Modern.az

“Təcili addımlar atmalıyıq”- Oxçuçayla bağlı HƏYƏCAN TƏBİLİ

“Təcili addımlar atmalıyıq”- Oxçuçayla bağlı HƏYƏCAN TƏBİLİ

Aktual

5 İyul 2021, 17:34

İki ölkə arasında transsərhəd çay olan Oxçuçay Ermənistan ərazisində fəaliyyət göstərən dağ-mədən sənayesinin çirkab suları ilə davamlı olaraq hədsiz çirklənməyə məruz qalır. Bu, artıq fəlakət həddinə çatıb.

 

Regiondakı ekoloji problemin yaranmasında Almaniya şirkətləri də iştirak edir. Almaniyanın Karlsruhe şəhərində yerləşən “Cronimet“ şirkətlər qrupu Ermənistanın ən böyük vergi ödəyicisi olan Zəngəzur mis-molibden kombinatının 60 faizlə əsas payçısı kimi məsuliyyət daşıyır. Tənqid hədəfləri arasında ingilis şirkəti tərəfindən alındıqdan sonra “Chaarat Kapan CJSC” adını daşıyan Qafan dağ-mədən və emal zavodunun da adı hallanır.

Ermənistanla Almaniyanın “Cronimet“ şirkətlər qrupu arasında həmçinin sıx əlaqələr var. Şirkətin təsisçi və icraçı direktoru Qünter Pilarski Ermənistanın Baden-Vürttemberq konsulluq regionu üzrə fəxri konsuludur. Şirkətin adı Ermənistan üçün çalışan alman lobbiçilərinin siyahısında yer alır.


2019-cu ildə dərc olunmuş araşdırmalara görə, bu şirkət ətrafında maraqlar toqquşub. Ermənistanın keçmiş dövlət başçısı Serj Sarkisyanın kürəkəni Mikael Minasyan üçüncü tərəfin iştirakı ilə Zəngəzur mis-molibden kombinatının gizli payçısına çevrilib.


Oxçuçaydan götürülmüş su nümunələrində nikel yeddi, dəmir dörd və mis-molibden birləşməsi iki dəfə normadan çoxdur. Forel və digər balıqlar çayda kritik həddə çirklənmə nəticəsində artıq məhv olublar, ağır metalların səviyyəsinin yüksək olması insan sağlamlığı üçün də təhlükəlidir.

 

Bəs Azərbaycan tərəfindən ekoloji terrora qarşı hansı addımlar atılır?


Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Asim Mollazadə Modern.az-a bildirib ki, artıq bununla bağlı tədbirlər görülür:


“Bu barədə Azərbaycanın qeyri-hökümət təşkilatları, gənclər təşkilatları müəyyən müraciətləri artıq edib. Ermənistanda bu işləri həyata keçirən şirkətlər də öz  cəzasını alacaq. Hər şey ciddi araşdırıldıqdan sonra müvafiq beynəlxalq məhkəmələrə də müraciət etmək lazımdır. Bu prosesi dayandırmaq üçün Ermənistanla danışmağın mənası yoxdur, özümüz addımlar atmalıyıq”.

 

Həmçinin, Türkiyənin Araz sahilində yerləşən bölgələri Ermənistanın Araz çayına axıtdığı zərərli tullantılar nəticəsində ağır fəlakətlərlə qarşı-qarşıyadır. Xüsusilə İqdırın Qaraqoyunlu rayonunun Mürşitalı kəndi, Aralıq rayonunun Tazeköy və Aşağı Çiftlik kəndləri Ermənistanın ekoloji terrorundan əzab çəkməyə davam edir.

 


İqdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri, saxta “erməni məsələsi” üzrə tədqiqatçı Ziya Zakir Acar bildirib ki, transsərhəd çayları normadan artıq çirkləndirmək və bu çaylar vasitəsilə qonşu ölkələrin ərazilərinə çirkab axıtmaq təbiətin mühafizəsinə dair beynəlxalq konvensiyalara təhdiddir:

“Oxçuçay başda olmaqla, bölgədəki ekoloji terror, böhran halına görə Ermənistan hökuməti və Zəngəzur mis-molibden kombinatının səhmlərinin böyük hissəsinə sahib olan Almaniyanın “CRONIMET Mining AG” şirkətinin birgə məsuliyyət daşıyırlar. Ermənistan ötən otuz ildə Azərbaycana qarşı işğalçılıq siyasəti yürütməklə çox ağır cinayətlər törədib. Bu cinayətlər dünya birliyindən gizlədilib. Oxçuçaya qarşı bu düşmənçilik ekoloji terror olaraq təkcə Azərbaycana deyil, qlobal mənada bütün təbiətə qarşı bəşəri cinayətdir. Haqlı olaraq belə bir sual çıxır: “CRONIMET Mining AG” şirkəti Almaniya daxil olmaqla, Avropa ölkələrində ekologiyaya bu qədər davamlı və genişmiqyaslı zərər vura bilərmi? Əlbəttə ki, yox. Ona görə də bütün Avropa ailəsindən tələb edirik ki, “CRONIMET Mining AG” şirkətinin bu qanunsuz əməllərinə etiraz səsinizi ucaltsın”.


Qeyd edək ki, Türkiyənin şərq bölgəsində fəaliyyət göstərən QHT-lər Ermənistanın ekoloji terror fəaliyyətinə etiraz olaraq, yaxın günlərdə Araz çayının İqdır sahillərində aksiya keçirməyə hazırlaşırlar.

 


Aysel Məhərrəm

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV