“Astara” dövlət sərhədindən buraxılış məntəqəsinin İran İslam Respublikası ərazisində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və İran İslam Respublikasının Nizam-İntizam Qüvvələrinin Baş Komandanının müavini general-mayor Qasım Rzainin rəhbərlik etdikləri nümayəndə heyətləri arasında görüş keçirilib
Görüşdə Azərbaycan–İran dövlət sərhədində və dövlət sərhədindən buraxılış məntəqələrində mövcud vəziyyət, sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər, Azərbaycan–İran dövlət sərhədinin işğaldan azad edilmiş hissəsində dövlət sərhədinin mühafizəsinin təşkili, eləcə də Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni nəqliyyat-kommunikasiya əlaqələrinin yaradılması istiqamətində görülən işlər müzakirə olunub.
Maraqlıdır ki, bu görüşdən sonra hansı yeniliklər gözlənilir?
Modern.az-a açıqlamasında nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, görüşlər işlərin daha tez icra olunmasına zəmin yaradacaq:
"Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizləri mövcuddur. Azərbaycan hər zaman şaxələndirmə yönündə, həmçinin bütün bölgə ölkələrinin bu beynəlxalq dəhlizlərdə iştirakında maraqlı olub. Bu nöqteyi-nəzərdən Ağbənddən Naxçıvan istiqamətində əlaqəni təmin edəcək Araz dəhlizinin önəmli hissəsi — Şəlalə-Ağbənd avtomobil yolu istifadəyə verilib. Həmçinin, Sixyarud-Ordubad istiqamətində də bir körpü tikilməlidir. Amma indiki halda gömrük-keçid məntəqələri Azərbaycan ərazisində sürətlə tikilib. Artıq tamamlama mərhələsindədir. Bu növ görüşlər işlərin daha tez icra olunmasına, həmçinin ilkin olaraq, Ağbənddən Culfa istiqamətinə hərəkətə zəmin yaradar və Naxçıvana daha qısa yol təmin olunmuş olar".

Ekspert vurğulayıb ki, gələcəkdə isə Ordubadla Sixyarud arasında tikilən körpü bu məsafəni bir az da qısaldacaq:
"Həmçinin də Şərq-Qərb, Şimal-Cənub dəhlizlərinə də bu avtomobil yolunun inteqrasiyası baş verəcək və şaxələndirmə yönündə verilmiş qərar olacaq. Mövcud İran istiqamətindən olan çıxışlarla yanaşı, bu çıxışın da işə salınması mövcud yükdaşımaya əlavə qatqı olacaq. İlkin olaraq avtomobil daşımaları üçün müsbət zəmin yaradacaq".