Mübariz Azərbaycanlı,
müstəqil jurnalist
Nə qədər ki, Azərbaycan komandiri öz əsgərinə - "Vur!" əmri deyil, əsgər öz komandirinə - "Vur komandir, vur!" deyəcək, Dağlıq Qarabağda ara xəlvət, Paşinyan bəy olacaq!
Son günlər Azərbaycanda millətin başı güneyli soydaşlarımıza dəstək olaraq Urmu gölünün qurudulmasına etiraz aksiyasına qarışıb "Səni deyirlər"i oynayınca, ermənibaşı Paşinyan Moskvada Putinə Dağlıq Qarabağla bağlı ürəyindən keçənləri bütün çılpaqlığı ilə dedi. İndi iş qalıb rəsmi Bakının bu "deyilənə" qarşı birlik nümayiş edib oynayıb-oynamamaq qərarının verməsinə.
Paşinyan Putinin yanına gedəndə çoxları elə sandı ki, Rusiya prezidenti onu Qərbə doğru yan almaq istəyində olduğuna və digər "dikbaşlıqlarına" görə cəzalandıracaq.
Amma erməniliyi ilə seçilən və əlində "Ararat" konyakını "mauzer" kimi tutan ermənibaşı hər şeyi öz istədiyi kimi həll etdi. Məgər Sovet vaxtı bir çox valideynlər əsgərlikdə olan oğulları üçün bu konyakların hesabına rus komandirlərdən "xleborezkaları" (çörəkdoğrama işi) almamışdılarmı? Bu mənada Paşinyanı öz işini bilən hesab etmək olar.
Əlbəttə, Putin uşaq deyil, görüş zamanı Paşinyanı elə ovsunladı ki, ermənibaşı tamailə "məsti-yan" oldu.
Putin: "Bizim əməkdaşlığımızın həcmi böyükdür. Bu gün Ermənistan və Rusiya arasındakı münasibətlər bütün sahələr üzrə inkişaf edir. Bura siyasi münasibətlər, hərb, təhlükəsizlik məsələləri və iqtisadi əməkdaşlıq sahələri aiddir. Rusiya Ermənistanda iqtisadi əməkdaşlığa görə birinci yeri tutur. İki ölkə arasında maldövriyyəsinə görə ötən ilə nisbətən bu ilin ilk yarım ilində 22,2 faiz artım olub. Əgər işlər belə getsə, biz bu göstəriciləri daha da artıracağıq. Biz Ermənistan iqtisadiyyatının ən böyük sərmayəçisiyik. "Qazprom" Ermənistana dünyada ən ucuz - 1000 kubu 150 dollara qaz satır..." - deyib, Paşinyanın indiyədək eyforiyadan toplanmış həm "qazını" aldı, həm də "qazladı".
Ermənistanda "göylə gedən" Paşinyan isə Moskvada əsl ermənisayaq "piyada gedişi" ilə sözə başladı: "Hörmətli, Vladimir Vladimiroviç hər şeydən əvvəl icazə verin sizi Moskva günü münasibətilə təbrik edim. Qeyd edim ki, erməni və rus mediasında, həmçinin sosial şəbəkələrdə mövcud olan hansısa bədbin fikirlərə baxmayaraq bizim münasibətlərimiz olduqca dinamik inkişaf edir və hesab edirəm ki, biz çalışmalıyıq bu istiqamətdə bütün potensiallarımızı açıb ortaya qoyaq... İnanıram ki, bütün bu məsələlər ölkələrarası bir-birimizin suveren maraqlarına, həmçinin bir-birimizin daxili işlərinə qarışmamaq prinsipinə hörmət edərək öz həllini tapacaq. Əlbəttə, biz iki ölkə arasında münasibətlərimizin möhkəmləndirilməsində, o cümlədən, Avrasiya İqtisadi birliyi, Kollektiv Təhlükəsizliyi Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində və digər sahələrdə maraqlıyıq... Elə etməliyik ki, münasibətlərimiz daha da inkişaf etsin və dinamik olsun".
Baxın, bu sövdələşmələrdən yaranan münasibət onu təsdiq edir ki, "yanını" Putinə bağlayan Paşinyan bu gedişlə özünü Koçaryan qayıdışından müəyyən qədər suğortalamış oldu. Eyni zamanda, "bir-birimizin daxili işlərinə qarışmamaq prinsipinə hörmət etmək" ifadəsi ilə özünü həm öz inqilabçı dostlarının, həm də Qərbin yanında qismən demokrat göstərdi.

Əslində bu görüşdə ümumilikdə Paşinyan Putinə təkcə öz ürəyindən keçənləri deyil, həm də Putinin ürəyindən keçənləri dedi.Çünki məsələyə Koçaryan tərəfdən baxanda, indiki məqamda Putin üçün heç bir fərqi yoxdur onun yanında hansı "yan" olsun. Məşədiİbad demişkən: "O olmasın, bu olsun". Əsas odur Rusiyanın yanında və ya əlində Ermənistan adlı poliqon olsun. Başqa sözlə desək, Ermənistan ərazisi "sağdırsa" bu, Putinə bəsdir. Onsuz da Ermənistanın başçısının kim olmasından asılı olmayaraq istənilən halda Putin onu yanına salıb tula kimi gəzdirəcək, istəyəndə "fas", istməyəndə "fu" deyəcək.
Sözsüz ki, Paşinyanın bu "gedişinə" Qərbin necə münasibət bəsləyəcəyini gələcək zaman göstərəcək.
Amma Ermənistan-Rusiya münasibətlərinin necə olmasından asılı olmayaraq Azərbaycan cəmiyyətini düşündürən yalnız Dağlıq Qarabağ problemidir. Azərbaycanda Rusiya-Ermənistan münasibətlərinin pozulmasına və buna görə Rusiyanın erməniləri cəzalandıraraq Qarabağı Azərbaycana qaytarmasına inananları isə sadəlövhlüyün ən pik nöqtəsinə çıxmışlar kimi adlandırsaq yanılmarıq.
Putinlə görüşdən sonra Moskvada erməniəsilli biznes nümayəndələri ilə görüşən ermənibaşının isə qondarma "Dağlıq Qarabağ Respublikası" gələcəkdə Ermənistan ərazisinin tamhüquqlu bir hissəsi olmalıdır və ölkəsinin Azərbaycanla Dağlıq Qarabağ ərazisi ilə bağlı mübahisələrdə güzəştə getməyəcəyini" deməsinə gəlincə bu, onun Pütindən belinin bağlanmasını açıq şəkildə sübut edir. Bununla yanaşı bu oyunda Koçaryanın Ermənistanın "başı" olmaq üçün qarşıdakı seçkidə "eşşəyinin öldüyünü" və Paşinyanın məclisi ələ alaraq yenidən qalib olacağını güman etmək olar.
Əslində oğlunu Dağlıq Qarabağa "hərbi xidmətə göndərən" və hər həftəsəkkizmən-doqquz ailəsi ilə birgə "uşağa dəyməyə" - Xankəndinə "uçan" Paşinyan bu addımı ilə onsuz da Qarabağı Ermənistanın tamhüquqlu ayrılmaz hissəsi hesab edirdi. Ancaq bunu açıq şəkildə dilə gətirməyə risk etmirdi. Rusların "Kim ki risk etmir, o şampan içmir" deyiminə əsaslansaq Paşinyan Putinlə nəinki şampan, hətta konyak içdikdən sonra bu sözü açıq şəkildə deməyə bilməzdi.
İndi iş qalıb rəsmi Bakının Paşinyanın bu "oyununa" nə isə deməsinə... Doğrudur, Azərbaycan XİN-in Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev:"Ermənistanın baş nazirinin Moskvada Azərbaycanın Dağlıq Qarabağ bölgəsini öz təsəvvüründə Ermənistanın bir hissəsi hesab edir deyə açıqlaması beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hörmətsizlik və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə zərbədir" - deyib.
Amma Hikmət Hacıyevə nə qədər rəğbətimiz olsa da, onun dediyi bu sözləri cəmiyyət artıq qəbul etmir. Axı, necə qəbul etsin, məgər bu neçə illər ərzində qeyd edilən beynəlxalq təşkilatların qərarlarına ermənilər nə vaxtsa "vız" atıbmı? Cəmiyyət ATƏT-in Minsk qrupunun üç kor, kar və lal həmsədrlərinə daha inamır və onlardan heç nə gözləmir.
Hamı bilir ki, beynəlxalq hüquq normaları, yalnız qarşısında güc görəndə "oynamağa" başlayır. Azərbaycan 2016-cı ilin aprel döyüşlərində bunu gördü. O günlərdə bütün xalq birləşmişdi, hamı bir nəfər kimi sanki cəng meydanında fiziki yox, ruhən, sevincdən Qarabağ deyib oynayırdı.
Odur ki, nə qədər Azərbaycan komandiri öz əsgərinə - "Vur!" əmri deyil, əsgər öz komandirinə - "Vur komandir, vur!" deyəcək, Dağlıq Qarabağda ara xəlvət, Paşinyan bəy olacaq!
P.S. Allah xatirinə, hörmətli siyasətşünaslar - "bu Paşinyanın qarşıdakı seçkidən qalib çıxmasına hesablanmış bir süni bəyanatdır" deməsinlər. Əks təqdirdə bu "deyilənə" Azərbaycan cəmiyyəti "oynamayacaq"!