"Qasım Süleymaninin öldürülməsi sözsüz ki, regionda vəziyyəti daha da gərginləşdirəcək. Amma düşünürəm ki, İran rəsmilərinin müdrikliyi çatacaq ki, nəticəsi bəlli olan böyük müharibədən qaçmaq mümkün olsun. Müasir müharibələrin nəticələrini vətənpərvərlik, şəxsi qəhrəmanlıq, cəsarət, qəzəb və düşmənə nifrət yox, güclü iqtisadiyyat və müasir silahlar həll edir".
Bunu Modern.az-a Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev İran ordusunun məşhur generalı Qasım Süleymaninin Bağdad hava limanında ABŞ-ın raket hücumu zamanı öldürülməsinin regionda vəziyyətə təsiri ilə bağlı fikirlərini bölüşərkən deyib.
Partiya sədri qeyd edib ki, Qarabağın "göz çıxardan" işğalını İran görməli və nəticə çıxarmalı idi.
"Güclə hesablaşmamaq odla oynamaq deməkdir. Buna görə də, soyuq düşüncənin zəfər çalacağına, İranın dövlət adamlarının daha realist olacaqlarına ümid edirəm. Günahsız insanları ölümə göndərmək qəhrəmanlıq deyil. Hazırkı mərhələdə Rusiya, Çin və Avropa İttifaqı kimi böyük güclərin, o cümlədən, qonşu ölkə kimi Türkiyənin vasitəçiliyinə böyük ehtiyac var. Regionda müharibənin alovlanması Azərbaycanın milli maraqlarına cavab vermir. Çünki qonşu ölkə olmaqla yanaşı, İran həm də Azərbaycan türklərinin vətənidir. Ona görə də biz İranın inkişafını və tərəqqisini arzulayırıq. Müharibə itkilər və dağıntılar deməkdir ki, Azərbaycan türkləri də buna məruz qalacaqlar. Qasım Süleymani də türk idi. Məhz həm də buna görə biz zaman-zaman İran rəsmilərini böyük qarşıdurmadan yayınmaq üçün vəziyyəti gərginləşdirməməyə, heç bir şərt qoymadan ABŞ-la danışaqlara başlamağa çağırırdıq", - deyə Qüdrət Həsənquliyev bildirib.
T.İSMAYIL