ABŞ-nin “International Republican Institute” təşkilatının sifarişi ilə “Breavis” şirkəti tərəfindən Ermənsitanda rəy sorğusu keçirilib.
Modern.az xəbər verir ki, 1511 nəfər vətəndaş arasında keçirilən sorğuda iştirakçılardan 491 nəfəri Baş nazir Nikol Paşinyan və onun rəhbərlik etdiyi “Mülki Müqavilə” Partiyasını dəstəkləyiblər. “Bizim yolumuz” Partiyası və Samvel Karapetyanı dəstəkləyənlərin sayı isə 93 nəfər təşkil edib.Sorğuda həmçinin “Ermənistan” bloku və keçmiş prezident Robert Koçaryanı dəstəkləyən respondentlərin də yer aldığı bildirilib.
Araşdırmaya əsasən, respondentlərin 29 faizi Baş nazir Nikol Paşinyana etibar etdiyini bildirib. Bu şəxslərin 27 faizi onu birinci, 2 faizi isə ikinci seçim kimi göstərib.
Sorğuda ikinci yerdə iş adamı Samvel Karapetyan qərarlaşıb. Respondentlərin 8 faizi ona etibar etdiyini deyib. Parlament sədri Alen Simonyan və xarici işlər naziri Ararat Mirzoyan da siyahıda yer alıblar.Keçmiş prezident Robert Köçəryana etibar edənlərin göstəricisi isə 4 faiz olub.
Araşdırmanın diqqətçəkən nəticələrindən biri respondentlərin böyük hissəsinin siyasətçilərə inamsız yanaşmasıdır. Belə ki, iştirakçıların 40 faizi “heç kimə etibar etmirəm” cavabını verib, 13 faiz isə suala cavab verməkdə çətinlik çəkib.
İştirakçılara “Ermənistan düzgün, yoxsa yanlış istiqamətdə irəliləyir?” sualı da ünvanlanıb.
Sorğunun nəticələrinə görə, respondentlərin 61 faizi ölkənin düzgün istiqamətdə getdiyini bildirib. 28 faiz əks fikir səsləndirib, 11 faiz isə cavab verməkdə çətinlik çəkib və ya mövqeyini açıqlamayıb.
Partiya üstünlüklərinə görə nəticələrdə ciddi fərqlər müşahidə olunub. Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyasının tərəfdarlarının 95 faizi Ermənistanın düzgün istiqamətdə irəlilədiyini deyib.
Müxalif düşərgədə isə mənzərə fərqlidir. “Hayastan” blokunun lideri Robert Köçəryanın tərəfdarlarının 86 faizi, “Mənim Şərəfim Var” blokunun nümayəndəsi Samvel Karapetyanın tərəfdarlarının isə 83 faizi ölkənin yanlış istiqamətdə idarə olunduğunu düşünür.
Qərarsız respondentlərin 45 faizi ölkənin düzgün istiqamətdə olduğunu bildirsə də, 32 faiz bunun əksini qeyd edib.
Ermənistanda keçirilən ictimai rəy sorğusunda siyasətçilərə etibar göstəriciləri yaş qrupları üzrə də araşdırılıb.
Sorğu nəticələrinə görə, Baş nazir Nikol Paşinyana ən yüksək etibar 56 yaşdan yuxarı respondentlər arasında qeydə alınıb. Bu yaş qrupunda iştirakçıların 45 faizi ona etibar etdiyini bildirib.
36-55 yaş aralığında Paşinyana etibar edənlərin göstəricisi 26 faiz, 18-35 yaş qrupunda isə 15 faiz olub.
Sorğuda iş adamı Samvel Karapetyana etibar səviyyəsi 56 yaşdan yuxarı respondentlər arasında 10 faiz, 36-55 yaş qrupunda 7 faiz, gənclər arasında isə 8 faiz təşkil edib.
Keçmiş prezident Robert Köçəryan və digər siyasətçilərin göstəriciləri isə bütün yaş qruplarında aşağı səviyyədə qalıb.
Araşdırma onu da göstərib ki, xüsusilə gənclər arasında siyasətçilərə etimadsızlıq yüksəkdir. Belə ki, 18-35 yaş qrupunda respondentlərin 53 faizi “heç kimə etibar etmirəm” cavabını verib. Bu göstərici 36-55 yaş qrupunda 45 faiz, 56 yaşdan yuxarı şəxslər arasında isə 23 faiz olub.
Sorğuda Ermənistan vətəndaşlarının Avropa İttifaqı ilə əlaqələrə münasibəti də soruşlub. Sorğuda iştirak edənlərin 75 faizi ölkənin Avropa İttifaqına mümkün üzvlüyünü dəstəkləyib.