Sentyabrın 4-də gecə saatlarında Qida Təhlükəsizliyi Agentliyinə Şabran rayonunda baş vermiş kütləvi zəhərlənmə hadisəsi ilə bağlı məlumat daxil olub.
Bu haqda Modern.az-a Agentlikdən bildirilib.
Qeyd olunub ki, qurumun mütəxəssislərindən ibarət işçi qrup hadisənin araşdırılması və zəruri tədbirlərin görülməsi üçün dərhal hadisə yerinə ezam olunub.
İlkin araşdırmalar zamanı zəhərlənmənin iki ayrı qrup arasında baş verdiyi məlum olub.
Dörd nəfərdən ibarət birinci qrup Şabran rayonu Nizami küçəsində Məcidov Fuad Akif oğlu tərəfindən satılan hisə verilmiş balıq məhsulunu aldıqdan və qəbul etdikdən sonra, həmin şəxslərdə qida zəhərlənməsi əlamətləri müşahidə olunub. Və onlar qida zəhərlənməsi diaqnozu ilə Şabran rayonu xəstəxanasına yerləşdirilib.
Daha sonra onların vəziyyətinin ciddiliyi nəzərə alınaraq, Bakı şəhərində yerləşən Klinik Tibbi Mərkəzə köçürülüb. Hazırda həmin dörd nəfərdən ikisinin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.
Digər üç nəfərdən ibarət qrup da eyni ünvandan hisə verilmiş balıq məhsulundan alıb, qəbul etdikdən sonra bir nəfər qida zəhərlənməsi diaqnozu ilə Şabran rayonu xəstəxanasına, daha sonra isə Klinik Tibbi Mərkəzə yerləşdirilib.
İlkin araşdırmalar zamanı, hər iki qrupun eyni ünvanda hisə verilmiş balıq məhsulu aldıqları və həmin məhsulların Şabran rayonunda yerləşən, Əkrəm Gülməmmədova məxsus fərdi yaşayış sahəsində kustar üsulla hazırlandığı məlum olub.
Hazırda AQTA mütəxəssisləri Baş Prokurorluğun əməkdaşları ilə birgə araşdırmaları davam etdirir. Araşdırmaların nəticəsi ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.
Agentlik bəyan edir ki, qida təhlükəsizliyi ilə bağlı həyata keçirilən monitorinqlər və yoxlamalar zamanı Bakı ətrafı qəsəbələrdə və ölkəmizin müxtəlif regionlarında sanitar-gigienik tələblərə cavab verməyən, ev şəraitində kustar üsulla balıqların hislənməsi halları aşkar olunub.
Qida Təhlükəsizliyi Agentliyi bu sahədə fəaliyyət göstərən şəxslərə xəbərdarlıq edir ki, bu şəraitdə hazırlanan məhsullar insan sağlamlığı üçün ciddi fəsadlar törədə, hətta əhali arasında ölmlə nəticələnə biləcək hallara səbəb ola bilər.
Bildirilir ki, Agentlik tərəfindən bu cür qanunazidd fəaliyyətlərin qarşısının alınması üçün qanunvericiliyin tələbləri çərçivəsində ən sərt tədbirlər həyata keçiriləcək.
Baş Prokurorluğun məlumatına görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər sentyabrın 2-də Şabran şəhəri ərazisində fəaliyyət göstərən “Gilavar” kafesində özləri ilə gətirdikləri şəhər sakini Fuad Məcidova məxsus ərzaq mağazasından alınmış hisə verilmiş balığı yedikdən sonra səhhətlərində yaranmış problemlə əlaqədar xəstəxanaya müraciət ediblər.
Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən ərzaq mağazasından hisə verilmiş balıq nümunələri götürülərək laborator müayinəsinə göndərilib.
Fakta görə rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 200.3-cü (bilə-bilə pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və ya belə məhsulların satışı, onların keyfiyyətsiz olmasının gizlədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, insanların zəhərlənmə səbəblərinin və digər halların müəyyənləşdirilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin edilib.
Hazırda iş üzrə təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir.