Modern.az

Moskva və İrəvanın qovğası - Paşinyan, yoxsa, Kreml...

Moskva və İrəvanın qovğası - Paşinyan, yoxsa, Kreml...

Analitika

9 Sentyabr 2023, 11:20

Son günlər Moskva və İrəvan arasında münasibətlərin gərginləşməsi müşahidə olunur. Əslində bu, 2018-ci ildən başlanan prosesin növbəti aktivləşmə fazasıdır. Bu faza Rusiyanın Ukraynadakı müharibədə uğursuzluğa düçar olmasından başlasa da, Ermənistan baş naziri Nikol Paşinyanın "La Repubblica" nəşrinə müsahibəsində Moskva ilə bağlı səsləndirdiyi fikirlər, daha sonra isə İrəvanın Vaşinqtonla birgə hərbi təlimlə keçirəcəyi barədə məlumatların yayılması kök salmış Rusiya-Ermənistan soyuqlaşmasını daha qabarıq göstərdi.

 

Paşinyanın müsahibədə Rusiyanın Qafqazdan getməkdə olması barədə tezisləri və ölkəsinin təhlükəsizlik baxımından Moskvadan hədsiz dərəcədə asılılığını strateji səhv adlandırması "şimal ayısı"nı qıcıqlandırıb. Kremlin sözçüsü Dmitri Peskov aşkar formada Rusiyanın Qafqazı, o cümlədən Ermənistanı tərk etməyəcəyini bəyan etdi ki, bu, əslində müstəqil ölkələrin suverenliyinə hansı miqyasda hörmət qoyulduğunu göstərmiş oldu. Peskovun açıqlamasında diqqət çəkən digər məqam isə onun ölkəsini Qafqazın tərkib hissəsi hesab etməsi ilə bağlı idi.

 

Şübhəsiz ki, bu fikir sözçünün subyektiv mülahizələri kimi qəbul edilə bilməz və Rusiya prezidentinin mətbuat katibi kimi Peskov rəsmi Moskvanın mövqeyini çatdırdı. Bu açıqlamadan belə qənaətə gəlmək olar ki, Rusiya Ukrayna müharibəsində hər nə qədər zəifləsə, hətta məğlub olsa belə, Qafqaz kimi strateji və geopolitik önəmə malik regiondan öz xoşu ilə getməyəcək... Moskva-İrəvan qarşıdurmasına qayıtsaq, demək lazımdır ki, proses sadəcə Paşinyanla Peskovun söz atışması səviyyəsində tamamlanmadı.

 

 

Replika savaşına Rusiya XİN-in mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova ilə Ermənistan parlamentinin sədrinin "katibə" debatı da şou xarakteri qatmış oldu. Erməni spiker Zaxarovanın tənqidlərinə münasibət bildirərkən onu "sıradan bir katibə" adlandırması və öz ranqına uyğun persona hesab etməməsi sözçünü qəzəbləndirdi və ritorika "səviyyəsiz" səviyyəsinə qədər endi - Zaxarova "opponent"inə belə dedi. Üstəlik, onun bəyanatı ilə tanış olanlar "yolüstü" katibəliyin məziyyətləri barədə də məlumatlara yiyələndilər.

 

ABŞ-la Ermənistanın birgə təlimlər keçirməsi ilə bağlı xəbərin yayılması isə Moskvanı daha da hiddətləndirdi. Peskov ardıcıl olaraq 2 gün bu məsələyə münasibət bildirdi. İlk açıqlamasında bunun narahatlıq doğurduğunu bəyan edən Kreml sözçüsü növbəti gün Cənubi Qafqazın "qayğısına qalmaq fikrinə düşdü" və Ermənistan-ABŞ təlimlərinin regiondakı vəziyyətin sabitləşməsinə kömək etmədiyini diqqətə çatdırdı. Xarici işlər naziri Sergey Lavrovun adaşı olan müavini Sergey Ryabkov da prosesi diqqətlə izlədiklərini vurğuladı.

 

Bir qədər əvvəl Qarabağ separatçılarının qondarmabaşı Arayik Arutyunyanın - Paşinyana nisbətən yaxın olan yeganə personanın da ofsaydda qalmasının tək səbəbi bu olmasa da, Moskva-İrəvan qarşıdurmasının bir elementi kimi qiymətləndirilə bilər. Başqa bir məqam isə müharibənin başladığı 1 il 7 aya yaxın vaxtdan sonra İrəvanın "humanitar damarının" tutması və Ukraynaya  yardım göndərmək niyyətinə düşməsi ilə bağlıdır. Üstəlik, bu yardımın "qasidi" şəxsən Paşinyanın həyat yoldaşı Anna Akopyan oldu.

 

 

Akopyanın Ukraynaya səfəri çərçivəsində Rusiyanın qətliam həyata keçirdiyi Buçaya baş çəkməsi isə ortalığı daha da qarışdırdı. Cavab yumşaq görünsə də, mesaj vermək baxımından simvolik oldu. Belə ki, bu gün Rusiya ənənəvi olaraq kənd təsərrüfatı məhsulları ticarətindən siyasi etiraz vasitəsi kimi istifadə etdi və qəfildən Ermənistandan gələn kök toxumlarının standartlara cavab vermədiyi üzə çıxdı, idxala qadağa qoyuldu.

 

İndi isə 2 əsas suala diqqət yetirək: Ermənistanın cəsarətlənməsinə, "müstəqil siyasət yürüdən suveren dövlət" obrazına özənməsinə nə səbəb oldu? Rusiya buna nə ilə cavab verəcək?

 

Əvvəlcə, ilk suala nəzər salmağa çalışaq. Artıq yuxarıda qeyd olunduğu kimi, əslində proses 2018-ci ildə - qərbyönümlü siyasətçi Nikol Paşinyanın məxməri inqilabla hakimiyyətə gəlməsi ilə başlayıb. Bu müddət ərzində KTMT təlimlərinin Ermənistanda keçirilməsindən imtina, Moskvanın narazılığına rəğmən, Aİ müşahidə missiyasının ölkəyə yerləşdirilməsi və digər sadalamağa ehtiyac olmayan addımlar məhz Paşinyan hakimiyyəti tərəfindən atılıb. Sirr deyil ki, Paşinyan ölkəsini tədricən Rusiyadan uzaqlaşdırmaq və Qərbə üz tutmaq niyyətindədir.

 

II Qarabağ müharibəsində məğlubiyyət və Rusiyanın Ukrayna müharibəsində bataqlığa saplanması Paşinyanın Rusiya ilə əlaqələr mövzusunda daxili auditoriya baxımından mövqelərini daha da gücləndirdi. Belə ki, hər nə qədər müharibə dövründə Rusiyadan Ermənistana silah daşınması faktları və İrəvana açıq dəstək verilməsi addımları məlum olsa da, Paşinyan məğlubiyyətin əsas səbəblərindən biri kimi Moskva tərəfindən kifayət qədər kömək edilməməsini göstərdi və ictimai rəydə bununla bağlı qənaət formalaşdı.

 

 

Ukraynadakı uğursuzluq da Paşinyanın digər arqumenti kimi ortaya çıxır və artıq Rusiyanın ermənilərin təhlükəsizliyini təmin edəcək iqtidarda olmaması barədə fikirlər cəmiyyətdə yayılır. Son vaxtlar isə Ermənistan hakimiyyətinin Laçın dəhlizi ilə bağlı apardığı kampaniyada da Rusiya sülhməramlılarından narazılıq ifadə olunur. Bütün bunlar Ermənistanda hər zaman mövcud olan təbii anti-Rusiya ovqatını daha da gücləndirməyə xidmət edən faktorlardır.

 

Belə demək mümkündür ki, Paşinyan hakimiyyətə gəldiyi vaxtdan tutduğu siyasi kursu davam etdirir və Ermənistanın geosiyasi vektorunu Avro-Atlantik məkana doğru yönəltməyi hədəf seçib. Burada ikinci sual aktuallaşır: Bəs Rusiya buna cavab olaraq nə edəcək? Hazırda Rusiyanın başı daha çox Ukraynaya qarışsa və əvvəlki çəkindiricilik nüfuzuna və hərbi-siyasi qüdrətinə malik olmasa da, Peskovun dediyini yada salsaq, özünü Qafqazın üzvi tərkib hissəsi sayır və asanlıqla mövqelərini Qərbə tərk etmək istəməyəcəyi aydındır.

 

Rusiya Ermənistandakı beşinci kolonu vasitəsilə nələrsə etməyə çalışa bilər. Korrupsiya və avtoritar idarəetməyə görə tamamilə nüfuzdan düşmüş Koçaryan kimi rusiyayönümlü siyasi liderlərin və bu qəbildən olan qüvvələrin özünə siyasi kapital formalaşdırması və cəmiyyətdə müəyyən populyarlıq qazanması üçün "təşkilati dəstək" göstərə bilər. Qarabağda Rusiya sülhməramlılarının mövcudluğu da Moskvanın əlindəki kartlardan biridir...

 

 

Lakin unutmaq olmaz ki, Moskva çoxəsrlik siyasətini dəyişən və Paşinyana görə Ermənistandan tamamilə üz döndərən deyil. Hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Rusiyanın bu ölkəni özünün "ön karakolu" kimi görməsi və dəstəkləməsi labüddür. Məsələn, Paşinyan hakimiyyətinin son vaxtlar müəyyən iqtisadi göstəricilərdəki artımlarla qürrələnməsində başlıca pay Rusiyaya məxsusdur.

 

Sanksiyaların girdabında olan Rusiyadan Ermənistana valyuta transferi dayanmır. Digər tərəfdən, elə həmin sanksiyalara görə Rusiyanın əldə edə bilmədiyi məhsullar məhz Ermənistan vasitəsilə təmin olunur. Son aylarda Ermənistandan Rusiyaya ixrac rəqəmlərindəki rekordlar da bununla bağlıdır. Yəni, əl əli yuyar, əl də üzü...

 

Qısası, Rusiya və Ermənistan arasındakı gərginlik siyasi müstəvidə davam etsə də, iqtisadi və digər sahələrdə bunun o qədər də şahidi olmuruq. Rusiyanın məqsədinə nail olaraq özünə sadiq qüvvələri hakimiyyətə gətirə biləcəyini, yoxsa, Paşinyanın Ermənistanı Qərbə aparmağa nail olacağını isə zaman göstərəcək.

 

Modern Təhlil və Araşdırma Qrupu

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi