Modern.az

“20 Yanvar faciəsini dünya medisına çatdırmaq üçün imkanlarımız yoxdur” - Təşkilat sədri

“20 Yanvar faciəsini dünya medisına çatdırmaq üçün imkanlarımız yoxdur” - Təşkilat sədri

Aktual

14 Yanvar 2020, 11:05

Bu il Sovet Ordusunun Azərbaycanda törətdiyi 20 Yanvar faciəsinin 30-cu ildönümüdür. Xalqımızın başına gətirilən bu hadisənin gənc nəslə, eləcə də dünya ictimaiyyətinə çatdırılması üçün hər il müxtəlif işlər görülür. Bu il də faciənin ildönümü ilə bağlı müxtəlif tədbirlər həyata keçirilir.

 

“20 Yanvar” Cəmiyyətinin sədri, ikinci  qrup 20 Yanvar əlili Soltan Əzimzadə Modern.az-a faciənin ildönümü ilə bağlı görülən işlərdən danışıb:

 

“Cəmiyyətimizin gördüyü işlər konkret olaraq belədir ki, əlil və şəhid ailələrinin problemləri ilə maraqlanırıq. 30 illiklə bağlı sabah Gəncliyə Yardım Fondu və “20 Yanvar” İctimai Birliyi 200 nəfərdən ibarət şəhid ailələri və əlillər üçün tədbirlər keçirəcək, yardımlar olunacaq. Eyni zamanda, bir sıra məktəblərdə əlillərin iştirakı ilə tədbirlər keçirilir. Bu gün bütün xalq, demək olar ki, eyni işi görür. Biz də çalışırıq ki, 30 illiklə bağlı imkanımız olan qədər məlumatlar çatdıraq və gənc nəslin də baş verən hadisələrdən xəbəri olsun”. 

 

Sədr onu da bildirib ki, 20 Yanvar faciəsinin dünyaya çatdırılması üçün cəmiyyət olaraq əllərindən gələni edirlər:

 

“Bizim bir təşkilat olaraq 20 Yanvar faciəsini dünya medisına çatdırmaq üçün elə də imkanlarımız yoxdur. Amma xarici ölkələrdən müraciətlər olanda biz onlara gücümüz çatan qədər dəstək veririk. Məsələn, Litvada 20 Yanvarın 30 illiyi ilə bağlı çox böyük tədbir keçirilməsi nəzərdə tutulur. Orada Avropa Birliyinin nümayəndələri və Avropa Parlamentinin deputatları da iştirak edəcək. Biz əlimizdə olan bütün materialların üzünü çıxarıb, Litvadakı hörmətli səfirimiz Tamerlan Qarayevə göndərmişik. Bu məsələ ilə bağlı əlavə olaraq şəkil və videolar da göndərmişik ki, həqiqətlər dünya ictimaiyyətinə çatdırılsın”.

 

Əfsanə ŞƏRİF

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı