İsraili görəcəklər”.

 

Politoloqun sözlərinə görə, Fransa və İran “düşmənimin düşməni mənim dostumdur” prinsipindən çıxış edirlər:

 

“Fransa və İran bir-birini sevməyən ölkələrdir. Ancaq Ermənistana dəstək və Azərbaycana qarşı düşmənçilik onları birləşdirib. Ancaq İran unutmasın ki, onları türklər ayaqda tutub. İndi elə düşünürlər ki, guya nəyəsə nail olacaqlar. Əksinə, İran nəsə etsə, viran qalacaq. Bir sözlə, nə İran, nə də Fransa istəyinə nail olacaq”.

 

 

Cümşüd Nuriyev İranın da Fransa kimi Zəngəzur dəhlizinə görə sülhü istəmədiyini hesab edir:

 

“Sülh müqaviləsi imzalandıqdan sonra Ermənistan rəsmən Qarabağın Azərbaycanın ərazisi olduğunu qəbul edəcək. Bu zaman Ermənistan üçtərəfli bəyanatın müddəasına uyğun olaraq Zəngəzur dəhlizinin açılmasına şərait yaratmalı olacaq. Əks təqdirdə biz onlara verilən yeni yolu bağlayacağıq.

 

Nə Fransa, nə də İran ağıllı hərəkət edir. Hazırda Fransanı ABŞ, İranı isə Rusiya təhrik edir. Rusiyanın İranı təhrik etməsi sülhməramlılarla bağlıdır. Belə ki, sülh müqaviləsi imzalanıb, Qarabağ Azərbaycanın daxili ərazisi kimi tanındıqdan sonra  Rusiya sülhməramlı qüvvələrinin regionda qalmasının mənası olmur. Digər tərəfdən Ermənistan Rusiyanı satıb. Rusiya buna görə Ermənistanı cəzalandırmaq istəyir. Ukrayna müharibəsi olduğu üçün ikinci cəbhə açmaq istəmir. Ona görə də, burada İrandan istifadə edir. Fransanın buradakı məqsədi ABŞ-ın tapşırığı ilə Rusiyanı Cənubi Qafqazdan çıxarmaqdır. Ona görə də, bu addımları atır, Rusiyanın üzərinə gedir. Ancaq bütün bunların faydası olmayacaq. Hazırda Azərbaycan regionda nüfuz və güc sahibidir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar