Bu gün Bakı Biznes Mərkəzində keçirilmiş İxracatçılar Klubunun növbəti iclasında 21-25 oktyabr tarixlərində Fransanın paytaxtı Parisdə təşkil ediləcək “Sial Paris” sərgisində iştirak edəcək Azərbaycan şirkətlərinin nümayəndələri ilə müzakirələr aparılıb.
İqtisadiyyat Nazirliyindən Modern.az-a verilən məlumata görə, nazirliyin dəstəyi və AZPROMO-nun təşkilatçılağı ilə keçirilən tədbirdə qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 20-dən çox şirkətin təmsilçisi iştirak edib.
İxracatçılar Klubunun icraçı direktoru Zöhrab Qədirov xarici ölkələrdə təşkil olunan beynəlxalq sərgilərin, o cümlədən “Sial Paris” Sərgisinin Azərbaycan məhsullarının “Made in Azerbaijan” brendi altında tanıdılması, yerli məhsulların ixracının genişləndirilməsi üçün əhəmiyyətindən danışıb.