Modern.az

Fransadakı xaos Makronun səriştəsizliyinin nəticəsidir - ŞƏRH

Fransadakı xaos Makronun səriştəsizliyinin nəticəsidir - ŞƏRH

Analitika

1 İyul 2023, 14:59

Fransada 17 yaşlı yeniyetmənin polis tərəfindən öldürülməsindən sonra başlayan aksiyalar iğtişaşa çevrilib. Ölkənin bir çox şəhərində polislə vətəndaşlar arasında şiddətli toqquşmalar yaşanır, çoxlu sayda maşın yandırılıb, mağazalar qarət edilib.

 

Makron hakimiyyəti aksiyaları dağıtmaq üçün şəhərlərə xüsusi təyinatlı polis dəstələri, zirehli texnika göndərib. Polis aksiyaçıların qarşısını almaq üçün müxtəlif vasitələrdən, o cümlədən güc vasitələrindən istifadə edir. Yüzlərlə şəxs həbs olunub, çoxlu sayda yaralı var.

 

Qeyd olunan vəziyyəti işıqlandırmaq üçün Fransada çəkiliş aparan “Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) QSC-nin əməkdaşlarına hücuma məruz qalıb, onlara xəsarət yetirilib, texnikaları əllərindən alınıb.

 

Nəticədə müxbir və operator yüngül bədən xəsarətləri alıblar, çəkiliş kamerası isə əllərindən alınaraq sındırılıb. Əməkdaşlar kameranı geri tələb edərkən onları silahla hədələyiblər”.

 

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC olaraq baş verənləri şiddətlə qınayır, baş vermiş hadisəni yalnız Azərbaycan jurnalistlərinə deyil, ümumilikdə söz və ifadə azadığına, azad jurnalistika fəaliyyətinə basqı hesab edirik. Biz Fransanın hüquq mühafizə orqanlarından bu hadisəni obyektiv araşdırmağı, jurnalistlərə silahlı hücum edən şəxslərin müəyyənləşdirilməsini və cəzalandırılmasını, dəymiş zərərin ödənilməsi üçün lazımi tədbirlər görməyi tələb edirik”, - bəyanatda bildirilib.

 

Bəs, özünü "demokratiyanı qalası" hesab edən Fransada baş verən bu hadisə nədən xəbər verir? 

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki, Fransa üçün demokratiya anlayışı kiçik ölkələrə təzyiq üçün insturmentdir:

 

“Nə Amerikada, nə də Avropada demokratiya, söz, media və vicdan azadlığı var. Vicdan azadlığı varsa, niyə İsveçdə Tövrata və İncilə qarşı hörmətsizlik etmək insanın cinayət məsuliyyətinə cəlb olunmasına səbəb olduğu halda, Quranın yandırılması azad fikir kimi qələmə verilir. Bu necə ola bilər? Üçü də səmavi dindir. Fransada təkcə Azərbaycan jurnalistinə qarşı belə zorakılıq işlətməyiblər. Hadisələr göz qabağındadır. Fransa daxili işlər naziri 1000-dən çox adamı həbs etdiklərini bildirib. Kadrlardan görünür ki, insanları polis necə döyür. Söz azadlığı, demokratiya filan onlarda sadəcə olaraq imitasiyadır. Kiçik, yeni inkişaf etməkdə olan ölkələrə təzyiq göstərmək üçün insturmentdir. SSRİ dağıldıqdan sonra yeni müstəqilliyinə qovuşan dövlətlər elə fikirlərşirdi ki, yəqin Avropada bəşəri dəyərlər var. Ümumdünya İnsan Hüquqları Bəyannaməsində təsbit olunan dəyərlər toxunulmaz və dəyərlidir. Lakin bu belə deyil”.

 

 

M.İbrahimqızı hadisəyə ciddi etiraz edilməli olduğunu vurğulayıb:

 

“Bu gün Fransada baş verənlər, eləcə də AzTv-nin jurnalistinə qarşı törədilmiş zorakılıq cinayət sayılır. Ona görə də biz səsimizi çıxarmalıyıq. Azərbaycan ərazicə balacadır. Azərbaycan xalqı isə güclüdür. Biz heç vaxt tabe xalq olmamışıq. Mən də etirazımı bildirirəm. Onlar Azərbaycanda milçəkdən fil düzəldirlər. Biz isə fildən milçək düzəldirik. Yəni səsimizi çox zəif çıxardırıq.BMT-də bütün ölkələr müstəqil səsə malikdir. Bu zorakılığa, dini, irqi ayrıseçkiliyə son qoyulmalıdır”.

 

Deputat Fransada anarxiyanın hökm sürdüyünü bildirir:

 

“Bu gün az qala özünü “demokratiyanın” beşiyi adlandıran Fransada xaos, anarxiya hökm sürür. İnsanlar küçələrdə polis tərəfindən heç bir sorğu-sual edilmədən və hər hansı təhlükə hesab olunmadan güllələnir. Beynəlxalq hüquq Paris küçələrində ayaqlar altına atılıb. Jurnalistlər, qeyri-hökumət təşkilatları təmsilçilərinə insanların narazılığı ilə maraqlanmağa imkan verilmir. Fransa dövləti başda ermənipərəst Emmanuel Makron olmaqla repressiya maşınını işə salıb. Paris hazırda barikaddalardan küçə döyüşlərinin getdiyi filmləri xatırladır".

 

Onun sözlərinə görə, Fransada baş verənlərin kökündə Makron hakimiyyətinin yarıtmazlığı durur:

 

"Parisdə bir gəncin heç nə olmadan polis tərəfindən güllələnməsi əslində Makron hakimiyyətinin mahiyyəti idi. Çünki ermənidən çox ermənilik edən Fransa prezidenti öz ölkəsində olanları unudub Ermənistanın böyük bacısı obrazında çıxış edir. Məhz bunun nəticəsidir ki, Avropanın dəyərləri sistemini özündə cəmləşdirən Fransa bu gün aciz duruma düşüb”.

 

Millət vəkili hesab edir ki, son günlər Daşnaksütun partiyasının və erməni lobbisinin Fransada olan nümayəndələrinin Prezident Emmanuel Makronla görüşü və bu görüşdə dövlət başçısının səsləndirdiyi bəzi fikirlər də diqqətdən yayına bilməz: 

 

"Azərbaycan dövləti haqlı olaraq rəsmi Parisdən Emmanuel Makronun adından verilən bu fikirlərin ya təsdiq, ya da təkzib olunmasını gözləyir. Təsdiq edildiyi təqdirdə rəsmi Bakı tərəfindən diplomatik müstəvidə müvafiq addımların atılacağı istisna deyil. Bununla bağlı Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb və ondan bu məsələlərlə bağlı açıqlamalara aydınlıq gətirilməsi tələb edilib”.

 

Qeyd edək ki, E.Makron Daşnaksütun və erməni lobbisinin nümayəndələri ilə Fransada görüşüb. Onların mediaya açıqlamalarında Emmanuel Makrona istinadən Kişinyov görüşündən dərhal sonra Fransa Prezidentinin onlara zəng etdiyi, Azərbaycan Prezidentinə təzyiq göstərdiyi və göstərəcəyi, Qarabağ məsələsində Paşinyandan daha fəal olduğu, bu fəallığını daha da artıracağını və s. kimi fikirlər səsləndiriblər”.

 

Milli Məclisin digər bir deputatı Ceyhun Məmmədov vurğulayıb ki, Fransada baş verən son hadisələr onun əsl mahiyyətini bir daha açıq göstərdi:

 

“Fransada baş verən hadisələr hesab edirəm ki, bu ölkənin həyata keçirdiyi digər xalqalara qarşı dözümsüz münasibəti açıq ortaya qoydu. Bu gün dünyaya insan hüquq və azadlıqlarından dərs keçməyə çalışan, özünü demokratik  dəyərlərə sadiq dövlət kimi göstərməyə çalışan, Ermənistanın böyük bacısı rolunda davamlı sürətdə Azərbaycanı etnik təmizləmədə günahlandıran ölkənin hansı mahiyyətə malik olduğunu bir daha açıq şəkildə gördük. Bu ölkədə ən kiçik insan hüquq və azadlıqlarına əməl olunmur. Bu gün dünyanın hər bir ölkəsində medianın sərbəst fəaliyyəti üçün dövlətlər tərəfindən gərəkən şərait yaradılır. Hər yedə media sərbəst şəkildə fəaliyyət göstərir. Bununla bağlı hər hansı məhdudiyyət tətbiq edilmir.  Fransada isə Azərbaycan televiziyasının əməkdaşlarına qarşı zorakılıq tətbiq olunur, onların kameraları götürülür. Kameralar tələb edildikdə isə onları silahla hədələyirlər”.

 

​​​​​Deputatın fikrincə, bu, həm də hazırkı Fransa Prezidenti Emmanuel Makronun necə səriştəsiz biri olduğunu göstərir:

 

“Makronun hansı siyasəti həyata keçirdiyini, hansı bacarığa və səriştəyə malik olduğunu bu olaylar aydın şəkildə göstərir. Bu həm də göstərir ki, Fransa demokratik ölkə deyil. Fransada jurnalistlərin sərbəst fəaliyyəti üçün şərait yaradılmır. Məhdudiyyətlər tətbiq edilir. Bu gün Frnasada günahsız insanlar qətlə yetirilir. Bu gün Fransada tətbiq olunan mitinqlərdə yalnız müsəlmanlar, burada yaşayan digər xalqların nümayəndələri deyil, hətta fransızlar da iştirak edərək öz etiraz və narazılıqlarını dilə gətirirlər. Bir neçə gündür ki, qarşıdurma səngimir. Bu həm də vətəndaşların dövlətə etimadının itdiyinin  göstəricisidir. Yəni hazırkı hökumətə, hazırkı prezidentə Fransa xalqı güvənmir. Biz sarı jiletlilərin etirazı zamanı da, pensiya islahatları zamanı da gördük. Son hadisələr Makronun nə qədər bacarıqsız, səriştəsiz olduğunu açıq şəkildə göstərdi. Hesab edirəm ki, bu etirazlar hələ uzun müddət davam edəcək”.  

 

Ceyhun Məmmədov deyir ki, Fransa demokratiya dərsi keçməyi dayandırmalıdır:

 

“Bu gün baş verənlər Fransa tarixində ən utancverici, xoşagəlməz olaylar kimi qeyd olunacaq. Tarix boyu bir qara səhifə kimi xatırlanacaq. Fransa tarixində belə bir hadisələrin olmasından fransızlar özləri xəcalət çəkəcəklər.  Belə bir dövlət başçsının, hökumətin onları idarə etməsindən ötrü öz təəssüf hislərini gələcəkdə də bildirəcəklər. Onu  da qeyd edək ki, Fransa Azərbaycana, Qarabağa sülhün gəlməsinə mane olan dövlətdir. Bu gün sanki Ermənistandan daha çox Fransa bölgəyə sülhün gəlməsini istəmir. Daimi olaraq Azərbaycana təzyiqlər olur. Fransa prezidenti ermənilərlə görüşərkən yenidən Azərbaycan haqqında xoşagəlməz ifadələr işlədir. Davamlı olaraq  Makronun sərsəmləmələrinin şahidi oluruq. Yaxşı olar ki, Fransa öz daxilində gedən proseslərə baxsın. Olanlardan dərs çıxarsın. Bizə demokratiya dərsi keçməsin. Bizim demokratiya dərsinə ehtiyacımız yoxdur”.

Deputat Naqif Həmzəyev isə vurğulayıb ki, Fransada Azərbaycan Dövlət Televiziyasının əməkdaşlarına qarşı edilmiş hücum azad jurnalistika fəaliyyətinə qarşı mənəvi terror səciyyəsi daşıyır:

 

“Bu həm də Fransa kimi insan haqq və hüquqlarının müdafiəçisi olan bir dövlətin beynəlxalq imicinə xələl gətirməkdədir. Çəkiliş qrupunun materiallarının əllərindən alınaraq, yararsız hala salınması və jurnalistlərin ölümlə hədələnməsi Fransada təkcə Azərbaycanlı jurnalistlərə qarşı yox, bütövlükdə jurnalistika fəaliyyətinə qarşı yönəldilmiş təhdid xarakteri daşımaqdadır. Bir daha xatırlatmaq istərdik ki, azad jurnalist fəaliyyəti hər bir demokratik dövlətin sütunlarından biridir və jurnalistlərə qarşı təhdid, dövlətin demokratik xarakterinə yönəlmiş təhdid mənasını daşımaqdadır. Azərbaycan Dövlət Televiziyasını hədəfə alan bu radikal addımı qətiyyətlə pisləyərək, Fransa hüquq-mühafizə orqanları tərəfindən tez bir zamanda aşkar ediləcəklərini və qanun qarşısında layiqli cəzanı alacaqlarını ümid edirik”.

 

Milli Məclisin deputatı Səttar Möhbalıyevin fikrincə, hər bir ölkədə demokratiyanın əsas göstəricilərindən biri də media azadlığıdır.

 

"Özünü demokrat hesab edən ölkələr media nümayəndələrinin sərbəst fəaliyyətinə hər cür şəraiti yaratmalıdırlar. Amma “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin əməkdaşlarının Fransada çəkiliş zamanı zorakılıqla üzləşməsi, onlara hədə-qorxu gəlinməsi bu ölkədə media azadlığının səviyyəsini göstərir. Sübut edir ki, Fransada mətbuat və söz azadlığı tamamilə boğulur, jurnalistlərin peşə fəaliyyətini sərbəst şəkildə icra etməsinə qətiyyən yol verilmir. Baş verən hadisəni araşdırmaq, olanlara obyektiv qiymət vermək, günahkarları məsuliyyətə cəlb etmək vəzifəsi, təbii ki, Fransa hökumətinin üzərinə düşür. Lakin rəsmi Parisdən belə bir cəsarəti gözləmək ən azından sadəlövhlük olardı. Bu arada “Sərhədsiz Reportyorlar”, “Freedom House” kimi təşkilatlardan da səs çıxmır, elə bil baş vermiş bu biabırçılıqdan xəbərsizdirlər. Hazırda məlum səbəblərdən dünya ictimaiyyətinin gözü Fransadadır. Bəs bu təşkilatlar hara baxır?! Niyə azərbaycanlı jurnalistlərə qarşı törədilən vəhşiliyə reaksiya vermirlər!?”.

 

 

 

 

 

Turqay Musayev

 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” mövzusunda dərc olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var